Azərbaycan rejissorları beynəlxalq festivalda

"Son 10-15 il ərzində (Cənubi Qafqazda) kinematoqrafiyanın yenidən doğulmasına və yenilənməsinə şahid olmuşuq", Locarno Kino Festivalının Open Doors ("Açıq Qapılar") layihəsinin başçısı Martina Malacrida deyib.
"Variety" mədəniyyət jurnalının saytında dərc olunan məqaləsində Leo Barraclough Cənubi Qafqazın kino mədəniyyətindən bəhs edir.
Xanım Maracrida Variety-a regionda kino mədəniyyətinin güclənməsindən danışıb. Onun fikrincə, Cənubi Qafqazda bu sahədə Gürcüstan liderlik etsə də, Ermənistan və Azərbaycan da irəliləyişlər edirlər.
"Şübhəsiz ki, beynəlxalq panoramada Gürcüstanın mühüm rolu var", o deyib. "Eyni zamanda yeni kinorejissorlar nəsli ilə Ermənistan kinosu həmçinin özünü yeniləşdirir. Beynəlxalq arenada Azərbaycan daha az görünür, amma Cineasti del Presente-də (Locarno festivalında müsabiqə) Elvin Adıgözəl və Ru Həsənovun "Buqələmun" (Chameleon) filminin seçilməsi çox yaxşı bir göstəricidir."
İsveçrənin Locarno şəhərində keçirilən festival avqustun 7-də açılıb və 17-dək davam edəcək.
Təkrarlanan mövzular
Open Doors layihəsi üçün seçilən 12 filmdən üçü Azərbaycanda istehsal olunub: "Uzun Bağlar" (rejissorlar: Sarik Hovsepyan və Nika Shek - Ermənistan, Azərbaycan), "Bakıda Çılpaq" (Arzu Quliyeva - Azərbaycan, Estoniya), "Boru Kəməri" (Asif Rüstəmov - Azərbaycan, Almaniya).
Uzun Bağlar (Long Gardens) filmi, iki hissədən ibarət sənədli filmdir. Bir hissəsi Ermənistan-Azərbaycan sərhəddinin hər iki tərəfindəki kəndlər, ikincisi isə kinorejissorların iki ölkə arasındakı bölməni birləşdirmək cəhdləri haqqındadır.
Territoria adlı film isə "sülh illüziyası" olan Dağlıq Qarabağda rastlaşan gənc oğlan, yeniyetmə qız və yaşlı kişi haqqındadır.
Martina Malacridanın sözlərinə görə, Open Doors üçün seçilən film layihələrində erməni kinorejissorlar üçün soyqırım mövzusu üstünlük təşkil etdiyi kimi, digər region rejissorlarının filmlərində mövzular tez-tez üst-üstə düşür.
"Regionda post-Sovet münaqişələri, keçmişlə indiki zaman arasında əlaqə ilə bağlı mövzular qeyd etdik", o deyib.
"Bütün ölkələrdə görürük ki, qadınlara və onların cəmiyyətdə dəyişən rollarına böyük diqqət yetirilir. Digər vacib mövzular - təhlükəli cəmiyyət, şəxsiyyətlə bağlı məsələlər, seksualizm (və homoseksualizm) və gənclikdir."




