Qətlə yetirilən jurnalist Əvəz Şıxməmmədovun həmkarı: "Əvəz ailəsi və qohumları tərəfindən təzyiqlərə məruz qalırdı"

Əvəz Hafizli LGBT jurnalist boğazı kəsilərək öldürülmüş jurnalist Pərvin Abışova

Şəklin mənbəyi, Əvəz Hafizli/Facebook səhifəsi

Bu gün günorta saatlarında jurnalist-bloqqer Əvəz Şıxməmmədov Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində bıçaqlanaraq, qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevin BBC News Azərbaycancaya verdiyi məlumata görə, cinayəti jurnalistin əmisi oğlu 24 yaşlı Əmrulla Güləliyev törədib.

"İlkin araşdırmalara görə, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib", - Elşad Hacıyev bildirib.

Jurnalistin yaxın dostu Pərvin Abışova sonuncu dəfə bu gün günorta saat 12 radələrində Əvəz Şıxməmmədova mesaj yazdığını bildirib.

"Əvəzin nömrəsinə yazdım, amma cavab gəlmədi. Bundan üç-dörd gün qabaq telefonla danışmışdıq. LGBTQ+ üzvü olduğundan, ona hər zaman ailəsi və qohumları tərəfindən təzyiqlər edilirdi", - Pərvin Abışova qeyd edib.

Balaxanı, Bakı, cinayət, LGBT, jurnalist

Şəklin mənbəyi, Teymur Kərimov

Şəklin alt yazısı, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Jurnalist Əvəz Şıxməmmədovun qətlə yetirildiyi ev (solda)

Pərvin Abışova əlavə edib ki, cinsi orientasiyasına görə, ailəsi tərəfindən diskriminasiyaya məruz qalan Əvəz kirayə ev tutmuşdu və tez-tez evi dəyişirdi.

Əvəz Şıxməmmədovun jurnalist tanışı Teymur Kərimov BBC News Azərbaycancaya deyib ki, Əvəzin meyitini maşına qoymağa kömək edərkən, boğazının sol tərəfdən çənəsinə qədər kəsildiyini görüb.

Teymur Kərimovun sözlərinə görə, son günlər Əvəz anasına baş çəkmək üçün getdiyi Balaxanı qəsəbəsindəki evlərində qalırdı.

"Biz jurnalist dostlarla Əvəzgilə gələndə, yolda qonşulardan biri dedi ki, bəs onu əmisi oğlu öldürüb. Qonşuya da deyib ki, Əvəzi öldürdüm, gedirəm polisə təslim olmağa", öldürülən jurnalistin yaxın həmkarı sözlərinə əlavə edib.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib ki, hadisəni törədən Əmrulla Güləliyev tutularaq, istintaqa təhvil verilib.

Hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirlərini davam etdirir.