Türkiyədə içki qadağası: spirtli içmə, qatıq iç

Türkiyə parlamentində spirtli içkinin satılmasını və reklam olunmasını məhdudlaşdıran qalmaqallı qanun layihəsi qəbul olunub.
İslamçı köklü, iqtidar AK partiyası deyir ki, yeni qanun xalqı və xüsusən gəncləri spirtli işkinin ziyanlı effektlərindən qoruyacaq.
Tənqidçilər deyirlər ki, bu, əksəriyyəti müsəlman olan dünyəvi ölkəni islama məcbur etmək cəhdidir.
Yeni qanun 22:00 və 06:00 saatlar arasında spirtli içkinin satışını yasaqlayır və onu istehsal edənlərin tədbirlərə sponsorluq etməsini qadağan edir.
Qüvvəyə minməsi üçün Prezident Abdullah Gül qanun layihəsinə qol çəkməlidir. Gözlənilir ki, hakim AK partiyasının üzvü olan prezident bunu bu yaxınlarda edəcək.
Dünyanın ən böyük spirt çəkəni - Diageo Plc şirkəti qanun layihəsi barədə narahatlığını bildirib.
2011-ci ildə Diageo $2.1 milyarda rakı istehsalçısı olan Mey İçki şirkətini alıb.
Bu həftə Diageo deyib ki, "xarici investisiya tərəfdarı olan" ölkəyə sərmayə yatırmağı düşünürdü.
Qatıq iç
Qanunun digər hissələri:
- Spirtli içki satışı məscidlərə və məktəblərə 100 metrdən yaxında satıla bilməz
- Televiziyada spirtli içki tutqun göstəriləcək
- Sərxoş halda maşın sürənlərə qarşı cəzalar daha sərt olacaq. Qanda spirt səviyyəsi 0.1%-dən yuxarı olan sürücülər iki ilədək həbs olunacaq
- Bütün spirtli içki butulkalarının üzərində spirtli içkinin zərərli olması barədə xəbərdarlıq yazılmalı olacaq
Baş nazir Recep Tayyip Erdoğan bu yaxınlarda demişdi ki, türklərin "milli içkisi" ayrandır.
AKP siyasətçisi, plan və maliyyə Komissiyasının sədri Luftu Elva qanunu müdafiə edib. O deyir ki, Skandinaviya ölkələrində oxşar məhdudiyyətlər var.
Amma əsas müxalifət partiyası CHP-dən olan Musa Cam deyib: "Heç kimi içməyə və ya içməməyə məcbur etmək olmaz. Bu, dini və ideoloji vadaretmədir."
Kürd parlament üzvü Hasip Kaplan isə qanunun turizmə təsiri barədə xəbərdarlıq edib.




