İran: Facebook və Twitter yenidən bağlanıb

İran hakimiyyəti Facebook və Twitter-ə sərbəst girişi yenidən bloklayıb. Sosial şəbəkələrə giriş məhdudiyyəti 2009-cu ildəki etirazlardan sonra tətbiq olunmağa başlayıb.
Bazar ertəsi istifadəçilər gözlənilmədən şəbəkələrə sərbəst giriş əldə ediblər.
Xidmətlərin açılması barədə xəbərləri internet-provayderlər yayıb və hakimiyyət rəsmi qaydaların mülayişmləşməsinə münasibət bildirməyib.
İranın Mehr agentliyinin məlumatında açıq girişin texniki nasazlıqla bağlı olduğu göstərilir.
Bu məlumatı təsdiqləyən AP agentliyi yazır ki, İran hökuməti sıradan çıxan internet filtrləri yenidən quraşdırıb.
Bu yaxınlarda seçilmiş yeni prezident Həsən Ruhani senzura ilə mübarizə aparacağını deyib.
Bəzi məlumatlara görə, prezident Həsən Rohaninin "ümid və mötədillik" adlandırdığı hökuməti hakimiyyətə gələndən bəri İranın ali vəzifəliləri tərəfindən Facebook-dan istifadə nəzərəçarpacaq dərəcədə artıb.
Cənab Rohani özünün seçki kampaniyasında İranda internet məhdudiyyətlərini azaldacağını vəd etmişdi, indi isə onun hökumətindən bu istiqamətdə hərəkətə çağıran səslər getdikcə ucalmaqdadır.
Lakin nazirlərin Facebook-dan istifadəsi barədə xəbərlər rejimi bir qədər qıcıqlandırıb.
Kommunikasiya naziri Mahmud Va'ezi sentyabrın 11-də bəyan edib ki, rəsmi şəxslərə aid Facebook hesablarının öyrənilməsi üçün prezident yanında xüsusi komissiya yaradılacaq.
İranda Facebook
İranda Facebook 2009-cu ilin prezident seçkilərinin ardınca ölkədə yaranmış həycanlara görə qadağan edilmişdi və filtrlənirdi.
Buna səbəb o idi ki, etirazçılar bu sosial şəbəkədən öz hərəkətlərini əlaqələndirmək üçün istifadə edirdilər.
Bütün bunlara baxmayaraq, indinin özündə də İranda Facebook-dan və başqa sosial şəbəkələrdən virtual şəxsi şəbəkələr və ya süzgəclərdən yan keçən başqa mexanizmlər vasitəsilə geniş istifadə edirlər. Bu gün ölkədə 20 milyon insanın Facebook hesabının olduğu təxmin edilir.
Facebook şəbəkəsi üzərində qadağanın mövcudluğuna baxmayaraq, Ali Dini Rəhbər Xamneyinin 2012-ci ilin dekabrında peyda olmuş Facebook hesabının həqiqi olduğu düşünülür.
İranın yeni xarici işlər naziri Məhəmməd Cavad Zərif Facebook-da İran rəsmiləri arasında ən populyar şəxsdir. Həm də o, Facebook hesabının özünə aid olduğunu rəsmən elan edən yeganə vəzifəlidir.
Zərif Facebook-a 2009-cu ildə qoşulub və avqustun 15-də namizədliyi Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra öz hesabaını daim təzələyir və bununla da çox sayda davamçı qazanıb.
İndiyədək onun hesabında 178 min "like" var.
O öz səhifəsindən davamçılarını öz fəaliyyəti və rəyləri barədə məlumatlandırmaq üçün istifadə edir. Zərif əsasən fars, bəzən isə ingiliscə post edir. Onun Facebook hesabının ünvanı www.facebook.com/jzarif-dir.
Təkziblər, saxta hesablar
Bir neçə İran rəsmisi son vaxtlar yaradılmış Facebook hesablarının onlara aid olmadığı barədə açıqlamalar veriblər. Bunlar, neft naziri Bican Namdar-Zəngəne, kommuniskasiyalar və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxamdır.
Əfxam deyib ki, onun adına yaradılmış saxta hesabın silinməsi üçün hüquq müstəvisində hərəkət edir.
Bu arada İSNA agentliyi xəbər verir ki, İran rejiminin xaricdə yaşayan opponentlərindən biri bu saxta hesabı yaratdığını etiraf edib.
Mötədillik və Ümid Kabinetinin İnformasiya Portalı adlı Facebook səhifəsi də neft naziri Namdar-Zəngəne tərəfindən saxta adlandırılıb.
Başqa səhifələr
Belə görünür ki, kabinetin başqa üzvlərinin də hesabları var və bu hesabların çoxu avqust ayında yaradılıb. Birinci vitse-prezident Əşaq Cahangirinin hesabında 25 min “like” var. O bu hesabın saxta olduğu barədə heç vaxt bəyanat verməyib.
Özünün seçki kampaniyasında, cənab Rohani internetin filtrlənməsini pisləyib və deyib ki, “bu, hökumət və xalq arasında hasarı sərtləşdirir, iqtisadiyyata ziyan vurur və internetin faydalı tərəflərinin inkişafını əngəlləyir”.
Bəzi rəsmilərin bəyanatları və media xəbərləri göstərir ki, Həsən Rohani hökumətinin içərisində sosial mediaya münasibətə yenidən baxılmasına meyl var.
İranın Ali Kiberfəza Şurasının katibi Mehdi Axavanabadi deyib ki, sosial şəbəkələrə üzvlük qanunsuz bir iş deyil, lakin filtrləmə sisteminindən yan keçmək cəhdləri qanunsuzdur.
Avqustun 10-da İranın İSNA agentliyi bildirib ki, yeni hökumət interneti süzgəcləmə barədə qaydaları ləğv edəcək: “Şaiyələrə görə, Rohani hökuməti indiyədək məlum olmayan səbəblər və ya siyasi mülahizələrlə filtrlənən bir sıra internet saytlarını açacaq”.
Allahın lütfü
Avqustun 8-də, keçmiş prezident və hazırda Nəzarət Şurasının sədri olan Əkbər Haşemi-Rəfsəncaninin internet saytında elə onun özünün 2012-ci ilin mayında verdiyi bəyanatın mətni yerləşdirilib. Həmin bəyanatda cənab Rəfsəncani Facebook-u “Allahın lütfü” adlandırır.
Sentyabrın 10-da ingilisdilli Press TV kanalında canlı yayınlanan mətbuat konfransında Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxam sosial şəbəkələrin faydasını təqdir edib və deyib ki, bu şəbəkələr iranlıların dünya ilə ünsiyyətini artıracaq.
“Sosial media şəbəkələri ünsiyyət üçün yaxşı fürsətdir və İran xalqının haqq sözünün bütün dünyada eşidilməsi üçün imkan yarada bilər” – sözçü deyib.
Bütün bunlara baxmayaraq, hökumət internet məhdudiyyətlərini yalnız Ali Dini Rəhbərin xeyir-duası ilə yüngülləşdirə bilər.
İran siyasətində son söz məhz ona aiddir.




