Human Rights Watch Azərbaycanı kəskin tənqid edib

"Hökumət ələlxüsus da ölkənin tanınmış hüquq müdafiəçiləri üzərinə hücumlarını intensivləşdirib", bəyanatda deyilir.
Şəklin alt yazısı, "Hökumət ələlxüsus da ölkənin tanınmış hüquq müdafiəçiləri üzərinə hücumlarını intensivləşdirib", bəyanatda deyilir.

Azərbaycanın hətta qitənin ən mötəbər insan haqları gözətçisi olan Avropa Şurasına sədrliyi dövründə də bu sahəyə yönəlik siyasəti pisləşib, Human Rights Watch yeni hesabatında yazır.

Təşkilatın bəyanatında qeyd olunur ki, Azərbaycanda müstəqil səslər və hökumətin tənqidçisi kimi tanınan digərlərinin üzərinə hücumlar böhran həddinə çatıb.

Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə təmçilçisi Giorgi Gogia deyir ki, bu davamlı repressiyaların cavabsız buraxılması Avropa Şurasının mötəbərliyi üçün təhlükə yaradır.

Human Rights Watch-un qənaətinə görə, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin ötən ayları ərazində insan haqları sahəsindəki pozuntularını aradan qaldırmaqdan və uzunmüddətli narahatlıqlara son qoymaqdansa, insan haqları müdafiəçiləri, jurnalistlər və sosial media fəalları üzərinə hücumları şiddətləndirib və onlara qarşı saxta ittihamlar irəli sürüb.

Bəyanatda bildirilir ki, son iki il yarımda azı 50 müstəqil və müxalifətçi siyasi fəala, jurnalistə, blogerə və insan haqları müdafiəçisinə qarşı əsassız cinayət işləri qaldırılıb.

“Bakı həmçinin QHT-lərin işini məhdudlaşdıran yeni qanunlar qəbul edib və müstəqil qrupları susdurmaq üçün başqa taktikalara əl atıb” – deyilir sənəddə.

Bu da qeyd olunur ki, hökumət ələlxüsus da ölkənin tanınmış hüquq müdafiəçiləri üzərinə hücumlarını intensivləşdirib.

“Sülh və Demokratiya İnstitunun məşhur rəhbəri Leyla Yunus, tarixçi Arif Yunus, Azərbaycan İnsan Haqları Klubunun başçısı Rəsul Cəfərov və Hüquqi Maarif Cəmiyyətinin sədri İntiqam Əliyev…hazırda məhkəmə öncəsi saxta ittihamlarla həbsxanada saxlanılırlar” – deyilir bəyanatda.

Bəyanatda həmçinin jurnalist və insan haqları müdafiəçisi İlqar Nəsibovun Naxçıvan Resurs Mərkəzindəki ofisində qəddar basqına məruz qalması barədə də məlumat verilir.

Bildirilir ki, Nəsibovun qəddarcasına döyülməsinə, ofisinin basqınçılar tərəfindən dağıdılmasına baxmayaraq, sentyabrın 20-də onun özünə xuliqanlıq ittihamı irəli sürülüb.

Human Rights Watch Avropa Şurasının rəhbərliyini, onun baş katibini, AŞPA sədrini və üzv ölkələri Azərbaycan hakimiyyətinə qarşı tələblər irəli sürməyə çağırır.

Təşkilat bəyan edir ki, Azərbaycan hakimiyyəti əsassız olaraq həbs edilənlərin hamısını azadlığa buraxmalı, onlara qarşı bütün siyasi motivli ittihamlara xitam verməlidir.