Əkrəm Əylisli: "Mən belə bir fərman gözləmirdim"

İlham Əliyev

Şəklin mənbəyi, president.az

"Mən belə bir fərmanın çıxacağına inanmırdım, amma buna zəmin hazırlanırdı", yazıçı Əkrəm Əylisli Azərbaycan Prezidentinin onu "Xalq yazıçısı" titulundan məhrum etməsi barədə fərmanı barədə BBC Azərbaycancaya deyib.

Cümə axşamı Prezident İlham Əliyev Əkrəm Əylislinin Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi barədə "dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq" bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının "müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir".

Sənəddə həmçinin cənab Əylislinin "Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa" cəhd göstərməsi, əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini "saxtalaşdırılaraq ... soydaşımızın mənliyi təhqir" etməsi bildirilir.

Eyni zamanda bu gün imzalanan digər sərəncamda prezident Əylislini Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edib. İlkin olaraq 2002-ci ildə imzalanan fərmanda deyilir ki, təqaüdün məbləği min manatdır.

Əkrəm Əylisli "Xalq yazıçısı" fəxri adını "ləkələmiş bir şəxs kimi" qeyd olunur.

"30-cu illərin ruhunda bir vəziyyətdir, xəbərlər gedirdi ki, məndən bu ad götürülsə, Azərbaycan xalqı rahat nəfəs alacaq", Əkrəm Əylisli BBC-ə deyib.

Əylisli həmçinin yaşadığı evin qarşısında "icazəsiz kütləvi aksiyalar"ın keçirildiyini, ailə üzvlərinə qarşı "ədalətsiz təzyiqlər" göstərildiyini bildirərək diplomatik nümayəndəliklərə müraciət edib. ABŞ, Almaniya, Fransa, Gürcüstan, İngiltərə, Rusiya, Norveç, İsveç, İsveçrə, Avstriya, Niderland, Ukrayna və digər ölkələrin səfirliklərinə, Avropa İttifaqı, ATƏT və Avropa Şurasının nümayəndəliklərinə etdiyi müraciətdə yazıçı onların romanla tanış olmağı və münasibət bildirməyi xahiş edib, Turan xəbər agentliyi məlumat verir.

İctimai Palatanın bu gün yaydığı bəyanatda deyilir ki, İctimai Palata "Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyar; eyni zamanda, bu əsərdə erməni-Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir". Bəyanatda həmçinin qeyd olunur ki, İctimai Palata cənab Əylisliyə və ailəsinə qarşı "təqibləri ... yolverilməz hesab edir və pisləyir".