Rəsmi Bakı Freedom House hesabatı ilə razılaşmır

Şəklin mənbəyi, Fredom House
Azərbaycan hakimiyyəti "Freedom House" təşkilatının ölkədə insan hüquqlarının və azadlıqlarını tənqid olunduğu hesabatı "qəzərli" və "obyektivlikdən uzaq" olduğunu düşünür.
"Builki hesabat da hər il olduğu kimi qərəzlidir, obyektivlikdən uzaqdır və mən təəssüf edirəm ki, dünyanı qiymətləndirən bir mərkəz kimi özünü tanıtmağa çalışan "Freedom House" əslində bu cür hesabatlarla hesabat hazırladığı ölkələrdə özünü nüfuzdan salır", YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə BBC Azərbaycancaya deyib.
Cümə axşamı Freedom House təşkilatı Avrasiya ölkələrinin Rusiya siyasətinin təsirinə görə "demokratik geriləmələr" etdiyini iddia edən hesabat buraxıb.
Hesabata görə Azərbaycanda vətəndaş cəmiyyəti üçün vəziyyət pisləşib, demokratiya üzrə digər sahələrdə isə irəliləyişlər əldə edilməyib. Beləliklə Azərbaycan demokratiya üzrə 6.68 bal toplayıb (1 "ən yaxşı", 7 "ən pis" deməkdir).
"Azərbaycan müxalifətə qeyri-tolerantlıq və ... azadlıqlara saymazlıqla xarakterizə olunan avtoritar rejim tərəfindən idarə olunur", hesabatın Azərbaycana aid hissəsində deyilir.
"Radikal siyasi mərkəzlər"
Cənab Mirzəzadənin sözlərinə görə, hesabatın Azərbaycanla bağlı hissəsini hazırlamaq üçün Bakıda uzunmüddətli ekspert qrupu işləməlidir, amma həmin ekspert qrupu yoxdur.

Şəklin mənbəyi, aydin mirzazadeh
"Azərbaycanla bağlı hissəyə diqqətlə baxdıqda görünür ki, onun ölkədə fəaliyyət göstərən müəyyən radikal siyasi mərkəzlər hesabatları ilə üst üstə düşür. Aydın məsələdir ki, "Freedom House" Azərbaycanla bağlı heç bir araşdırma aparmayıb, sadəcə olaraq sitat etdiyi dairələrin mövqeyini öz mövqeyi kimi verir".
Freedom House hesabatında izah olunur ki, reytinqlər Freedom House, akademik məsləhətçiləri və hesabatın müəllifləri tərəfindən razılaşdırılıb.
Deputatın fikrincə, "Freedom House" hesabat hazırlayanda Azərbaycanı obyektiv qiymətləndirmək istəyirsə, o zaman ayrı-ayrı mərkəzyönümlü siyasi dairələrin mövqeyini göstərər bilər.
"Azərbaycanda insan hüquqlarını genişləndirmək üçün fəaliyyət aparılır, azad mətbuat var, hakimiyyəti tənqid etmək də olur, razılaşmamaq da olur, jurnalistlərin hüququ qorunur, onlardan vergi alınmır, mətbuat orqanlarının nəşriyyata olan borcları silinir, jurnalistlərə,o cümlədən dövləti tənqid edən jurnalistlərə dövlət tərəfindən mənzil tikilir. Azərbaycan açıq cəmiyyətdir, avrointeqrasiyaya üstünlük verir, amma btün bunların hamısını "Freedom House"görmür.".




