Yaşlılar üçün ən yaxşı və ən namünasib ölkələr

Old Age Index

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İndeksə əsasən yaşlılar üçün dünyada ən yaxşı ölkə Norveç, ikinci yerdə is İsveçdir

Qocalmaq üçün dünyada ən yaxşı ölkə Norveçdir, 96 ölkədə qocaların həyat keyfiyyətini göstərən indeksdə deyilir.

HelpAge International təşkilatının Global AgeWatch Index-i yaşı 60-dan çox olanların sosial və iqtisadi rifahını ölçür.

BMT Beynəlxalq Yaşlılar Günü nəşr olunan indeks Avstraliya, Qərbi Avropa və Şimali Amerikanı yüksək qiymətləndirir, axırıncı yerdə isə Əfqanıstandır.

Hesabata əsasən 2050-ci ilədək dünya əhalisinin 21 faizinin yaşı 60-dan çox olacaq.

Azərbaycan, Ermənistan, Gürcüstan

Azərbaycan indeksdə yer alan ölkələr arasında olmasa da, ölkə barədə məlumat səhifəsində bəzi məlumatlar yer alıb.

HelpAge International hesablamalarına əsasən, hazıra Azərbaycanda əhalinin 8,8 faizinin yaşı 60-dan çoxdur. 2030-cü ildə bu rəqəmin 17,3 faiz, 2050-ci ildə isə 25,5 faiz olacağı təxmin edilir.

Regiondakı digər ölkələrə baxanda, bu, nisbətən aşağı rəqəmdir. Hazırda Ermənistanda əhalinin 14,7 faizinin yaşı 60-dan çoxdur, 2050-ci ilədək isə 31,5 faiz olacaq, təşkilat deyir.

Gürcüstan isə regionun ən "qoca" əhalisinə malikdir. Burada əhalinin 20,1 faizinin yaşı 60-dan çoxdur. 2050-ci ilədək təxmin edilir ki, bu rəqəm 32 faizə qalxacaq.

Azərbaycanda sosial təqaüd ( 77 dollar (ÜDM-in 10,38 faizi), Ermənistanda 25 dollar (ÜDM-in 8,39 faizi) , Gürcüstanda isə 56 dollardır (ÜDM-in 18,48 faizi).

Ümumi olaraq Gürcüstan indeksdə 28-ci yerdə, Ermənistan isə 40-cı yerdədir. Türkiyə 96 ölkə arasında 77-ci yer alır.

İndeks dörd sahəni ölçür: bunlar gəlirlər barədə əminlik, sağlamlıq, şəxsi bacarıqlar və insanın "imkan yaradan mühitdə" yaşamasıdır.

Norveçdən sonra siyahıda İsveç, İsveçrə, Kanada və Almaniya gəlir.

Bir sıra Latın Amerikası ölkəsi, xüsusilə Meksika və Peru, ən yoxsul yaşlılara vergilərlə maliyyələşdirilən "sosial təqaüd" vermək barədə öhdəliyinə görə indeksdə irəliləyişlər edib.