Homoseksuallığı yenidən düşünərkən
- Müəllif, Rəşad Şirin
- Vəzifə, Siyasi təhlilçi, Bakı
Bu yaxınlarda 20 yaşında bir gənc intihar etdi. İsa Şahmarlı idi onun adı. O, bir homoseksual idi.
Bu söz eyni cinsdən olan insanların münasibətini ifadə edir, amma bizim mədəniyyətdə (və bir çox digər mədəniyyətlərdə) bunun müzakirəsi üzərində güclü tabular var.
Şəxsən məni dərindən narahat etdi bu hadisə. Artan intiharlar fonunda bu gənc insanın həyata vida etməsi tüklər ürpərtdi. Həm də ona görə ki, cəmiyyət ona yardım etmədi.
Bəlkə də bir çox ona bənzər insanlar kimi ona da heç vaxt psixoloq yardımı göstərilməmişdi. Mən İsanın intervyularına baxdım, çox gülərüz, mehriban bir gənc idi. Deyirdi ki “Anama homoseksual olduğumu deyəndə, o dedi ki mənim belə oğlum yoxdur. O an mən udqundum. O vaxtdan hər udqunanda boğuluram”.
İsa kimi neçə nəfər bəlkə də intihar edib, zorlanıb, öldürülüb…Sosial medianın inkişafı bizə Isanın ölüm səhnəsini, onun videolarını gətirdiyi üçün, biz bugün onun haqqında danışa bilirik.
Yadıma düşdü ki, 2005-ci ildə Amerika Yəhudi Komitəsinin dəvəti ilə Los-Ancelesdə olanda bizi qey və lezbiyanların sığınacağına apardılar.
Orada bizə dedilər ki, valideynlər adətən öz uşaqlarından imtina edir, amma bir halda qayıdıb onları götürürlər: uşaqlar QİÇS olanda. Yəni valideynlər artıq biləndə ki uşaqları öləcək gəlib onlara sahib çıxırlar. Görəsən İsanın anası onun həmin gün öləcəyini bilsəydi nə edərdi…? Çox ağır suallar verirəm, bilirəm.
Deyirlər ki qadınlar kişi cinsindən olan homoseksuallarla daha yaxşı dil tapır. Mənə elə gəlir ki bunun səbəblərindən biri də odur ki, hər ikisi cəmiyyətdə təzyiq altında olduğunu, bəzən qəbul edilmədiyini duyur, hiss edir.
Mənim üçün həm də o maraqlı idi ki, Amerikadakı Yəhudi icmaları qey və lezbiyan təşkilatlarını dəstəkləyirdilər. Soruşdum, dedilər ki, onlar da bizim kimi tarix boyu basqı altında olublar, ona görə borc bilirik onlara kömək etməyi.
Qadın məsələlərindən daha həssas və ağırdı homoseksuallıq məsələləri. Insanlar bu haqda ciddi danışmaq belə istəmir. İnsan təbiətinə ziddir, deyirlər. Din bunu qadağan edib deməli günahdı deyirlər.
Bir dəfə Türkiyə prezidentinin müşaviri ilə görüşürdüm Ankarada. Dedi ki, biz də əvvəllər həm toplum, həm də dövlət olaraq buna pis baxırdıq, amma sonradan anladıq ki, əslində insanlar digərlərinin azadlığına toxunmursa, istədikləri kimi yaşaya bilməlidi.
Ümumiyyətlə homoseksuallığın səbəblərinə gəldikdə iki əsas yanaşma var. Bioloji və sosial. Bioloji odur ki, insan homoseksual doğulur. Sosial odur ki, kənar mühitdən təsirlərlənərək formalaşır bu insanda (ailə, dostlar, çevrə və s.) İnsanlar bu iki yanaşmadan birini seçir və ya ümumiyyətlə deyirlər ki homoseksuallar xəstədi.
Dostum Erkin Qədirli homoseksuallığın seçim olduğunu deyir. Burdakı “seçim” ifadəsi ilə tam razı deyiləm. Homoseksual olduğundan utanan insanlar var. Allaha inanan və homoseksual olan insanlar var. Onlar deyirlər ki, “biz utanırıq, amma biz beləyik, heç nə edə bilmirik”. Aydındır ki, onlara seçim verilsəydi onlar bəlkə də fərqli seçim edərdilər.
Məşhur Azərbaycanlı psixiatr Ağabəy Sultanov deyirdi: “Mən uşaqlarını müalicə üçün yanıma göndərən valideynlərə deyirəm ki, homoseksuallıq solaxaylıq kimi bir şeydi. Bunu belə də qəbul edin”. Sultanov deyirdi ki, insanlar öz cinselliyindən istədiyi kimi istifadə etməkdə azaddırlar, yetər ki bu münasibət zorakı olmasın, azyaşlılarla olmasın, münasibətdə olduqları insanlar əqli və fiziki cəhətdən xəstə olmasın və son olaraq insanlar öz səlahiyyətlərindən sui-istifadə etməsinlər bunun üçün.
Maraqlısı odur ki, bu məsələ cəmiyyətin müsəlman və ya xristian olmağından daha çox mühafizəkar və ya daha açıq olmağından asılıdır. Xaricilər deyirdilər ki Gürcü homoseksualları düşünür ki Bakı onlar üçün cənnətdi və Tiflisdə qarşılaşdıqları nifrət və pis rəftarı Bakıda görmədilər. Bəlkə də həqiqətən bu tolerantlıqla bağlıdır, bəlkə digər səbəblər var.
Ümumiyyətlə bu da məlumdur ki, homoseksuallıq bu və ya digər formada cəmiyyətdə mövcud olub tarixən. Daha çox uşaqbazlıq formasında, çünki böyük insanlar (kişilər) arasındakı seks münasibətlərinə qarşı tabu daha böyük idi.
Məsəl üçün, folklorda məşhur Hacı Dayı personajı çox vaxt uşaqbaz kimi təsvir edilir. Qadın cinsəlliyinə daha böyük tabu olduğu üçün lezbiyan hekayələr demək olar ki mövcud deyil.
Tolerantlığa gəldikdə bu da çox maraqlıdır ki, cəmiyyət homoseksual sənətçiləri sevir. Onları toya çağırır. Yəni çox maraqlı bir ayrıseçkilik var burda.
Sonda bir vacib məqamı da qeyd edim. Bəzi insanlar (və bunların arasında siyasi müxaliflər də çoxdur) deyir ki, ölkədə bu qədər problem varkən indi homoseksualların məsələsiləmi məşğul olaq? Eyni arqumenti ümumiyyətlə digər azlıqlara da tətbiq edirlər: etnik azlıqlar, əlilliyi olan insanlar və s. Daha böyük məsələlər varmış.
Amma bu insanlar anlamırlar ki, iqtidar da eyni şeyləri müxalifət haqqında deyir. Deyir ki, işimiz gücümüz var, ölkənin gələcəyi var, inkişaf var, 2020 var – siz də gəlmisiz ki insan haqları, demokratiya və s. gülməli məsələlər.
Yəni söyləmək istədiyim odur ki, özünü iqtidar digərlərini isə azlıq, müxalif roluna qoymaq əslində bir insani təmayüldür, tendensiyadır və bəziləri bunu hiss etmədən edir. Ona görə çox vacibdir ki, hərdən rolunu dəyişəsən həyatda və empatiya ilə, anlayış ilə baxasan, nəinki qınaqla və ya yuxarıdan aşağı.




