İnternet: uşaqları zərərli məlumatlardan necə qorumalı?

İnternet təhlükəsizliyi

Şəklin mənbəyi, BBC Azeri

Təhsil ocaqları, müəllimlər, valideyn assosiasiyaları Multimedia Mərkəzinin təşkilatçılığı ilə çərşənbə günü “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər”ini müzakirə edib.

Uşaqları zərərli informasiyalardan qoruma yolları və bu sahədə problemlərin aradan qaldırılması istiqamətində metodiki-informasiya dəstəyi üçün keçirilən dəyirmi masada “Təhlükəsiz İnternet” (Halal İnternet) provayderi və uşaqlar üçün netsafe.az portalının təqdim edilməsi ilə yadda qalıb.

Mərkəzin direktoru Osman Gündüz bildirib ki, ölkədə son illərdə genişzolaqlı İnternet istifadəçilərinin sayı çoxalıb və evlərə İnternetin çatımlığı təmin edilir, lakin bu, digər bir problemə yol açır.

Gündüz uşaqların təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasını zəruri hesab edir. Onun fikrincə, uşaqlara verilən informasiya milli filtrasiyadan keçməlidir.

Microsoft Azərbaycan şirkətindən Emin Axundov İnternetə filtrasiya qoşulmasına qarşı olduğunu və uşaqları qorumaq üçün başqa təhlükəsiz yollar axtarmaq lazım olduğunu bildirib.

Axundov zərərli informasiyanın daha çox “wapsayt”lar tərəfindən yayıldığını, buna görə də mobil operatorları da işə qoşmağı təklif edib.

Uşaq Hüquqları uğrunda Alyansın rəhbəri Nazir Quliyev uşaq pornoqrafiyasının cinayət sayıldığını, lakin Cinayət Məcəlləsində bu barədə boşluqlar olduğunu bildirib. Onun fikrincə, Qanuna əməl edilsə, o zaman məktəb şagirdlərinin əksəriyyəti həbs edilməlidir.

“Uşaqların demək olar ki hamısı bugün bir-birlərinə telefonda zərərli materiallar göndərir, müəllimələrinin şəkillərini çəkir, bir-birlərini şantaj edirlər”, Quliyev deyib.

Quliyev bu səbəbdən telefon satış mərkəzlərində maarifləndirici bukletlərin pulsuz paylanılmasını təklif edib.

Tədbirdə çıxış edən valideynlər əsas məsuliyyətin ailələrə düşdüyünü deyib. Onlara görə, indi valideynlər uşaqlarla düzgün ünsiyyət qurmur. “Başlarını sakit etmək üçün uşağa noutbuk və sürətli İnternet verir və onunla maraqlanmırlar”.

Sazz İnternet provayderi tərəfindən təqdim edilən “Halal İnternet” ilk mərhələdə pulsuz olaraq məktəblərə paylanılacaq. Layihənin hələ ki kommersiya marağı yoxdur. Halal İnternetin fəaliyyətinə nəzarəti isə “AzEduNet” şəbəkəsi edəcək.

Şəbəkənin nümayəndəsi Emin Seyidov zərərli informasiyanın yalnız 90-95 faiz tənzimlənəcəyini deyib. Onun fikrincə, dünya təcrübəsində bu maksimum qorumadır. Qalan qorumanı isə valideynlər təşkil etməlidir.