Baş Prokurorluq: Əvəz Zeynallı və Elçin Sadıqov "mediada yayımlanan məlumatlar və müraciət" əsasında saxlanıb

Əvəz Zeynallı və Elçin Sadıqov

Şəklin mənbəyi, APA/Sosial media

    • Müəllif, İzolda Ağayeva
    • Vəzifə, Bakı, BBC Azərbaycanca

Baş Prokurorluq bazar ertəsi yaydığı məlumatda bir gün əvvəl barələrində həbs qətimkan tədbiri seçilən jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov haqqında Cinayət Məcəlləsinin "külli miqdarda rüşvət alma" maddəsi ilə cinayət işinin başlandığını və istintaq aparıldığını bildirib.

Barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən Əvəz Zeynallı və Elçin Sadıqov bu ittihamlar üzrə özlərini təqsirli bilmirlər, vəkilləri və yaxınları bildiriblər.

Baş Prokurorluğun məlumatında deyilir ki, "Xural Yayınları" MMC-nin baş redaktoru Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin hazırda həbsdə olan keçmiş sədri Rasim Məmmədovun yaxınlarından cəmiyyətdə onun haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqustunda 20 min manat rüşvət alıb".

Prokurorluğun bəyanatında Rasim Məmmədovun vəkili Elçin Sadıqov "rüşvətin alınmasında vasitəçilik etməkdə" ittiham olunub.

Əvəz Zeynallı və Elçin Sadıqov şənbə günü saxlanılıb. Onlar cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər, Turan agentliyi bildirir.

Baş Prokurorluq cinayət işinin "mediada yayımlanan məlumatlar" və prokurorluğa "daxil olmuş müraciət əsasında aparılan araşdırma" nəticəsində qaldırıldığını bildirib.

Əvəz Zeynallı və Elçin Sadıqovun ittiham olunduğu maddə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Əvəz Zeynallı

Şəklin mənbəyi, Sosial media

Şəklin alt yazısı, Əvəz Zeynallı ofisində axtarışdan sonra. Orda olan hüquq müdafiəçilərinin sözlərinə görə, Xural TV-nin rəhbəri öz maşını ilə prokurorluq işçilərini müşayiət edib.

Nə baş verib?

Bir neçə gün öncə haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev iddia edib ki, jurnalist Əvəz Zeynallı həbsdə olan bir iş adamının ailəsindən yüksək məbləğdə pul tələb edib və bunun müqabilində onu tənqid etməyi dayandıracağını bildirib. Əvəz Zeynallı bu iddiaları rədd edib.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı sosial şəbəkələrdə yayılan videolarda deyib ki, həyat yoldaşı "Tərtər işi" ilə bağlı işlərinə görə hədələnirdi. "Əvəz dəfələrlə təhdid olunurdu. Ən çox da "Tərtər işi"nə görə təhdid olunurdu. Ondan bu işi araşdırmağı dayandırmağı tələb edirdilər".

Sosial şəbəkələrdə yayılan video görüntülərdə ofisində edilən axtarışdan sonra şəxsi avtomobilinə minən Əvəz Zeynallının video kameraya iki hökumətyönlü jurnalistin adını çəkərək, "azad sözü və müstəqil internet televiziyalarını susdurmaq planı var. Hər şey yaxşı olacaq" dediyi görünür.

Qətimkan tədbirinin dəyişdirilməsinə çağırış

Bazar günü hüquq müdafiəçiləri və jurnalistlər Zeynallı və Sadıqovun həbs qətimkan tədbirinin dəyişdirilməsinə səsləyiblər. Ədalət Naminə Həmrəylik Komitəsinə daxil olan doqquz nəfər belə çağırışla Prezident İlham Əliyevə müraciət edib.

Yayılan sənəddə deyilir ki, Zeynallı hakimiyyət nümayəndələrinin "məsuliyyətini nəzərdə" tutan 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunur. "Amma Sadıqov kimi o da hakimiyyət nümayəndəsi deyil", müraciətdə deyilir.

Komitə üzvlərinə əsasən, ittihamların irəli sürülməsinə KİV vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə və dövlət orqanlarının qərar qəbul etməsinə "təzyiq göstərib". İndiyədək Zeynallı və Sadıqov "cəmiyyətin və istintaqın" suallarından yayınmayıblar.

"Bununla əlaqədar olaraq, qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik", - müraciətdə deyilir.

Xural TV-də axtarış

Jurnalistin sahibi olduğu Xural TV-də axtarış aparılan zaman orada olan ictimai fəal Bəxtiyar Hacıyev BBC-yə bildirib ki, onları binaya buraxmayıblar:

"Prokurorluq işçiləri redaksiyaya girib qapını bağlamışdılar. Bir müddət sonra gördük ki, əllərində bir neçə çanta sənədlə avtomobillərinə mindilər. Daha sonra Əvəz Zeynallını öz maşınına mindirərək oradan uzaqlaşdılar".

Şənbə günü Müdafiə Xətti hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov BBC News Azərbaycancaya deyib ki, hüquq mühafizə orqanlarından aldıqları qeyri-rəsmi məlumata görə, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin passiv rüşvətxorluq maddəsi ilə cinayət işi açılacaq:

"Bu gün (şənbə günü -red.) bizə - "Müdafiə Xəttinə" jurnalist Əvəz Zeynallının evində və Xural Tv-nin ofisində axtarış olması ilə bağlı məlumat daxil oldu. Ümumi məlumat budur ki, CM-nin 311-ci (passiv rüşvətxorluq) maddəsi ilə cinayət işi açıldı. ...Nə baş verəcəyini irəliləyən saatlar göstərəcək", - o əlavə edib.

Əvəz Zeynallı və Elçin Sadıqovun saxlanması barədə həmin gün Baş Prokurorluqdan məlumat almaq mümkün olmayıb.

2011-ci ildə rüşvət almaq ittihamı ilə həbs edilən Əvəz Zeynallı iki ildən sonra 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2014-cü ildə əfv fərmanı ilə azadlığı çıxıb. Əvəz Zeynallı ittihamları həmişə rədd edib. O vaxtlar hüquq müdafiəçiləri jurnalistin həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyiblər.

Vəkili Elçin Sadıqov
Şəklin alt yazısı, Vəkili Elçin Sadıqovun ofisində prokurorluq orqanları tərəfindən axtarış aparılıb.

Elçin Sadıqovun ofisində axtarış

Əvəz Zeynallı saxlanıldığı zaman paralel olaraq sözügedən iş adamının vəkili Elçin Sadıqovun da evində və ofisində prokurorluq orqanları tərəfindən axtarış aparılıb. Bu barədə vəkil özünün Facebook profilində məlumat yayıb:

"Baş Prokurorluqdan zəng etdilər. Vəkil olduğum üçün ofisə axtarışa gəlirlər".

Rüfət Səfərov bildirir ki, vəkil Elçin Sadıqov ofisdən çıxarkən ona suallara cavab verməyə imkan verilməyib:

"Biz hələ də bilmirik ki, Elçin bəy və ya Əvəz bəy hansı statusda saxlanılıb. Elçin Sadıqov ofisdən çıxarılan zaman onun qollarını prokurorluq işçiləri sağdan-soldan tutdular, bizi də ora-bura itələdilər, maşına mindirdilər. İmkan vermədilər ki, biz suallarımızı verək. Bilirsiniz, bu nəyə bənzədi? Yəni, adam təqsirləndirilən şəxs və ya şübhəli şəxs qismində olanda bu formada aparılır".

Elçin Sadıqovun ofisində axtarış zamanı orada olan ictimai fəal Bəxtiyar Hacıyev də hesab edir ki, hadisələrin belə davam edəcəyi bir neçə gündür ki, bəlliymiş:

"Artıq bir neçə gün əvvəl "siqnallar" gəlirdi, hakimiyyətyönlü jurnalistlər kampaniyaya başlamışdı", - o deyib.

Bəxtiyar Hacıyev hesab edir ki, Əvəz Zeynallı əlində olan məxfi sənədlərlə bağlı saxlanılmış ola bilər. "... ictimai maraq doğuran bir məlumatın yayılmasının qarşısını cinayət işi açaraq alırlarsa, bu, azad sözün boğulmasıdır. Eyni zamanda, Elçin Sadıqovın ofisində axtarış aparılması, onun hər hansı şəkildə cinayət işinə cəlb olunması vəkillərin peşə fəaliyyətinə basqı kimi qiymətləndirilməlidir".

Elçin Sadıqovun vəkili Şəhla Hümbətovanın Toplum TV-yə açıqlamasına görə, onun haqqında Cinayət Məcəlləsinin "rüşvət alma" maddəsi üzrə cinayət işi açılıb:

"Elçin Sadıqov istintaqa ifadə verməkdən imtina etdi. Bildirdi ki, bu, onu hazırda apardığı işdən və ümumiyyətlə, gördüyü işlərdən çəkindirmək üçündür. O, həmçinin dedi ki, heç bir cinayət törətməyib, təqsirsizdir. Baş verənlər iştirak etdiyi siyasi xarakterli işlərə görə cəzalandırma xarakteri daşıyır", - vəkil deyib.

Elçin Sadıqov

Şəklin mənbəyi, Sosial media

Şəklin alt yazısı, Elçin Sadıqov ofisindəki axtarışdan sonra

Elçin Sadıqovun həyat yoldaşı və sözügedən iş adamının ikinci vəkili Zibeydə Zəkəriyyəyeva BBC News Azərbaycancaya nə baş verdiyini anlamadığını deyib:

"Bizim evdə axtarış aparmaq üçün prokurorluğun mənə təqdim etdiyi sənəd qanuni deyildi. Çünki o sənəddə bizim daha əvvəl yaşadığımız evin ünvanı qeyd olunmuşdu. Qanunla isə konkret harda axtarış aparılacaqsa, oranın ünvanı qeyd olunmalıdır. Həmçinin, Elçinin ofisində aparılacaq axtarışda da dəqiq ünvan yox idi. Evimizə gələn hal şahidlərini də özləri ilə gətirmişdilər. Mən öz qonşularımızın hal şahidi olmasını təklif etdim, qəbul etmədilər".

Vəkilin sözlərinə görə, o, müvəkkilinin bazar ertəsi keçiriləcək məhkəməsi üçün hazırlaşmalıymış, lakin prokurorluq onun evindəki sənədləri müsadirə edib:

"O sənədləri götürməklə bağlı əllərində heç bir qanuni əsas yox idi. Nə olsun ki, mən Elçinlə eyni evdə yaşayıram? O sənədlər mənə məxsus idi. Onlar mənim iş materiallarım idi, lakin hamısını apardılar. Mən etiraz etdim, amma məhəl qoymadılar".

Zibeydə Zəkəriyyayeva deyir ki, bu saata qədər, yəni axşam saat 10 radələrinə qədər ona ailə üzvü kimi Elçin Sadıqovun harada olması ilə bağlı məlumat verilməyib. O, həmçinin güman edir ki, baş verənlər Elçin Sadıqovun peşə fəaliyyəti ilə bağlıdır:

"Elçin insan hüquqları ilə məşğul olur. Onun müdafiə etdiyi adamların çoxu həmişə tənqidi fikirdə olan adamlardır. İndi isə Elçini həbs etmək üçün məqamdır".

Son günlər sözü gedən iş adamının məhkəməsində Elçin Sadıqov vəsatət qaldırıb, müəyyən adlar, o cümlədən Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adını çəkmişdi və məhkəmədə dindirilməsini istəmişdi, deyə Zibeydə Zəkəriyyayeva xatrıladıb və iddia edib ki, "baş verənlər bununla bağlıdır".

Vəkil Elçin Sadıqov hüquq müdafiəçiləri, fəallar və media nümayəndələrinin müdafiəsinə görə tanınır. O, dəfələrlə peşə fəaliyyəti ilə bağlı təzyiqlərə məruz qaldığını deyib.