Ramiz Mehdiyevin səhifəsində: "Ura! İndi heç kim cürət edib Facebook-u bağlaya bilməyəcək”

Şəklin mənbəyi, Facebook
Facebook sosial şəbəkəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsus rəsmi səhifənin açılması sosial mediada maraqla qarşılanıb.
Prezident Administrasiyasının siyasi məsələlər və informasiya departamentinin rəhbəri Elnur Aslanov BBC Azərbaycancaya səhifənin həqiqətən də Ramiz Mehdiyevə məxsus olduğunu təsdiqləyib.
Cənab Mehdiyevin adından paylaşılan ilk statusda sosial şəbəkələrin ünsiyyətdə rolundan danışılır və o, Facebook-a qoşulmaqdan “məmnun” olduğunu yazır.
“Gənclərimiz və əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi paylaşacağam”, statisda deyilir.
Bir gün içərisində 5 mindən çox izləyici toplayan rəsmi səhifəyə 500-dən çox şərh yazılıb.
Şərh yazanlar içərisində ölkədə gənclərin işsizlikdən əziyyət çəkməsi, məhkəmələrdə süründürməçilik, həbsdəki gənc fəallar, təqaüdlərin azlığı və hava nəqliyyatı ilə bağlı problemlərdən yazanlar olsa da, PA rəsmisini Facebook-a qoşulmasına görə təbrik edənlər də az olmayıb.
"Daydayım olsun"
Siyab Pashayev adlı istifadəçi yazıb ki, "Hal hazırda, Azərbaycanda əhalinin pensiya təminatında ikitirəlik var. Kimisi 1500 manatdan 7000 manata qədər pensiya alir,kimisi də 150-300 manat. Niyə görə deputatlar,hakimlər,dövlət qulluqçuları maaşın 85 faizi ilə pensiyaya çıxırlar,yerdə qalanlar isə qəpik-quruşla? Həmən 85 faiz niyə hamıya şamil olunmur?"
Tural Mamedov adlı istifadəçi “ Azərbaycanda gənclərin işlə baqli cox ciddi problemləri var. Ən azı, mən və mənim əhatəmdə kifayət qədər bu cür gənclər var. Hökümət bu məsələylə daha ciddi məşğul olsaydi, cox yaxşı olardı” deyə yazıb.
Cənab Mehdiyev çərşənbə günü rəsmi səhifəsinə şərh yazanlarla bağlı status da paylaşıb.
"Şərhlərdən görünür ki, facebook səhifəmin açılması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb", Ramiz Mehdiyevin ikinci statusunda belə yazılıb.
Diqqəti cəlb edən məqamlardan biri status paylaşılan zaman onun qısa müddət ərzində iki yüzdən artıq “like” yığması olub.
Bununla belə, rəsmi səhifənin açılmasına fərqli yanaşanlar da olub.
Adgezal Mamedov adlı istifadəçi yazıb ki, “ Azərbaycanda facebook sosial şəbəkəsinin bağlanmasını təklif edən bir çox səviyyəsiz məmurlara məhz Siz cavab verdiz!”
Mirzahid Hаkiev adlı istifadəçi “Təbrik edirəm, polemika aparmaq ucun bir fursətdir, rəsmilər tərif yox tənqidə ve təkliflərə hazır olsunlar” deyə bildirib.
Nicat Melikov adlı istifadəçi yazıb ki, “Hamı onun paylaşdıqlarını like etsin. Əgər o sizi like etsə demək həyat alınıb”.
Faxri Mirzoyev adlı istifadəçi “Olarmı onu dostluğa yox, “daydaylığa” əlavə edim “deyə sual edib.
Kama Nuiryeva yazıb ki, “indi o bizlərdən biridir”.
Ramiz Mehdiyevə Odnaklassniki təklif olunur
Şəkər Yusifli “Bu səhifədir. Mən də elə bildim onu dostluğa əlavə etmək olar. Bir-iki söz demək istəyirdim, içimdə qaldı” deyə yazıb.
Lala Kuliyeva yazıb ki, “Ən yaxşısı nə onun qəbuluna, nə də səhifəsinə girməməkdir”.
İlqar Hüseyn “Ura! İndi heç kim cürət edib Facebook-u bağlaya bilməyəcək” deyə yazıb.
Jale Babayeva adlı istifadəçi yazıb ki, “maraqlıdır, bəs biz də onunla korrupsiyaya batmış bir çox məmurlar haqda fikir və müşahidələrimizi və şəhərdə baş verən qanunsuzluq haqda bölüşə biləciyikmi?”
Bəzi sosial media istifadəçiləri rəsmi səhifənin açılmasına ironiya ilə yanaşıblar.
Vidadi Mamedov adlı istifadəçi yazıb ki, “Əslində Ramiz Mehdiyev facebook-a qoşulmaqda ciddi siyasi səhvə yol verib. Facebook Qərbin layihəsidir. Ona gore də Putin Mehdiyevin bu addımını Qərbə jest kimi dəyərləndirə bilər və nəticədə Kremllə Bakı arasında munasibətlərə ciddi zərbə dəyə bilər. Ramiz muəllim bu təhlukəni önləmək üçün Rusiyanın layihələri olan "Moy mir", "B kontakte" və "Odnoklassniki"də də qeydiyyatdan keçməlidir”.
Twitter istifadəçisi Nihad Huseyn @NihadHuseynov yazıb ki, “İlham Əliyevin 245 milyona təyyarə almasına əsəbləşən Ramiz Mehdiyev Facebook-a qoşuldu. Tənqidi statuslar yazacağına dair söhbətlər gəzir”.




