Yunanıstan qaz şirkəti səhmlərinin 66 faizinin "alınması razılaşdırılıb”

Rövnəq Abdullayev

ARDNŞ Yunanıstanın qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınması üzrə “prinsipial” razılığın əldə olunduğunu bildirib.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin satın alınması barədə Yunanıstan Respublikasının Əmlakının İdarə Edilməsi Fondu (HRADF/TAIPED) ilə prinsipial razılığın əldə olunduğunu məmnunluq hissi ilə elan edir”, Dövlət Neft Şirkətinin saytında məlumatda deyilir.

Ötən həftə Reuters agentliyi 400 milyon avroya satılacaq şirkət üzrə Yunanıstan hökümətinin razılığı olduğunu bildirib.

Reuters təhlilində deyilir ki, Yunanıstan qaz nəqli sistemi bazarına çıxmaqla Azərbaycan Avropa qaz paylaşdırma bazarına çıxmaqdadır.

Avropada "ilk layihə"

Cümə günü Brüsselə səfər edən Azərbaycan prezidenti ölkəsinin Avropa bazarında mühüm enerji təchizatçı rolunu təsdiqləyib.

Rəsminin sözlərinə görə, Yunanıstan şirkətinin aktivlərinin əldə edilməsi ARDNŞ-in ixracat potensialını “daha da möhkəmləndirəcək”.

ARDNŞ səhifəsində mövzu ilə bağlı açıqlamada deyilir ki, “qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış SOCAR Avropa Birliyi ölkələrində bu tipli ilk layihədə, Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir”.

“Bu o deməkdir ki, Yunanıstanın bütün təbii qaz paylaşdırma sistemi əlimizdə olacaq”.

Tenderin yeganə iddiaçısı

Azərbaycan “DESFA”nı almaq üçün qoşulduğu tenderdə yeganə iddiaçı olub.

Tenderə qoşulan Rusiyanın “Sintez” enerji şirkəti və “PPF-Terna” yunan-çex şirkətləri isə iyunun əvvəli geri çəkilib.

ARDNŞ yeni şirkət vasitəsilə Şahdəniz yatağından Avropaya qaz ixracını indikindən 17 faiz artırmaq niyyətindədir. .

İqtisadi böhrandan əziyyət çəkən Yunanıstan iyunun əvvəli ölkənin özəlləşdirmə hədəflərinə çatmaq üçün dövlət qaz şirkətinin səhmləri üçün tender elan edib.