Azərbaycan-Gürcüstan sərhədinə heroin "Əfqanıstandan gətirilib"

Şəklin mənbəyi, police.ge
Gürcüstan Daxili İşlər Naziri Aleksandr Çikadze jurnalistlərə bildirib ki, Azərbaycan-Gürcüstan sərhədində müsadirə olunan üç tona yaxın maye heroin Əfqanıstandan çıxarılıb.
Əlavə məlumat verilməsə də, Gürcüstan DİN məsələ ilə bağlı araşdırmanın davam etdiyini bildirir.
Ötən həftə Azərbaycandan Gürcüstana üç tona yaxın maye heroninin gətirilməsilə bağlı rəsmilərdən şərh almaq mümkün olmasa da, Dövlət Gömrük Komitəsinin adını söyləməkdən imtina edən əməkdaşı BBC Azərbaycancaya araşdırmanın aparıldığını bildirib.
"Araşdırma gedir, doğru olub olmaması yox, sadəcə araşdırma aparırıq", o deyib.
"Araşdırma prosesi tez bir zamanda keçmir. Müxtəlif vasitələrlə araşdırma gedir, texniki vasitələr və sair. Yəqin ki, mətbuat xidməti ilə şərh veriləcək", - o bildirib.
Daxili İşlər Nazirliyindən və Baş Narkotiklərlə Mübarizə İdarəsindən BBC Azərbaycancaya məsələ ilə bağlı heç bir şərh verilməyib. Milli Təhlükəsizlik Nazirliyindən şərh almaq cəhdlərimiz baş tutmayıb.
Gürcüstan tərəfindən məsələni ölkənin Baş naziri də şərh edib. İrakli Qaribaşvili bazar ertəsi deyib ki, hadisə Gürcüstan hakimiyyətinin narkotiklə mübarizə ilə bağlı "siyasi iradəsini" göstərir.
Daha əvvəl Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda məsələ ilə bağlı iki Gürcüstan vətəndaşının həbs olunduğunu bildirib.

Şəklin mənbəyi, police.ge

Şəklin mənbəyi, police.ge

Şəklin mənbəyi, police.ge
"Yük maşınında aparılan axtarış nəticəsində hüquq mühafizə orqanları 2 ton və 790 kiloqram maye heroin müsadirə edib", - bəyanatda deyilir.
"Araşdırma nəticəsində məlum olub ki, yük maşını Gürcüstana Azərbaycan sərhədindən daxil olub və Gürcüstan-Türkiyə sərhədinə doğru gedirdi. İlkin nəticələrə görə narkotik maddənin tərkibi 80% təmiz heroindən ibarətdir".

Şəklin mənbəyi, police.ge
Gürcüstan Əfqanıstandan Avropaya aparılan narkotiklər üçün "əsas tranzit ölkələrindən biri" kimi tanınır. ABŞ Dövlət Departamentinin hesabatlarında deyilir ki, Gürcüstan vasitəsilə daşınan narkotiklər beynəlxalq karqo tranziti ilə bağlı qanunlarla qorunan yük maşınlarında aparılır deyə, polis onları yoxlamaqda çətinlik çəkir.




