Çingiz Hüseynin bloqu: Azərbaycanlıların Rusiyada problemləri

Bu günlərdə Rusiyanin fəxri Tver şəhərində diaspora gəncləri ilə görüşüm oldu: probkalar ucundan üç saatlıq yolu yalnız beş saata keçə bildik... İlk-əvvəl qeyd etməliyəm ki, buradakı vəziyyət Rusiya üçün tipikdir, ölkədəki real vəziyyəti xarakterizə edir.
Tverdəkı diasporumuz tikinti və digər bizneslərlə məşquldur, alver işləri də öz yerində. Tanış olduğum ailələr dilimizə, ənənələrimizə bağlı olsalar da çoxusu özlərini Rusiyada müvəqqəti sanmır, şəraitləri pis deyil, buraları seçib daima qalmaq fikrindədilər, vətən bizi gözləmir, deyirlər; bəlkə də haqlıdılar.
Onu da qeyd edim ki, bizimkilər ruslardan fərqli onlardan məcburən daha zirək-işlək, daha da çalışqandılar. Təəssüflə deməliyəm ki, vətənimiz əsl mənada vətən olsaydı, başçılarımız həqiqətən milləti düşünsəydilər, yüzminlərlə Rusiyaya olan axının qarşısını alıb indi burada xidmət edənlərin enerjisindən, istedadından faydalanardılar!..
Gördüyümdən-eşitdiyimdən bilirəm ki, həm burada həm də Rusiyanın başqa viləyətlərində milliqanlı-qeyrətli, ədalətpərəst gənclərin vəziyyəti mürəkkəbdir, üstəlik rənglərı qarabuğdayı, əsmər olduqundan onları bəzən "çornı" adı ilə təhqir də edirlər – havadakı narahatçılıq məni də bürüdü.
Bizimkilərin külli hallarda işgüzarlığından doğan yaxşı dolanmaları bəzən yerli camaatın qısqanclıqına səbəb olur, işsiz qalan gənclər çox vaxt düşdükləri vəziyyətdə gəlmələri, o cümlədən azərbaycanlıları günahlandırırlar.
Ölkədə "Rusiya ruslar üçün!" şüarı rəsmən yasaqdir, amma qan qoxulu işini görməkdədir.
Bizim uşaqlarımız özlərini çox zaman yaxşı aparsalar da, bu və ya digər şəkildə etiraz etməyə, müqavimət göstərməyə məcburdular, bəzən qanlı, kütləvi savaşlar da baş verir. Bu haqda da Tverdə xeyli danışmalı olduq.
Onu da deyim ki, Tver vilayət və şəhər rəhbərlərin bizim diasporaya münasibəti yaxşıdır, onlarla da görüşdüm, amma problem təbii ki, qalır, münaqişələr qığılcımları özünü göstərir, odur ki, hər an, hər gün həm rus, həm də azərbaycanlı ailələrdə gəncləri xoş rəftara çağırmaq vacibdən də vacibdir... – üzdə olan tərbiyə üsuludur bu, amma nəsihətlərin təsiredici potensialına mənim inamım-gümanım çox azdır, bu kimi vəziyyət ölkələrdəki mühitdən-iqlimdən doğur, tez-tez deyirəm, indi də deyəcəm: qızdırmamiz 38,8-dir, sağalma-müalicə yolları isə duman içində...
Nə gözəl misradır: Duman, gəl get bu dağlardan!




