Ən bahalı Eurovision - xərclər 800 milyondan çoxdur

Bayraq meydanı

Eurovision tarixində ilk dəfədir ki, mahnı müsabiqəsinə ev sahibliyi belə yüksək qiymətə - 802 milyon dollara başa gəlir. Bu barədə vətəndaş cəmiyyəti nümayəndəsi Zöhrab İsmayıl BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun Azad İqtisadiyyata Yardım İctimai Birliyinin yaydığı açıqlamada deyilir ki, Azərbaycan hakimiyyətinin imzaladığı 19 sərəncama əsasən Eurovision mahnı müsabiqəsinə çəkilən xərclər 629, 8 milyon manat (802, 3 milyon dollar) təşkil edir və onun 355,5 milyon manatı birbaşa xərclərdir.

Hesabata əsasən, Eurovision-ın keçiriləcəyi Kristal Zalın tikintisinə 218,5 milyon manat ayrılıb, təşkilat xərclərinə ayrılan vəsaitin məbləği isə 110 milyona yaxındır.

Xərclərin həyata keçirilməsində şəffaflığın təmin olunması ilə bağlı narahatlıqlarımız var - Zohrab İsmayıl deyir. "Məsələn, Kristal Zalın tikintisi, su sisteminin yenidən qurulması və digər layilər üçün tender elan olunmayıb".

Rəsmilər bunu zalın tikintisinin təcili başa çatdırılması ilə izah edirlər. "Ancaq bunun əsl səbəbi tikintidə iştirak edən şirkətlərin hökumətə yaxın şəxslərə məxsus olmasıdır" - deyə vətəndaş cəmiyyəti nümayəndəsi iddia edir.

Eurovision müsabiqəsinin keçirilməsilə bağlı nəzərdə tutulan infrastruktur layihələrinə birbaşa aid edilməyən xərclər isə 350 milyon dollara yaxındır.

Bu əsasən, Bayraq meydanına gedən yolun tikilməsi, orada su təchizatının yenilənməsi və meydanın gözəlləşdirilməsi layihələridir. Bundan başqa Tofiq Bəhramov stadionunun yenidən qurulması və bərpası da nəzərdə tutulur.

Rəsmilər bildirir ki, Kristal Zalı yalnız Eurovision üçün nəzərdə tutulmayıb və gələcəkdə digər mühüm tədbirlər də həmin binada keçiriləcək.

Azərbaycan hökuməti onu da deyir ki, Bakıda aparılan abadlaşdırma işləri yalnız Eurovision-la əlaqəli deyil və infrastruktur layihələri ölkə ötən il müsabiqədə qalib gəlməzdən öncə nəzərdə tutulub.