Evləri olmadığından didərgin uşaqlar təhsildən kənarda qalıb

    • Müəllif, Seymur Kazımov
    • Vəzifə, müxbir, Tərtər

Bərdə və Tərtəri bir-birindən ayıran avtomobil yolunun hər iki tərəfi bir müddət öncəyə qədər birmərtəbəli, daxmayabənzər çiy kərpicdən tikilmiş evlərlə əhatə olunmuşdu.

Hazırda bu evlərin yerində onların xarabalığı qalıb. Buraları tərk edib hökumətin tikdiyi yeni evlərə köçən məcburi köçkünlər özlərindən sonra bu dağıntıları qoyub gediblər.

Sökülmüş çiy kərpiclərdən başqa, onlardan miras qalan həm də çöl itləridir. Bu evlərdə Ağdamdan olan məcburi köçkünlər yaşayırdı. Yeni evə köçmək hər kəsə qismət olmayıb. Hələ də bu çiy kərpiclərin arasında yaşayanlar var.

Mehman və Pərvanə Xələfovlar ailə həyatı qurduqdan sonra kredit götürüb material alaraq burada özlərinə ev tikiblər. Hazırda onların İlkin və Kamal adlı övladları var. Onlar bu evdə doğulublar.

Pərvanə deyir ki, hamını Ağdamın İmamqulubəyli qəsəbəsindəki yeni tikilmiş evlərə köçürüblər. “Amma bizi burada saxlayıblar. İnsanlar köçüb getdikdən sonra orta məktəbi də bağlayıblar.

İkinci sinifdə oxuyan oğlum İlkin iki aya yaxındır ki, məktəbə gedə bilmir. Kiçik oğlum da bu il birinci sinifə getməli idi.

Bizim yaşadığımız yerdən həmin qəsəbəyədək olan məsafə 20 kilometrdir. Hər gün iki uşağı oraya aparıb gətirmək nə fiziki, nə də maddi cəhətdən mümkündür,” Pərvanə deyir.

Pərvanə əlavə edir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən dəfələrlə gəlib baxıblar və çıxıb gediblər.

Ailənin digərləri kimi köçürülə bilməməsinin səbəbini işıq sayğacındakı problemlə bağlı olduğunu düşünür.

“Bizim evdə bu sayğac quraşdırılıb. Məcburi köçkün olduğumuza görə, işıqpulundan azad olsaq da, normaya uyğun enerjidən istifadə etmişik. Sayğac Bərdə rayonunun balansındadır. Bizim adımız da qeydiyyatda olduğumuz yerdə çıxmır. Sanki, biz burada heç yaşamamışıq,” Mehman Xələfov deyir.

Ailə üzvləri deyir ki, insanlar buradan köçürüldükdən sonra işıq dirəkləri də söküləcək. “Burada qaz ümumiyyətlə olmayıb. Suyu da ya özümüz gətirmişik, ya da pulla almışıq.”

Onları narahat edən məsələrədn biri də vəhşi heyvanların hücumudur. “Hər gecə bu tərəflərə çaqqal, tülkü, canavar gəlir. Bir neçə gündən sonra gəlib vaqonları da götürəcəklər. O zaman bu heyvanların qarşısı tamam açılacaq.”

Qeyd edək ki, Ağdamdan olan məcburi köçkünlər çiy kərpiclərdən tikilmiş daxmalardan öncə, bu vaqonlarda yaşayıblar. Onlar hazırda istifadəyə yararsızdır.

Pərvanəni ən çox narahat edən məsələ övladlarının təhsildən kənar qalmalarıdır. “Mən özüm üçün bir şey istəmirəm, uşaqlarımın gələcəyi məni narahat edir. Nə təhsil ala bilirlər, nə də sağlam böyüyürlər. Bura hamısı antisanitariyadır. Yaşıdlarından kimsə yoxdur ki, onlarla oynasınlar.”

Avtomobil yolunun Bərdə rayonuna düşən ərazisində yeni evə köçürülməyən məcburi köçkünlərdən biri də Quliyevlər ailəsidir. “1994-cü ildən buradayıq. Əvvəlcə vaqonda yaşamışıq. Qayınatam şəraitsizliyə görə xəstələndi və elə vaqonda dünyasını dəyişdi. Daha sonra boş ərazilərdən birində öz hesabımıza ev tikdik,” bu sözləri Ağdamdan olan məcburi köçkün Elza Quliyeva deyir.

Onun sözlərinə görə, “Qaçqınkom”dan gəlib şəraitimizlə tanış olandan sonra da heç nə dəyişmədi. Elə köçkünlər var ki, onların çoxdan buralarda yaşamağına inanmırlar və onları evlər təmin etmirlər. Ya da bölgü ədalətsiz aparılır. Evi olana yene ev verilir.”

Elza Quliyeva özünün Ağdam rayonundan məcburi köçkün olduğunu təsdiq edən sənədi, məcburi köçkün vəsiqəsini, o cümlədən onlara verilən “çörək pulu” vəsiqəsini sübut kimi göstərib.

“Burada iki ailə yaşayır. Bir otaqda 5, digərində isə 4 nəfər. Ağdamda məcburi köçkünlər üçün tikilmiş qəsəbədə 100-dən çox ev boşdur. Evsizliyin dərdindən övladlarımız da dərslərindən qalır. Qohumlarımız Mamed Quliyev 6, Gülnarə Xəlilova isə 4-cü sinif şagirdləridir, amma təhsillərini davam etdirə bilmirlər".

Elza xanımın qohumu Ziyəddin Quliyev astma-bronxit xəstəsi olduğunu deyir. Hazırda işsizdir. Bir müddət Rusiya Federasiyasında işlədikdən sonra ailəsinin yanına qayıdıb.

“Özüm səhhətimlə əlaqədar işsizəm, ünvanlı sosial yardım da ala bilmirik. Gördüyünüz bu kiçik, havasız, darısqal, daş döşəmənin üstündə yaşayırıq.

Əslində, mənim kimi xəstə adamlara belə yerdə yaşamaq olmaz. Xəstə qardaşımı da məcburi olaraq qohumlarımızın yanında yerləşdirmişik. Qızım Fatimənin ürəyində çat var... dərdimiz böyükdür. Tək istəyimiz budur ki, digərləri kimi bizi də evlə təmin etsinlər.”

Qeyd: Material EPNK-in Avropa Birliyinin maliyyəsi və International Alert təşkilatının dəstəyilə həyata keçirilən "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb.