İstanbul və Ankarada etirazçılar su şırnağı ilə dağıdıb

istanbul protests
Şəklin alt yazısı, İstanbul polisi etiraz aksiyasını gözyaşardıcı qaz vasitəsilə dağıtmağa çalışıb

İstanbulda nümayişin dağıdılması nəticəsində 60 nəfərdən çoxu həbs olunub, onlarla nümayiş iştirakçıları xəsarət alıb. Polis su şırnağı və gözyaşardıcı qaz vasitəsilə aksiyanı dağıtmağa çalışır.

Etirazçılar şəhərin mərkəzindəki Taksim meydanının Gezi parkı ərazisində ticarət və əyləncə kompleksləri ucaltmaq planlarına qarşı dördüncü gündür ki, aksiya keçiriblər.

İstanbul məhkəməsi ötən gün hökumətin gəzinti parkına ticarət mərkəzi inşa etmə planını müvəqqəti olaraq dayandırıb.

Lakin yenidənqurmaya qarşı etirazlar tezliklə baş nazir Ərdoğana qarşı narazılıq təzahürü alıb, paytaxt Ankaraya və, Bodrumla İzmir daxil olmaqla, başqa şəhərləri də bürüyüb.

“Narazılıq yayı”

Müxbirlərin məlumatlarına görə, ekoloqların aksiyası kimi başlayan etiraz tez bir vaxtda hökumətə qarşı etiraza çevrilib.

Yenidənqurmanın məqsədi meydanda avtomobil hərəkətini yüngülləşdiriməkdir. Lakin layihə üzrə Gezi parkında ticarət mərkəzinin ucaldılması da nəzərdə tutulur.

istanbul protests in taksim square
Şəklin alt yazısı, Polislə toqquşma zamanı ciddi xəsarət alanlar olub

Ərdoğanın əleyhdarları parkın İstanbul mərkəzində nadir yaşıl yerlərdən biri olduğunu bildirirlər. Etirazçıların əllərindəki, baş nazirin soltan geyimində təsvir olunmuş, şüarlardan biri üzərində “İnsanlar sənə baş əyməyəcək” yazılmışdı.

Etiraz iştirakçılarından biri, jurnalist Koray Çalışkanın sözlərinə görə, “bizdə hökumət yoxdur, bizdə yalnız Tayyib Ərdoğan var”.

“Onlar bizi eşitmək istəmirlər. Bu, narazılıq yayının başlanğıcıdır”, - o deyib.

Yerli Hurriyet Daily News qəzetinin məlumatına görə, 10 nəfərdən çoxu baş travması və ayaq sınıqları ilə xəstəxanaya düşüb. Jurnalistlərdən birinin başına gözyaşardıcı qaz balonu ilə zərbə endirilib, qəzetin fotoqrafçısı xəsarət alıb.

Zərər çəkənlər arasında əcnəbilər olduğu haqqında məlumatlar alınır.

Ankarada etirazçılar “Hər yerdə müqavimət! Hər yer Taksimdir!” şüarları ilə həmrəylik aksiyası keçirilib.

Baş nazir Ərdoğan meydanda yenidənqurma işləri planından imtina etmək niyyətində olmadığını bəyan edib.

Avtoritar baş nazir?

Amnesty International hüquq-müdafiə təşkilatı polisin hərəkətlərini pisləyib. “Türkiyə hökuməti polisin istənilən hədsiz güc tətbiq etməsini qadağan etməli və dərhal sui-istifadə etmə halları üzrə araşdırmalara başlamalıdı”, - təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktoru John Dalhuisen bəyan edib.

Rəcəcb Tayyib Ərdoğan 2002-ci ildən hakimiyyət başındadır və Türkiyədə bəziləri hesab edirlər ki, ölkə avtoritarizmə doğru yuvarlanır.

Ötən həftə parlament alkoqol içkilərin satışı və istifadəsini məhdudlaşdıran qanun qəbul edib.

Tənqidçilərə cavab verən Türkiyə baş naziri bəyan edib ki, zorla müsəlman dəyərlərini qəbul etdirməyə çalışmır, “gənclərin sərxoş halda veyllənməsinə” son qoymaq istəyir.

Onun Ədalət və İnkişaf Partiyasının üzvləri özlərini mötədil mühafizəkar və siyasi islam tərəfdarları kimi təsnif edirlər. Ərdoğanın özü isə Türkiyədə hakimiyyətin dünyəvilik prinsipinə sadiq qaldığını vurğulayır.