AXCP fəalları parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər

Şəklin mənbəyi, Turan
Cümə günü AXCP fəalları Bakıda parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Polis insanların bu ərazidə toplaşmasına imkan verməyib və bəzi şəxslər polis maşını vasitəsi ilə oradan uzaqlaşdırılıb.
Parlamentdən bir qədər aralıda yerləşən, "Əzizbəyov parkı" kimi tanınan əraziyə toplaşan aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "İstefa", "Azadlıq" kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçılarından biri deyib ki, onlar Siyasi partya haqqında yeni qanun layihəsinə etiraz edirlər, koronavirusa görə bağlanan quru sərhədlərin açılmasını tələb edirlər. "Rusiyada qalan azərbaycanlılar vətənə gələ bilməlidirlər" - iştirakçılardan biri deyib.
AXCP Milli Məclisin müzakirəyə çıxardığı Siyasi Partiyalar haqqında yeni qanun layihəsinin ləğv edilməsi tələbi ilə sentyabrın 30-da parlamentin qarşısına etiraz aksiyası təyin edib.
Bakı şəhər İcra Hakimiyyəti aksiyanı "məqsədəuyğun" hesab etmədiyi üçün keçirilməsinə icazə verməyib, bu barədə Əli Kərimli sosial media hesabında bildirib.
DİN sözçüsü Elşad Hacıyev BBC-yə deyib ki, "razılaşdırılmayan, sanksiyalaşdırılmayan, qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınacaq".
Bəzi müxalif fəalların hələ aksiyadan xeyli qabaq saxlandığı barədə xəbərlər yayılmışdı.

Şəklin mənbəyi, Əminə Məmmədova
Polis siyasi fəal Tofiq Yaqublunu saxlayıb
Cümə günü səhər saatlarında Milli Şuranın üzvü Tofiq Yaqublu evindən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu barədə onun qızı Nigar Həzi BBC Azərbaycancaya məlumat verib.
Daxili İşlər Nazirliyi BBC-yə yalnız Tofiq Yaqublunun saxlandığını təsdiqləyib və deyib ki, o, "razılaşdırılmamış mitinqə çağırış etdiyi üçün barəsində araşdırma aparılır".
Nigar Həzi BBC-yə deyib ki, polis əməkdaşları erkən saatlarda Tofiq Yaqublunun yaşadığı evin ətrafında "postlar qurublar".
"Özü mənə video çəkib atdı ki, evin hər iki tərəfində polislər postlar qurub, mənim evdən çıxmağımı gözləyirlər. Elə evdən çıxan kimi də Tofiq Yaqublunu saxlayıb aparıblar, amma hazırda harada olduğunu bilmirik", - Nigar Həzi bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı, AXCP sədr müavini Seymur Həzi ilə atasının harada olduğunu öyrənmək üçün dərhal 34-cü polis bölməsinə gediblər, lakin bölmədə "polislər Seymur Həzini də saxlayıb".
O, atasının və həyat yoldaşının polis tərəfindən saxlanmasını onların bu gün keçirilməsi planlaşdırılan "etiraz aksiyasında iştirakına mane olma cəhdi" kimi qiymətləndirib.
DİN-nin sözçüsü Elşad Hacıyev BBC Azərbaycancaya Tofiq Yaqublunun polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləsə də, digərləri barədə məlumatlı olmadığını bildirib.
"Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyi üçün saxlanılıb. Hazırda araşdırma aparılır. Araşdırma bitdikdən sonra sərbəst buraxılacaq", - o deyib.








