Traktor Sazi FC: Futboldan daha çox əhəmiyyət kəsb edən klub

Traktor Sazi azarkeşləri

Şəklin mənbəyi, Mohsen Shandiz/Corbis/ Getty Images

Şəklin alt yazısı, Traktor Sazi azarkeşləri Azadi stadionunda Esteğlal klubuna qarşı oynayan doğma klubunu dəstəkləyirlər. 2011-сi il, Təbrizin Azadi stadionu
    • Müəllif, Elçin Süleymanov
    • Vəzifə, BBC News Azərbaycanca

Həftənin əvvəlindən mediada yayılan məlumatlarda Təbrizin Traktor Sazi komandasının adından "sazi" sözünün yığışdırılması barədə xəbərlər yayılmağa başlayıb.

Bəzi mənbələr həmçinin klubun adına "Azərbaycan" sözünün əlavə olunduğu bildirirlər.

Deyilir ki, ingilis yazılışında klubun yeni adı "Tractor Azerbaijan FC" kimi göstərilir.

Ancaq rəsmi mənbələrdən bu məlumatı təsdiqləmək mümkün olmayıb.

BBC News Azərbaycancaya danışan İran idman mənbələri müvafiq təşəbbüsün irəli sürüldüyünü, lakin hələ ki, rəsmiləşdirilmədiyini qeyd ediblər.

Dəqiq məlum olan budur ki, klubun azarkeşləri komandanın adını Azərbaycan dilinin yerli ləhcəsinə uyğun olaraq "Tıraxtur", "Traxtur" və ya "Tirəxtur" kimi tələffüz edirlər.

"Traktor sazinin" seçdiyi qırmızı və ağ rənglərə görə, komandanı "qırmızılar" və ya "Al qurdlar"- "QızılQurdlar"- Qırmızı Qurdlar" da adlandırırlar.

Traktor Sazinin yaranma tarixi

Traktor Sazi İranın ən köhnə futbol klublarındandır və 1970-ci ildə Təbrizdəki Traktor istehsalat birliyi tərəfindən təsis olunub.

Klub, öz adını da elə Traktor zavodundan götürüb.

Komanda İranın üst divizionunda - "Fars körfəzi Pro-liqasında" - çıxış edən 16 klubdan biridir.

Qırmızı Qurdlar klubu, superliqanın finalına çıxa bilsə də, ölkə futbolunun ən qiymətli kubokunu hələ ki, qazana bilməyib.

Ötən il İran İnqilabı Keşikçiləri Korpusuna (Sepah) məxsus klubu Məhəmmədrza Zenuzi Mütləq alıb.

Nəzərdə tutulurdu ki, yeni sahib klubun düçar olduğu problemlərin öhdəsindən gələ biləcək.

Yeni sahiblə bağlı ümidlər doğrulacaqmı?

İranda azərbaycanlıların durumunu monitorinq edən günaz.tv saytına əsasən, səkkiz il ərzində Sepah-ın idarəsi altında olan klub çoxlu problemlər yaşayıb.

"İran Futbol Federasiyası İnzibati Komitəsinin klub və onun tərəfdarlarına qarşı ardı kəsilməyən qərarları, FİFA-nın "Traxtur" haqda tətbiq etdiyi oyunçu transferi qadağası və maliyyə sıxıntıları Azərbaycan klubunun üzləşdiyi çoxsaylı problemlərdən bir neçəsidir", - günaz.tv saytı yazır.

Traktor komandasının azarkeşi

Şəklin mənbəyi, KARIM JAAFAR/AFP/Getty

Şəklin alt yazısı, Traktor Sazi komandasının bəzi tərəfdarları özlərini İspaniyada katalanların Barselona klubunun azarkeşlərinə bənzətmək istəyiblər.

Məhəmmədrza Zenuzi Mütləqin başçılığı altında Al qurdların gələcəyi barədə müxtəlif proqnozlar verilir.

Son iki il ərzində oyunçular heyətində ciddi dəyişiklik olmasa da, kluba sayca ikinci əcnəbi məşqçi gətirilib.

Qırmızıların hazırkı rəhbəri Türkiyə millisinin keçmiş baş məşqçisi Mustafa Denizlidir.

O, bu vəzifədə öz həmvətənlisi - Ertuğrul Sağlamı əvəzləyib.

Xaricdən məşhur məşqçi gətirmək, kifayət qədər baha başa gələn addımdır və belə görünür ki, Qırmızı Qurdların yeni sahibi yatırımlardan çəkinmir.

Tractor Sazi-nin türkiyəli məşqçisi Ertuğrul Sağlam

Şəklin mənbəyi, NEZAR BALOUT/AFP/Getty Images

Şəklin alt yazısı, Tractor Sazi-nin türkiyəli məşqçisi Ertuğrul Sağlam BƏƏ-də al-Jazira klubuna matç vaxtı öz komandasının üzvünə müraciət edir. 2018-ci il, Mohammed Bin Zayed Stadium idman arenası.

Sadiq azarkeşlər

Qırmızıların ən önəmli aktivi kluba həmişə sadiq qalan azarkeşlərdir. Bəzi məlumatlara görə, onların sayı yarım milyona çatır.

Bir çox mənbələrdə "traktorçular" türkdilli ölkələr arasında ən çox azarkeşi olan klub kimi göstərilir.

Təhlilçilər, kluba məxsus 80 minlik Səhənd stadionunun daima dolu olduğunu vurğulayır.

Bəs görəsən, belə bir sadiqliyə səbəb nədir?

Bəzi təhlilçilər hesab edir ki, bu, Təbriz klubunun etnik kimlik ideologiyasının daşıyıcısı kimi qavranması ilə izah edilə bilər.

İdman və siyasət

Mart ayında Ermənistan prezidentinin Tehranda erməni icmasının üzvləri ilə görüşündə "Qarabağ Ermənistandır və Son" şüarının qaldırılmasından narazı düşən "traxtorçular" İsfahanın Sepahan komandası ilə qarşılaşma vaxtı Ermənistan bayrağını yandırıb və "Qarabağ bizimdir, bizim olacaq!" kimi siyasi şüarlar səsləndiriblər.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunun sədr müavini hesab edir ki, İranın siyasi arenasında məhdud mübarizə imkanlarına görə, futbol daha geniş missiyaya sahib olur.

Bakıda siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun sözlərinə görə, Traktor klubunun tərəfdarları onları narahat edən milli dərketmə, etnik və siyasi məsələlərə münasibət bildirirlər.

"Traktor klubu son 5-7 ildir ki, yaxşı nəticələr göstərsə də, çempion ola bilmir və azarkeşlər arasında bu azərbaycanlılara qarşı süni yaradılan ayrıseçkilik kimi yozulur", - Nazim Cəfərsoy deyir.

Barselona ilə paralellər

Təhlillərdə Traktor Sazi klubunu İspaniyada katalanların Barselona komandasına bənzədirlər.

Belə ki, bir çox azarkeş üçün Barselona, katalan kimliyinin təcəssümü kimi qəbul olunur.

Ona görə də, kral klubu sayılan Real Madridlə Barselonanın qarşılaşması iki ideologiyanın vuruşması çalarlarını da qazanır.

İran araşdırmaları üzrə İram mərkəzinin təhlilinə əsasən, Traktor Sazi futbolun hüdudları xaricindəki bir məkana doğru hərəkət edir və stadionlar azarkeşlərin milli duyğularını əks etdirən mühitə çevrilməkdədir.

"Təbrizdə, rekord sayda azarkeşlər qarşısında çıxış edən Traktor Sazi bir çox Azərbaycan türkü üçün futbol klubu olmaqdan daha çox bir əhəmiyyət kəsb edir", mərkəzin təhlilində deyilir.

İramcenter.org saytındakı bənzər paralellər "ideoloji rəqabət" sxemlərini aşkara çıxarır.

Argentinada "fəhlələrin" Boca Juniors klubu ilə "zənginlər təbəqəsinin" River Plate-in rəqabəti, Şotlandiyada "protestant" Glasgow Rangers və "katolik" Celtic komandasının oyunları və İngiltərədəki "fəhlələrin" Liverpool-la "kralçı" Everton komandası arasındakı matçları belə rəqabət növlərinin təsdiqidir.

Belə görünür ki, futbol artıq hər tərəfdən 11 oyunçu arasındakı rəqabətdən kənara çıxaraq siyasi, ideoloji, mədəni və sosial proseslərin təzahürünə çevrilməkdədir.

Videonun alt yazısı, Futbol fanatı olmaq sizi xoşbəxt, yoxsa qəmgin edir?