ARDNŞ yunan qaz şirkətini alır

Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın qaz şirkətini almağı planlaşdırır.
Reuters agentliyi yüksək çinli yunan məmurun sözlərinə istinadən yazır ki, 400 milyon avroya satılacaq “DESFA” (“DEPA”) şirkəti üçün Yunanıstan höküməti artıq razılığını verib.
Məlumatı təsdiqləyən Azərbaycan tərəfi deyib ki, bu, ARDNŞ-in “Avropa qaz paylaşdırma bazarına çıxması deməkdir”.
Bunun üçün isə, Azərbaycan bu qaz paylaşdırıcı şirkətin səhmlərinin 66 faizini əldə edəcək.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib ki, şirkətin səhmlərinin özəlləşdirilməsi tenderi artıq başa çatıb və Yunanıstanla danışıqlar aparılır.
Rəsminin sözlərinə görə, Yunanıstan şirkətinin aktivlərinin əldə edilməsi ARDNŞ-in ixracat potensialını “daha da möhkəmləndirəcək”.
“Bu o deməkdir ki, Yunanıstanın bütün təbii qaz paylaşdırma sistemi əlimizdə olacaq”.
Azərbaycan “DESFA”nı almaq üçün qoşulduğu tenderdə yeganə iddiaçı olub.
Tenderə qoşulan Rusiyanın “Sintez” enerji şirkəti və “PPF-Terna” yunan-çex şirkətləri isə iyunun əvvəli geri çəkilib.
ARDNŞ yeni şirkət vasitəsilə ŞahDəniz yatağından Avropaya qaz ixracını indikindən 17 faiz artırmaq istəyindədir.
İqtisadi böhrandan əziyyət çəkən Yunanıstan iyunun əvvəli ölkənin özəlləşdirmə hədəflərinə çatmaq üçün dövlət qaz şirkətinin səhmləri üçün tender elan edib.




