Milli Şuranın mitinqinə çağırış vərəqələri paylayan gənclər saxlanıldı

Etiraz nümayişi
Şəklin alt yazısı, Milli Şura seçkilərdən öncə bir neçə nümayiş keçirib.

Milli Şura oktyabrın 12-də prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq mitinq keçirməyi planlaşdırdığı bir vaxtda, Bakıda fəal gənclər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) mitinqin keçirilməsinə bir gün qalmış açıqlama yayıb və “razılaşdırımış şüarlardan başqa şüarların səsləndirilməməsi ilə bağlı təşkilatçılara xəbərdarlıq olunduğunu” bildirib.

“Mitinqdə razılaşdırılmış şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək”, APA idarənin rəis müavini Səhlab Bağırovdan sitat gətirir.

Milli Şura mitinq təşkilatçılarına xəbərdarlıq olunduğunu təsdiqləyib.

Cənab Bağırov “ mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcəyini “ deyib.

“Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Saxlanılanlar

Eyni gündə Müsavat Partiyasının üç üzvü- Anar Qurbanov, Cavanşir Abbasov və Hüseyn Əzizoğlu Yasamal rayon 29-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı BBC Azərbaycancaya deyib ki, gənclər mitinqə çağırış vərəqələrini paylayan zaman polis tərəfindən saxlanılıb və iki saatdan sonra buraxılıb.

“Gənclərin əlində Bakı meriyasının mitinqə icazə sənədinin sürəti olub. Onlar polis əməkdaşlarına razılaşdırılmış mitinq üçün çağırış vərəqəsi payladıqlarını izah etməyə çalışıb. Amma yenə də polis bölməsinə aparılıblar”.

Gənc fəal deyib ki, “gənclərin əlində olan 3 min çağırş vərəqəsinin yarısı yandırılıb , digər yarısı polis rəisi tərəfindən müsadirə olunub”.

“Gəncləri buraxsalar da, vərəqləri geri verməyiblər”, Tural Abbaslı deyib.

Cənab Abbaslı “gənclərin saxlanılmasını mitinqin kütləviliyi qarşısını almaq məqsədilə edildiyini” bildirib.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.

Xəbərdarlıq

Yasamal rayon 29-cu polis bölməsinin növbətçi hissəsindən BBC Azərbaycancaya verilən məlumata görə, “gənclərin üstündə şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə saxlanılıb”.

Mitinqə çağırış vərəqələrinin yandırılması və müsadirə olunması haqda suala “bütün vərəqələr qaytarılıb, bu yalan məlumat” deyə idarədən bildiriblər.

“Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev Müsavat başqan müşaviri Mustafa Hacıbəyli və AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirova xəbərdarlıq edib”, APA Baş Prokurorluğa istinadən məlumat yayıb.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada qətiyyətlə alınacaq”, Baş Prokurorluğun rəsmi açıqlamasında bildirilir.

Tural Abbaslı BBC Azərbaycancaya mitinq təşkilatçılarına xəbərdarlıq olunduğunu təsdiqləyib.

“Hər aksiya öncəsi təşkilatçılara xəbərdarlıq olunur ki, mitinq dinc şəraitdə, qeyri qanuni hərəkətlər olmadan keçirilsin. Ancaq mitinqə gələnlərin hamısı partiya üzvləri deyil, yəni onlar qanunla qadağan olunmayan şüarlar səsləndirə bilərlər. Lakin biz çalışacağıq ki, mitinq iştirakçıları razılaşdırılmamış şüarları səsləndirməkdən çəkinsinlərBiz . sivil mübarizənin tərəfdarıyıq, zorakılığın tərəfdarı deyilik”.

Qeyd edək ki, Milli Şuranın mitinqi sabah Yasamal rayonunda “Məhsul” stadionunda keçiriləcək. Mitinqin şüarları budur- “Azad seçki”, “Hakimiyyətin mənbəyi xalqdır”. Mitinqdə 10 min nəfərin iştirakını planlaşdırılır.