Azərbaycan: "İran tarın UNESCO-da tanınmasına görə bizi təbrik edib"

Kembricdə Azərbaycan tarını çalan "Qədim Şərq" qrupu.
Şəklin alt yazısı, Kembricdə Azərbaycan tarını çalan "Qədim Şərq" qrupu. Foto: Rüstəm Qobil
    • Müəllif, Leyla Nəcəfli
    • Vəzifə, bbcazeri.com

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Eleonora Hüseynova BBC Azərbaycancaya UNESCO-nun tar musiqi aləti haqqında qəbul etdiyi sənədi şərh edərək deyib ki, İran musiqiçilərinin etirazına baxmayaraq İran nümayəndələrindən heç bir etiraz olmayıb.

"Əksinə, İran tərəfi Azərbaycan tarının UNESCO-nun irs siyahısına salınmasına görə Azərbaycan nümayəndələrini təbrik ediblər", səfir deyib.

"Fars tarının quruluşu Azərbaycan tarının quruluşundan fərqlidir - İranlılar da öz tarlarını UNESCO-ya təqdim edə bilər."

Bu sözləri isə BBC Azərbaycancaya Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin sədri Ramiz Quliyev İran musiqiçilərinin tarın UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs" siyahısına Azərbaycan adından əlavə olunmasına qəzəbli reaksiyasını şərh edərək deyib.

O aydınlaşdırıb ki, siyahıya tar deyil, Azərbaycanın tar ifaçılığı və quruluşu əlavə edilib.

Səfir Hüseynova oxşar şəkildə deyib ki, Azərbaycan tərəfindən hazırlanan sənəddə tarın "yalnız Azərbaycana məxsus olduğu və ya tarın unikal Azərbaycan aləti olduğu deyilmir".

İranın Musiqi Evinin sözçüsü Dəryuş Pirnyakan isə iddia edib ki, bu alət "Azərbaycana İrandan gəlib. Simlərində bir neçə dəyişiklik edəndən sonra, onlar onu Türk tarı adlandırıb", o, Mehr xəbər agentıiyinə belə deyib. Onun fikrincə, tar "Azərbaycan və İranın ümumi aləti kimi siyahıya yazılmalıdır".

Bu ay BMT-nin mədəniyyət təşkilatı olan UNESCO tar simli musiqi alətinin hazırlanma və ifaçılıq sənətini Bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına dərc edərək Azərbaycana aid edib.

Məlumata görə cənab Pirnyakan deyib ki, Musiqi Evi etiraz olaraq bu məsə barədə İranın mədəniyyət və İslami İrşad nazirinə məktub yazacaq.

Fars tarı

Ramiz Quliyev BBC Azərbaycancaya deyib ki, İran musiqiçiləri də öz tar mədəniyyətini UNESCO-ya eyni şəkildə təqdim edə bilər.

Səfir Hüseynova isə Azərbaycan tarının digər tarlardan fərqli olduğunu vurğulayıb: "Azərbaycan tarı digər xalqların tarından həm forma, həm də simlərin sayı baxımından fərqli bir alətdir", o deyib

Xalq artisti Quliyev həmçinin iki alət arasındakı fərqləri izah edib. "Fars tarının quruluşu başqadır - qolu, pərdə düzümü fərqlənir", o deyib. Lakin hansı alətin daha qədim olmasına cavab olaraq musiqiçi "Hansı əvvəl gəlib, toyuq və ya yumurta" sualını verib.

Bir çox ölkədə, o cümlədən İranda çıxış edtiyini qeyd edən musiqiçi deyir ki, İranda Azərbaycan tarına böyük hörmət var, Fars tarının isə "öz gözəlliyi var".

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Vasif Eyvazzadə isə məsələni digər baxımdan şərh edib. O APA-ya deyib ki, elementin Azərbaycan tərəfindən təqdim edilib Azərbaycanın adından daxil olduğuna görə onun daşıyıcıları olan digər ölkələr "gələcəkdə UNESCO-ya bununla bağlı müraciət edə bilərlər".

"Təbii ki, ilk təqdim edən ölkə Azərbaycan olduğu üçün onlar bunu Azərbaycan tərəfi ilə müzakirə etməlidirlər. Bu hər bir ölkənin öz suveren hüququdur", Vasif Eyvazzadə əlavə edib.

UNESCO-nun sənədi

"Tarın hazırlanma və ifaçılığı orta əsrlərdən, tarın iki, üç, dörd, beş və altı simli növləri Azərbaycanda işlədiləndən tətbiq olunub", UNESCO-ya ərizə sənədində qeyd olunur. Lakin sənəddə həmçinin deyilir ki, "bu element və ya onun digər növləri nəhəng ərazidə (Orta Şərq, Qafqaz və Orta Asiyada) yayılıb".

"Tar sənətilə həmçinin ... İran, Türkiyə, İraq və Orta Asiyanın fərdi sənətkarları və ifaçıları da məşğul olur", Azərbaycan tərəfindən hazırlanan sənəddə qeyd olunur.

Tar haqqında sənədin qəbul olunmasını isə izah edərək Eleonora Hüseynova deyib ki, hər hansı bir mədəni sərvətin "UNESCO-nun irs siyahılarına daxil edilməsi mürəkkəb və vaxt aparan bir prosesdir". Dosyenin hazırlanması işinin çəkdiyi vaxta əlavə olaraq o, UNESCO-nun daxili prosedurlarını təsvir edib.

"UNESCO-da dosyelər ilkin olaraq, qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin nəzdində olan və müxtəlif ölkələrin 6 ekspertindən ibarət yardımçı qurum tərəfindən nəzərdən keçirilir. Nominasiyaların dünyada tanınmış ekspertlər tərəfindən yoxlanılması kifayət qədər mürəkkəb bir prosesdir. [B]u il yardımçı qurum təqdim edilmiş 36 nominasiyadan yalnız 18-ə müsbət rəy verərək, onların siyahıya daxil edilməsini tövsiyə etmişdir. (Tarın müsbət rəy almasından) sonra bu dosyelər 24 üzvdən ibarət Komitəyə təqdim edilir və gərgin müzakirələrdən sonra Komitənin qərarı ilə element siyahıya daxil edilir. Beləliklə, göründüyü kimi, dosyelər bir çox mərhələdən və ciddi yoxlamadan keçir," - xanım Hüseynova deyib.

Sənəddə tarın Azərbaycanda kəşf olunması açıq şəkildə deyilməsə də, onun "ənənəvi olaraq" Azərbaycanda hazırlanıb ifa olunması bildirilir.

Buna baxmayaraq, İran musiqiçiləri məsələni musiqi baxımından şərh edərək İrana daha doğma olmasını israr ediblər. "Tar Türk alətidirsə, nəyə görə onlar ifalarında İran musiqisinin məqam və dəstgahlarından istifadə edirlər?" - Dəryuş Pirnyakan sual edib.

Həmçinin tar ifaçısı olan Dəryuş Pirnyakan deyib ki, buna İranın UNESCO-ya nümayəndəsi məsuliyyət daşıyır. BBC Azərbaycan xidməti UNESCO ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib.

İranda yerləşən Musiqi Evinin direktoru Həmidrza Nurbəxş Mehr xəbər agentliyinə deyib ki, tarın İrana məxsus olması barədə "bir çox tarixi sənəd var", və bu sənədlər "bir azdan nəşr olunacaq".