Britaniya parlamentində Minsk Qrupunu "dümsükləmək" istəyiblər

Çərşənbə axşamı Britaniya Parlamentində Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi barədə debat keçirilib.
Təxminən yarım saat davam edən "fasilə debatını" Leyboristlər partiyasından olan millət vəkili Stephen Pound başlayıb. Cənab Pound həmçinin Britaniya-Ermənistan Parlamentlərarası Qrupunun sədr müavinlərindən biri, Azərbaycanın <link type="page"><caption> qara siyahısı</caption><url href="http://mfa.gov.az/files/file/Arzuolunmaz%20Shexslerin%20Siyahisi-2013.pdf" platform="highweb"/></link>na düşən şəxslərdən biridir.
Münaqişənin uzun tarixi və mühiti barədə danışan millət vəkilinin sözlərinə görə, məsələni parlamentdə qaldırmasının məqsədi, Minsk Qrupunun həmsədrlərini irəliləyiş etmək üçün "azacıq dümsükləməkdir".
"Britaniya höküməti hərəkət tələb edə bilməz. Amma bu gün burada öz narahatlığımızı göstərə bilərik", o deyib.
"Bu gün deyə bilərik ki, dəhşətli, qanlı və qorxulu bir müharibə idi, amma 20 il bundan əvvəl bitib. Gəlin bitməni bitirək ki, nəhayət bu dəhşətli münaqişəyə son qoyulsun, iki millət günə çıxa bilsin, sülhdə yaşasın. Ancaq bundan sonra biz insan haqları məsələlərindən danışa bilərik. Heç olmasa atəş səsini eşitmədən danışaq".
"Münaqişəyə sahib olsunlar"
Cənab Pound müzakirəni Xarici İşlər Nazirliyində parlament dövlət katibinin müavini Mark Simmonds-a ünvanlayıb.

Cavabında cənab Simmonds deyib ki, münaqişə Ermənistan və Azərbaycan arasındadır "və onlar buna sahib olub onu həll etməlidirlər".
"Təbii ki, həmsədrlər irəliləyiş üçün çalışırlar və vaxtı gələndə biz, beynəlxalq cəmiyyətlə birlikdə, əlavə dəstək verməyə hazırıq".
Hökümət rəsmisinin sözlərinə görə, Birləşmiş Krallıq narahatdır ki, Ermənistan və Azərbaycan tərəfləri "xalqlarına məqbul olacaq sülh sazişi" yaratmırlar.
Azərbaycanlılarla ermənilərin bir-birindən izolyasiyada yaşaması "ənənəyə ziddir", o qeyd edib.
Mark Simmonds bir daha təsdiq edib ki, XİN başçısı William Hague Bakıda səfərdə ikən həm insan haqları məsələsini, həm də Dağlıq Qarabağ məsələsini qaldırıb. O həmçinin deyib ki, may ayında Ermənistanda olanda eyni məsələləri ölkənin XİN başçısı Nalbandyanla da müzakirə edib.
"Biz bu əhəmiyyətli məsələləri tez-tez, hər iki tərəfin nümayəndələrilə bütün səviyyələrdə qaldırırıq".

"Rezonanslı" keçmiş
Debat zamanı bir sıra məsələyə, o cümlədən 1915-ci ildə ermənilərin osmanlı imperiyanın ordusu tərəfindən öldürülməsinə toxunulub. Gələn il bu hadisənin 100 illiyi qeyd olunacaq.
"Öz dəstəyimizi göstərib ... bu dəhşətli soyqırımın ildönümü ərəfəsində Minsk (prosesini) irəliləməyə çalışsaq yaxşı olmazmı?", Stephen Pound sual edib.
Bundan savayı cənab Pound "Ramil Səfərov məsələsini" də xatırlayıb. 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə keçirilən NATO sülh tədbirində Ramil Səfərov erməni iştirakçını baltalayaraq onu qətlə yetirmişdi.
"Danışdığımız məsələlərin çoxu keçmişdədir, bu keçmiş hələ də rezonans yaradır", o deyib.

























