Gürcüstan-Azərbaycan münasibətləri: yeni prezident və Rusiya amili

Şəklin mənbəyi, AFP
- Müəllif, Xanım Cavadova
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Gürcüstan yeni hökümətin formalaşmasından sonra prezident Giorgi Margvelaşvili Azərbaycana ilk dəfədir ki, rəsmi səfərə gəlir.
Buna baxmayaraq ki, təhlilçilər cənab Margvelaşvilinin Bakı ziyarətini “nəzakət səfəri” adlandırır.
Çünki onların fikrincə, Gürcüstandakı siyasi durum buna səbəb verir.
"Daha prezident dövlətin birinci üzü deyil. Səfər çox simvolikdir, prezident Türkiyədən sonra Azərbaycana gedir", Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Mamuka Areşidze BBC Azərbaycancaya bildirib.
Bununla bərabər, ekspertin sözlərinə görə, ölkələr enerji, nəqliyyat-kommunikasiya və kənd təsərrüfatı sahələrindəki qarşılıqlı əməkdaşlığın davam etməsində maraqlıdır.
Gözlənti “yoxdur”
“Margvelaşvili yaxşı diplomat olsa da, düşünürəm ki, səfərdən çox şey gözləmək lazım deyil. Onun xarici səfərləri sadəcə xoşluqla yada salınır. Ən azından ölkələr arasında hər zaman mövcud qarşılıqlı əlaqə və dostluq platforması olduğu kimi saxlanacaq”, Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili BBC Azərbaycancaya deyib.
Lakin cənab Qoqolaşvili yeni prezidentin ötənlərdə olduğu kimi Azərbaycana "qaçmadığını" vurğulayır.
"Dostluq zəifləməyib, lakin qarşılıqlı məsləhətləşmələr əvvəlki səviyyədə, şəxsi dostluq kimi deyil".
Ekspertə görə, Gürcüstanda Margvelaşvilinin Bakı səfəri xüsusi hazırlıqla müşahidə edilməyib və ajiotaj doğurmayıb.
Bu fikirləri rədd etməyən azərbaycanlı siyasi təhlilçi Rəşad Şirin əlavə edir ki, gürcülər Azərbaycanı itirmək istəmir.
“Siyasi sistemlər fərqli olsa da, gürcülər yaxşı başa düşür ki, Azərbaycanın dəstəyi lazımdır”.
Çünki, Azərbaycan qonşunun liberal-demokratiya, Avropa dəyərləri və Amerikaya yaxınlıq kimi istəklərinə baxmayaraq, gizli də olsa, hər zaman dəstəyini göstərib.
Təhlilçi 2008-ci ildə 5 günlük Rusiya-Gürcüstan müharibəsi zamanı Bakıdan gedən yardımları misal gətirir.
Münasibətləri geniş mənada təhlil edənlər də deyir ki, Azərbaycan və Gürcüstan demək olar ki, bütün sahələrdə- iqtisadi, siyasi, nəqliyyat, humanitar, mədəni və digərdə tərəfdaşdır və birgə iri regional layihələr həyata keçirir.
“Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ərzurum kimi layihələr həyata keçiririk”, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Qənirə Paşayeva deyir.
Xanım Paşayeva qeyd edir ki, ölkələr bir-birini beynəlxalq təşkilatlar səviyyəsində də dəstəkləyir. Bu səbəbdən, o yeni iqtidarın da əvvəlki siyasi kursu davam etdirəcəyini iddia edir.
Heç təhlilçilər də bu münasibətlərin nə vaxtsa sərtləşəcəyini ehtimal etmir. Səbəb isə, enerji maraqlarıdır.
Enerji maraqları
“Enerji elə bir məsələdir ki, kimin gəlməyindən asılı olmayaraq, əvvəlki hakimiyyətin münasibətlərini qorumağa çalışacaq”, iqtisadçı Rövşən Ağayev qeyd edir.
Lakin iqtisadçı qonşuların bir-birinin potensialından “zəif” istifadə etdiyini iddia edir.
“2012-ci ildə Azərbaycandan ora 570 mln ton ixrac olub, bunun da 490 mln tonunu neft-qaz məhsulları təşkil edir. Gürcüstandan 130 mln ton idxal edilib”.
Rəqəmləri izah edən iqtisadçı deyir ki, neft-qaz tərəfini çıxsaq, qarşılıqlı ticarətin payı 5-10 faizdir.
Halbuki əgər Azərbaycan qonşusuna tranzit ölkəsi kimi baxmasa, oranı bitkiçilik məhsulları ilə təmin edə bilər və Gürcüstan taxılı uzaq Qazaxıstandan almaz. Əvəzində isə, ucuz bazar sayılan Gürcüstan bəzi məhsulların alınması üçün yararlı ola bilər.
Azərbaycanla Gürcüstan münasibətləri yerli mediada daha çox Dövlət Neft Şirkətinin (ARDNŞ) qonşu ölkədəki sərmayəçilər və ən çox vergi ödəyənlər lideri olması ilə xatırlanır.
BBC Azərbaycancaya danışan gürcü ekspertlər də Azərbaycanı “Gürcüstanı neft-qazla təmin edən yeganə tərəfdaş” adlandırsa da, ehtiyatlı davranmağı məsləhət görüb.
Rusiya amili
“Tərəfdaşlıq yaxşıdır, lakin bunu enerji asılılığına çevirmək lazım deyil”, cənab Qoqolaşvili bildirir.
Ekspertin fikrincə, hələ də sabiq Sovet respublikaları üzərində təsir gücünə malik Rusiya bu amildən rahatcasına istifadə edə bilər.
“Azərbaycan da bu təsirin altına düşə, enerji kapitalını siyasi kapitala çevirmək istəyində ola bilər. Əlbəttə bu mümkündür, Gürcüstan Azərbaycanla yaxşı, yaxud qeyri-yaxşı münasibətlərdən asılı olmayaraq diqqətli davranmalıdır”.
Hərçənd, xəbərdarlıq edən təhlilçi, prinsip olaraq münasibətlərdə problem yaranacağına inanmır.
O, heç bir ölkənin bundan sığortalanmadığını vurğulayır.
Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılsa da, inkişafı 1993-cü ildən həmkar sayıla bilən Eduard Şevardnadze və Heydər Əliyevin hakimiyyət dövrünə təsadüf edib.
Bu illər ərzində münasibətlərin yüksələn xətlə inkişafı nəzərdə olub.
Cənab Şevardnadzenin "narıncı inqilab"la istefasından sonra hakimiyyətə xarici təhsilli Mixail Saakaşvili gəlib.
Ötən ilin oktyabrın 27-də prezident seçilmiş Giorgi Margvelaşvili “Gürcü Arzusu” müxalifət koalisiyasının namizədi kimi iki dəfə dalbadal prezident olan cənab Saakaşvilinin sələfidir.
Noyabrda keçirilən inaqurasiya mərasimində Azərbaycanı baş nazir Artur Rəsi-zadə təmsil edib.
Cənab Margvelaşvili 12 fevralda başlayacaq iki günlük səfəri çərçivəsində Qəbələ və Qax rayonlarında yaşayan gürcü icması ilə görüşlər keçirməyi planlayır.
Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsi-zadə və spiker Oqtay Əsədovla görüşlər keçirəcək qonağın konkret hansı məsələləri müzakirə edəcəyi hələlik məlum deyil.
BBC Rusca-nın Gürcüstan müxbiri Nina Axmeteli bu yazının hazırlanmasında iştirak edib.




