Futbol üzrə Dünya Kuboku 2022: Mərakeş nümunəsi, Messi ilə bağlı gözləntilər və Azərbaycan futbolunda nə etməli?

Lisandro Martinez, Luka Modric, Lionel Messi and Mateo Kovacic

Şəklin mənbəyi, Getty Images

Futbol üzrə Dünya çempionatı 2022-nin yarımfinalında FİFA kubokunun yekun mərhələsinə vəsiqə sahibləri bu həftə müəyyən olunmalıdır. Bu gün Argentina-Xorvatiya, sabah isə Fransa-Mərakeş oyunları keçiriləcək.

Qətərdə keçirilən dünya çempionatı əvvəlkilərdən nə ilə fərqlənir? Əvvəlki dünya çempionatları ilə müqayisədə indiki yarışlar nə ilə təəccübləndirir və ya təəssüfləndirir? Onu başqa birinciliklərdən fərqləndirən cəhətlər və Azərbaycan üçün faydalı ola biləcək təcrübə nədir?

Çərşənbə axşamı Argentina-Xorvatiya oyunu (və bu oyunda təbii ki, Messi ilə bağlı çempionluq gözləntiləri) bu çempionatın əsas intriqalarından birini təşkil edir.

Lakin bu məsələyə bir qədər sonra qayıdacağıq. Hazırda isə bəzi Azərbaycan azarkeşləri üçün çərşənbə günü Fransa ilə oynayacaq Mərakeşin təcrübəsini təhlil etmək daha maraqlı ola bilər.

Mərakeş yığması dünya çempionatları tarixində 1/2 finala yüksələn ilk Afrika və ilk ərəb icması təmsilçisidir. Onun nümunəsi Azərbaycan üçün də faydalı ola bilər, BBC-ə danışan futbol üzrə icmalçılar deyirlər.

Mərakeşin uğuru yalnız azarkeşlər üçün yox, yığmanın bəzi üzvlərinə də "yuxu kimi" gəlib.

"İnanılmaz bir gündür. Biz yuxuda yaşayırıq və oyanmaq istəmirik. Əlimizdə olan hər şeyə layiqik", - həftə sonu Portuqaliyanı və o cümlədən məşhur futbolçu Cristiano Ronaldon-u dünya çempionu olmaq ümidlərindən məhrum edən Mərakeş millisinin yarımmüdafiəçisi Sofiane Boufal deyib.

Azərbaycan Mərakeş səviyyəsinə çata bilərmi?

"Bu, yekun deyil. Yarımfinallar və finallar var", - deyən Sofiane Boufal-un gözləntilərini sabah keçiriləcək qarşılaşma konkretləşdirə bilər.

Çempionatın sürprizi sayılan Mərakeşin bu cür təcrübəsi Azərbaycan üçün da faydalı ola bilərmi? BBC News Azərbaycancanın danışdığı təhlilçilər bu suala müsbət cavab verirlər.

"Mərakeş hamıya göstərdi ki, kiçik futbol ölkələri də nəhəng futbol turnirlərində kifayət qədər irəliləyə bilər," - Mahir Rüstəmov, Futbol+un Baş redaktoru belə hesab edir.

Mərakeşin uğurunu izah edən şərhçilər burada iki amili qeyd edirlər.

Bu, xaricdə oynayan təcrübəli futbolçuların bir araya gətirilməsi və məşqçinin onları psixoloji cəhətdən hazırlamasıdır, futbol üzrə icmalçı Doktor Ziya Mərakeş uğurunu izah edərkən deyir.

Həm Mahir Rüstəmov, həm də Doktor Ziya Azərbaycanda bu təcrübənin təkrarlanması üçün bir neçə amilin nəzərə alındığını qeyd edirlər ki, buraya lazım olan infrastruktur və yeni nəslin yetişdirilməsi daxildir.

Bakıda bu problem daha yaxşı həll olunursa, rayonlarda vəziyyət hələ ki, o qədər də qənaətbəxş deyil, təhlilçilər deyir. Daha bir məsələ də maliyyə problemləridir, müsahiblərimiz hesab edirlər. Mahir Rüstəmova görə, futbol hələ ki, Azərbaycanda "öz-özünə pul qazanan" sahə deyil.

Bəs Azərbaycan nə zaman Mərakeş səviyyəsinə çata bilərmi?

"Biz əvvəlcə imkanları və potensialımızı bır araya gətirməli və hələ Avropa Çempionatının final mərhələsinə qatılmaq barədə düşünməliyik. Əgər işlər düzgün qurularsa, yaxın 10 ildə bu hədəfə çatmaq olar. Bu hədəfə çatandan sonra dünya çempionatı haqqına düşünməyə dəyər", - Mahir Rüstəmov deyir.

Mərakeş yığmasının fenomenal uğurları təhlil edilərkən çempionatın daha bir intriqasını bu axşamkı Argentina-Xorvatiya oyunu təşkil edir.

Messi çempion olacaqmı?

Söhbət Lionel Messidən və argentinalı superulduzun ilk dəfə Dünya Kubokunu qazanıb-qazanmayacağından gedir. Bu, Cristiano Ronaldo və Lionel Messi arasında seçim edən azarkeşlərin illərdir ki, davam edən mübahisəsinə son qoya bilər (və ya bunu daha da qızışdıra bilər).

Messi-nin parlaq karyerası olub: o, dörd Çempionlar Liqasının, 2021 Amerika Kubokunun qalibi və yeddi Qızıl topun sahibi olub. Lakin Pele və ya Maradona kimi məşhur sələflərindən fərqli olaraq, o, 35 yaşınadək dünya çempionu adını qazana bilməyib.

2014-cü ilin mundialında ikinci yeri qazanan Argentina millisinin Dünya birinciliyində sonuncu qələbəsindən 36 il keçir.

Argentina indiki mərhələyə Niderlandı udaraq keçib. Lakin bir çoxları həmin oyunda Argentina futbolçularının kobud oyununu xatırlayır. Penalti ilə bitən bu oyun turnirlər tarixində ən çox verilən sarı və qırmızı vərəqələrin sayına görə yadda qalacaq.

Futbol üzrə icmalçılar Argentina millisinin belə oyununun xoş təəssürat bağışlamadığını desələr də, meydançada həmişə olduğu kimi, qol vuranların qalib gəldiyini vurğulayırlar. Bu fikirlrə Doktor Ziya də razılaşır.

"Futbol meydan, topdan və hər tərəfdən 11 futbolçudan ibarət bir oyundur. Orada da güclü qalib gəlir".

Amma Mahir Rüstəmov hesab edir ki, yarışın sonuna heç də həmişə güclülər qalmır: "Yarışı tərk edən Braziliya Xorvatiyadan zəif deyildi, hansısa kiçik bir diqqətsizlik Braziliya yığmasını yarımfinala çıxmağa qoymadı".

Dünya çempionatında müşahidə edilənlər

Mahir Rüstəmov deyir ki, əvvəllər oyun vaxtı boşuna itirilən vaxtlar olurdusa, bu dəfə hakimlər futbolçuların belə "manipulyasiyasına mane olurlar".

Baş redaktor yarımfinala qədər olan yarışlardakı oyunlarda texnikanı və peşəkarlığı yüksək qiymətləndirir.

Doktor Ziya hesab edir ki, Mərakeş yeni taktikası ilə yarımfinala qədər gəlib çatıb və onun fikrincə, ümumiyyətlə, bu çempionatda öz oyunları ilə fərqlənən futbolçuları görmək mümkün oldu və onlar gələcəkdə Ronaldo, Messi kimi parlaya bilərlər.

Amma Doktor Ziya əlavə edir ki, ayrı-ayrı oyunçuların oyunda fəallığı ilə yanaşı, bu çempionatda ən çox müşahidə edilən bəzi yığmaların yüksək komanda oyunu göstərməsi oldu: "Xorvatiya, Mərakeş, Yaponiya yığmaları komanda oyunu nümayiş etdirdi və çox xoş təəssürat yaratdı".

Qətərin seçimi əvvəldən tənqidçilər tərəfindən çoxlu suallar doğurdu

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Qətərin seçimi əvvəldən tənqidçilər tərəfindən çoxlu suallar doğurdu

Futbol və siyasət

Qətər Dünya Kuboku tarixdə payız və qış aylarında keçirilən ilk dünya çempionatıdır.

Amma o, bir çox başqa cəhətləriylə də seçilir. Yəni, heç bir futbol çempionatı bu qədər siyasiləşdirilməyib.

BBC təhlilində deyilir ki, burada bəzən turnirdə qalib gələ biləcək komandaların tərkibindən daha çox korrupsiya və insan haqlarından danışılır.

2010-cu ildə FİFA dünya çempionatının 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcəyini açıqlamışdı. Bu açıqlamadan dərhal sonra korrupsiya ilə bağlı iddialar başlayıb.

Qətər bu iddiaları rədd etsə də, hüquq müdafiəçiləri, həmçinin azlıqların hüquqlarının pozulması və çempionata hazırlıq vaxtı ölkədə işləyən minlərlə əmək miqrantının həlak olduğunu deyirlər.

Qətər tarixdə dünya çempionatına ev sahibliyi edən ilk ərəb ölkəsidir.