Leyla Yunusun hüquqlarının müdafiəsi komitəsi yaradılıb

Vətənə xəyanətdə ittiham olunaraq barəsində həbs-qətimkan tədbiri seçilmiş hüquq müdafəçisi Leyla Yunusun Hüquqlarının Müdafiəsi Komitəsi yaradılıb.
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil olunan xüsusi dinləmələrdə jurnalist Şahvələd Çobanoğlu deyib ki, yaxın günlərdə komitənin ilk iclası keçiriləcək.
Dinləmələrdə çıxış edən vəkil Xalid Bağırov Kürdəxanı təcridxanasında saxlanılan hüquq müdafiəçisi ilə görüşəcəyini və Leyla Yunusun ona qarşı irəli sürülən ittihamları "qondarma və gülünc" adlandırdığını bildirib.
"Necə olur ki, eyni gündə iki şəxs eyni maddə ilə ittiham olunur. Ancaq Arif Yunus çöldə qalır, Leyla Yunus həbs olunur. Leyla xanımı istintaq idarəsinə aparanda mənə dedilər ki, orderlə gəlməlisən. O zaman aydın oldu ki, onu şahid kimi yox, şübhəli şəxs kimi dindirirəcəklər".
Siyasi məhbus siyahısı
Tədbirdə çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli Leyla Yunusun həbs olunan gün narkotik maddəsi ilə ittiham olunan fəalların siyahısını açıqlayamağı planlaşdırdığını bildirib.
"Onun siyasi məhbus siyahısı ən doğru siyahıdır, bu siyahıda 13 nəfər ictimai fəal narkotikla bağlı maddələrlə ittiham olunur. Bunların içərisində əksəriyyəti bloggerlər olsa da, dindarlar da var".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, Azərbaycan cəmiyyətində son həbslərin qorxu yaratmasına, özünə senzura yaratmasına imkan verilməməlidir.
Onun sözlərinə görə, indi əsas məsələ vahid siyasi məhbus siyahısının tamamlanmasıdır.
Jurnalist Xədicə İsmayıl yaxın günlərdə hüquq müdafiəçisi Rəsul Cəfərov və Leyla Yunusun birgə hazırladığı vahid siyasi məhbus siyahısının təqdim ediləcəyini bildirib.
"12 hüquq-müdafiə təşkilatı birləşib və bir siyahı hazırayıb. Son günlər həbs olunanlar da daxil olduqdan sonra siyahını təqdim etmək texniki məsələdir. Siyahıların uzlaşdırılması və vahid hala gətirilməsi işləri yekunlaşıb".
Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, Leyla Yunusun həbsi hakimiyyətin "Avrointeqrasiyaya yox Avrasiyaya istiqamətləndiyini" göstərdi.
Reaksiyalar
Amerika Dövlət Departamentinin sözçüsü Marie Hart ABŞ-ın hüquq müdafiəçisinin həbsindən "dərin narahatlıq keçirdiyini" deyib.
Departamentin saytında yerləşdiriləm məlumatda Marie Harf deyib ki, Leyla Yunusa qarşı ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin dinc fəaliyyətinin daha məhdudlaşdırılmasını göstərir.
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə (Helsinki) Komissiyasının sədri, senator Ben Cardin və komissiyanın həmsədri, Nümayəndələr Palatasının üzvü Chris Smith hüquq müdafiəçisinin həbsi ilə bağlı birgə yaydıqları bəyanatda "dövlətə xəyanət" ittihamının irəli sürülməsini "absurd" adlandırıb.
"Onların hər ikisi Ermənistan və Azərbaycan cəmiyyətləri arasında xalq diplomatiyası yolu ilə əlaqələr qurulmasında uzun müddət fəal olublar. Biz Azərbaycan hökumətini çağırırıq ki, onlara qarşı ittihamları ləğv etsin, özünün ifadə və toplaşmaq azadlıqlarını dinc şəkildə həyata keçirən müxalifətə, mülki cəmiyyətə və jurnalistlərə qarşı koordinasiya edilmiş kampaniyanı dayandırsın", bəyanatda deyilir.
İyulun 30-da hüquq müdafiəçisi Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində 5 saatdan çox dindirildikdən sonra ona qarşı dövlətə xəyanət, dələduzluq və vergidən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülüb. Həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onun həyat yoldaşı, tanınmış konliktoloq Arif Yunus eyni gündə prokurorluqda dindirildikdən sonra ona qarşı dövlətə xəyanət və dələduzluq maddələri ilə ittiham irəli sürülsə də, səhhəti ilə əlaqədar polis nəzarətinə alınması haqda qərar verilib.
İyulun 31-də Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin birgə yaydığı bəyanatda Leyla Yunusa qarşı sənədlərin saxtalaşdırılması və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə daha iki ittihamın irəli sürüldüyü məlum olub.
Leyla Yunus ittiham olunmasını və həbs olunmasını fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hüquq müdafiəçisi və həyat yoldaşının adı bu il aprelin 19-da Türkiyədən Azərbaycana gələrkən saxlanılan və barəsində "casusluq" maddəsi ilə ittiham irəli sürülən "Ayna-Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovla bağlı eyni cinayət işində keçir.




