Azərbaycan-Ermənistan sərhədində döyüşlər: Fransa BMT Təhlükəsizlik Şurasının toplantısını çağırır

Emmanuel Macron Makron Fransa BMT Təhülkəsizlik Şurasının toplantısını çağırır

Şəklin mənbəyi, Getty Images

Fransa Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-də gecə başlayan döyüşlərlə bağlı BMT Təhlükəsizlik Şurasının toplantısını çağırır. Bu barədə Fransa Prezidenti Emmanuel Macron məlumat yayıb və əlavə edib ki, o, tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır.

Azərbaycan-Ermənistan sərhədində, Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində dünən gecə baş vermiş döyüşlərdə Ermənistan tərəfi 49 həbçisini itirib, Azərbaycan da itkisi olduğunu açıqlayıb, ancaq təfsilati məlumat verməyib.

İki ölkə arasında baş verən gərginlik beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub və tərəflər dərhal atəşkəsə çağrılıb.

ABŞ Dövlət Departamenti rəhbərinin açıqlaması

ABŞ dövlət katibi çərşənbə axşamı bildirib ki, o, Rusiyanın Azərbaycan və Ermənistan arasındakı münaqişədə "aranı qarışdırmağa" cəhd edə biləcəyindən narahatdır.

Antony Blinken bu barədə İndiana ştatında keçirilən tədbir vaxtı jurnalistlərə açıqlama verərkən danışıb.

"Rusiyanın hansısa formada aranı qarışdırmağa və ya Ukraynadan diqqəti yayındırmağa cəhd göstərməsi bizi həmişə narahat edən məsələdir".

ABŞ dövlət katibi deyib ki, Rusiya regiondakı nüfuzundan vəziyyəti "sakitləşdirmək" üçün istifadə etməlidir.

Blinken

Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbəri hər iki ölkə liderlərilə əlaqə saxlayıb.

Dövlət katibi gecə saatlarında Azərbaycan Prezidenti ilə danışıb. Antony Blinken İlham Əliyevi hərbi əməliyyatları dayandırmağa və Ermənistanla Azərbaycan arasında məsələnin sülh yolu ilə həllinə çalışacağını vurğulayıb, ABŞ Dövlət Departamentinin rəsmi məlumatında deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan sərhədində vəziyyətin "kəskin şəkildə gərginləşməsindən" son dərəcə narahat olduğunu bildirib.

"Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə yerinə yetiriləcək", - XİN-in yaydığı açıqlamada bildirilib.

Rəsmi məlumata əsasən, hər iki tərəflə "sıx əlaqə"də olan Moskva belə bir prinsipdən çıxış edir ki, məsələ dinc yolla həll olunmalıdır.

"Ermənistan və Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə Rusiyanın konsultativ yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir".

Sənəddə həmçinin Ermənistanın Rusiya və KTMT-yə müraciət etdiyi qeyd olunur.

Avropa İttifaqı: xüsusi nümayəndə təcili regiona göndərilir

NATO BMT KTMT Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

"Döyüş əməliyyatlarının dayandırılması və danışıqlar masasına qayıtmaq mütləqdir. Bütün qüvvələr bu gərginlikdən əvvəl tutduğu mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir", - Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borellin bəyanatında belə deyilir.

Cənab Borrell vurğulayıb ki, Avropa Şurasının Prezidenti Charles Michel hər iki ölkənin liderləri ilə, o özü isə xarici işlər nazirləri ilə danışıqlar aparır.

"Avropa İttifaqı xalqların mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan bir Cənubi Qafqaz məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında dürüst vasitəçi kimi fəaliyyət göstərməyə davam etmək öhdəliyinə sadiqdir", - Aİ nümayəndəsi deyib.

Josep Borel həmçinin Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar-ın "vacib deeskalasiyanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüssel dialoqu prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcəyini" açıqlayıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından bəyanat

Ermənistan lideri Nikol Paşinyan iki ölkə arasında baş verənlərlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

"Biz güc tətbiqini qəbuledilməz hesab edirik", - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, "ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 09 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan və razılaşmalardan istifadə edilməlidir".

KTMT "sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirdiyini" də açıqlayıb.

"Ermənistan tərəfinin Ermənistan Respublikasına yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birgə Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edib", sənəddə bildirilir.

Azərbaycan və Ermənistan rəsmiləri sərhəddə atəşkəs elan edilməsi ilə bağlı indiyə kimi hər hansı məlumat yaymayıb.

NATO-dan bəyanat

NATO Azərbaycan və Ermənistan sərhədində gedən "hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi təcili azaltmağa çağırır", - NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Javier Colomina öz şəxsi Twitter hesabında yazıb.

"Ermənistan və Azərbaycan sərhədləri boyunca edilən hücumlardan, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsindən çox narahat olduq", - Javier Colomina vurğulayıb.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından bəyanat

Ermənistan və Azərbaycan sərhədində baş verən "hərbi düşmənçiliyin eskalasiyası" dərhal dayandırılmalıdır, bu barədə Polşanın ATƏT-ə sədrliyinin "Twitter" hesabında dərc olunmuş bəyanatda deyilir.

"Diplomatik yolda əldə edilən irəliləyişlər hədər olmamalıdır. Polşanın ATƏT-ə rəhbərliyi davamlı həllin əldə edilməsinə kömək etməyə hazırdır", - bəyanatda deyilir.