Keçəllik kişilərdə ürək problemi yarada bilər

Yaponiya tədqiqatçılarına əsasən saçları tökülən kişilərin ürək problemi riski daha yüksək ola bilər.
Onların 37 000-ə yaxın adamı yoxlayan, BMJ Open onlayn jurnalında nəşr olunan tədqiqatında deyilir ki, dazlaşan kişilərin ürək-damar xəstəliyi təhlükəsi digərlərindən 32 faiz yuxarıdır.
Lakin tədqiqatçılar deyiblər ki, risk siqaret çəkməkdən və ya köklükdən azdır.
Kişilər saçlarına deyil, bellərinə diqqət yetirməlidirlər, British Heart Foundation (Britaniya Ürək Fondu) deyib.
Dəyişən saç xətti bir çox kişi üçün barışdıqları faktdır. 50 yaşlarında olanların yarısının, 70 yaşlarında olanların isə 80 faizinin saçı tökülməyə başlayır.
Tokyo Universitetindəki tədqiqatçılar illər əvvəl keçirilən tədqiqatlarda saçın tökülməsi və ürək problemləri arasında bağlılıq axtarıblar.
Kağızlar göstərib ki, saçın başın təpə hissəsindən tökülməsi, ürək-damar xəstəliyilə əlaqələndirilir. Bu, yaş və ailənin xəstəlik tarixi kimi faktorları nəzərə alaraq düzəlişlər ediləndən sonra aşkar olunub.
Buna baxmayaraq, görünür ki, dəyişən saç xətti riskə təsir etmir.
Həyat tərzinə nəzarət
Tokyo Universitetindən elmlər namizədi Tomohide Yamada BBC-ə deyib: "Biz ürək-damar xəstəliyilə başın təpəsindən saçın tökülməsi arasında sadə olsa da mühüm bir əlaqə aşkar etmişik.
"Bizim fikrimizcə bağlılıq var, amma siqaret çəkmək, köklük və xolesterol səviyyəsi kimi tanınmış əlaqələr qədər güclü deyil."
O deyib ki, başlarının təpəsindən saçlarını itirən gənc kişilər həyat tərzlərinə nəzarət etməli və ürəklərinin sağlamlığını təmin etməlidirlər.
Amma keçəl kişiləri ürək problemlərinə görə müayinə etmək üçün kifayət qədər dəlil yoxdur, o deyib.
Əlaqənin izahatı hələ dəqiq bilinmir.
Erkək hormonlara daha yüksək həssaslıq, insulinə müqavimət və damarlarda tıxanma həm ürəyə, həm də saça təsir edir.
British Heart Foundationda çalışan ürək tibb bacısı Doireann Maddock deyib ki, tapıntılar maraqlı olsalar da "saçlarını itirən kişilər bu təhlilə görə narahat olmasınlar".
"Kişilərdə dazlıq və ürək-damar xəstəliyi təhlükəsinin artması arasında əlaqəni təsdiq etmək üçün olduqca çox tədqiqat lazımdır. Bu arada isə saça deyil, belə diqqət yetirmək daha vacibdir."
University College Londonda statistika professoru Patrick Wolfe deyib ki, riskin yüksəlməsinə səbəb olan bu əlaqə hələ ki "kifayət qədər dərindən başa düşülməyib".
"Hazırda isə biz yemək və məşq rejimlərimiz kimi, tanıdığımız və nəzarət edə bildiyimiz risk faktorları üzərində fikirlərimizi cəmləşdirməliyik ki, ürək xəstəliyinin ümumi riskini endirək."




