Polis intihara cəhd edən şəxslərlə necə davranacağını bilirmi?

Şəklin mənbəyi, Getty images
- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Bir müddət əvvəl Gənclik metrosunda intihara cəhd edən bir qazinin görüntüləri yayıldı. Videoda 3-4 polis nəfəri hərbçi geyimində olan bir şəxsi qollarından tutaraq, metronun daxili otaqlarından birinə doğru aparıb qapıdan içəri salırlar. Bu görüntü sosial mediada qəzəb doğurmuşdu.
Lakin qəzəblə yanaşı, bu görüntülər həm də insanlarda sual yaratmışdı ki, intihara cəhd edən şəxslə bu cür davranmaq doğrudurmu?
2021-ci ildə Daxili İşlər Nazirliyi yanında yaradılmış İctimai Şuranın sədri Əliməmməd Nuriyev deyir ki, polis üçün müxtəlif mövzuda treninqlər keçirilir və keçirilməkdə davam edir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
O vurğulayır ki, tez-tez səsləndirilən daxili işlər orqanlarında çalışan şəxslər üçün genişmiqyaslı təlimlərə ehtiyac olduğu fikri ilə razıdır.
"Bu təlimlərin daha da genişləndirilməsinə, yeni-yeni mövzuların əhatə edilməsinə, o cümlədən aksiyada iştirakla bağlı, aksiyada hansı davranışı göstərməklə bağlı da təlimləri genişləndirməyə ehtiyac var. Çünki polis orqanlarında daimi olaraq təzələnmə baş verir. Əlbəttə ki, yeni şərtlərin gəlməsi bunlar üçün müəyyən müddətdə bəzi vərdişləri mənimsəmək üçün, qaydalara əməl etmək üçün müəyyən vaxt tələb olunur. Eyni zamanda peşəkarların bu istiqamətdə təlim keçməsinə ehtiyac var. Yeri gəlmişkən elə özümüz də DİN yanında İctimai Şura polislər üçün təlimlər həyata keçirmək arzusunda olduğunu bildirib. Bu da çox yaxşı da qarşılanmışdı".
Əliməmməd Nuriyev deyir ki, polisdə çalışan bəzi şəxslərin də qanunsuz hərəkətlərə yol verməsini "heç kim inkar etmir".
"Bunu heç kim inkar etmir. Məhz buna görə mən dedim ki, onlara intizam qaydasında xəbərdarlıq edilib, işdən azad edilib, vəzifəsi aşağı salınıb. Bəzilərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı sənədlər göndərilib. Yəni, bu proses də var. Polis orqanında işləyən bir şəxs də cəmiyyətin bir hissəsidir. Proses qurulub".
Cənab Nuriyev hesab edir ki, "gərginliklə dolu bir zamanda yaşadığımız üçün ölkədə gedən proseslərin fonunda polisin üzərinə daha böyük bir məsuliyyət düşür, onun məsuliyyəti daha da artır və polis adekvat olaraq, fəaliyyət göstərməyə cəhd edir".
Lakin o deyir ki, qaydaları pozan polislər davranışlarına uyğun cavablar alıblar.
"İndiyədək onlarla polis əməkdaşına məhz polis orqanlarında bir sıra hallarda qanunazidd hərəkət etdiklərinə görə intizam tənbeh tədbirləri tətbiq olunub, bəzilərinin fəaliyyətinə xitam verilib, bəzilərinin sənədləri hətta məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq strukturlara göndərilib. Yəni, bu proseslər hələ də davam edir".
Əliməmməd Nuriyev vurğulayır ki, hətta aksiyalar zamanı belə iddia olunursa ki, aşırı güc tətbiq olunub, daha yuxarı polis orqanlarına müraciət etmək mümkündür.
O vurğulayır ki, indiyədək təmsil olunduğu Şuraya gələn bütün vətəndaş müraciətləri Daxili İşlər Nazirliyinə yönəldilir və indiyədək bu müraciətlərin 80 faizi yerində həll olunub.
Sosial mediada ara-sıra intihara etməyə cəhd göstərən şəxslərin intihar cəhdi anlarının video görüntüləri yayılır. Həmin görüntülərin altında ayrı-ayrı vətəndaşların şərhləri diqqət çəkir. Bəziləri intihara cəhd edən şəxsləri "xilas edilənə deyil, həbs edilənə bənzədir", bəziləri həmin şəxslərin hüquqi problemlərlə üzləşəcəyini proqnozlaşdırır, digərləri isə "öz işini daha da ağırlaşdırdığını" yazırlar.
DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyir ki, bütün hallarda daxil olan, vətəndaş müraciətləri, şikayətlər, eləcə də polisin özü tərəfindən aşkarlanan insan həyatı ilə bağlı bütün zəruri təlim və təlimatlara uyğun olaraq, polisin fəaliyyətində bu meyarlar əsas götürülür və polis əməkdaşlarının hazırlığında müəyyən istiqamətləndirici məlumatlar çatdırılmaqla onlara öyrədilir.
Din rəsmisi bildirir ki, polis əməkdaşları xidmətə qəbul olunarkən seçim turundan keçdikdən, sonra tibbi yoxlamalardan da keçir və müəyyən tibbi yoxlamalar prosesinə həm də onun psixoloji vəziyyətinin yoxlanılması daxildir.
"Polis əməkdaşları həm də mütəmadi olaraq tibbi yoxlamadan keçirilirlər. Bu mövsümi xarakter daşımır. Təlimata uyğun olaraq, nəzərdə tutulan müddətdə onun sağlamlıq, psixoloji vəziyyəti, eləcə də xidmət etdiyi strukturda, bölmədə, şöbədə, idarədə mütəmadi olaraq polis əməkdaşlarının davranışlarına, onların hərəkətinə xüsusi nəzarət olunur".
İntihar etməyə çalışan qaziyə qarşı "kobud davranışın" müşahidə olunduğu videogörüntülərlə bağlı ilə cənab Hacıyev deyir ki, polis əməkdaşları onun daha ağır formada özünə xəsarət yetirməsinin qarşısını alması məqsədi ilə tədbirləri profilaktik qaydada keçiriblər.
"Qazi metroda qatarın içində benzini töküb, yandırmağa cəhd edərkən, vaqondakı sərnişinlər onun üzərinə tökülüşərək, əlindəki alışqanı alıblar. Onu sərnişinlər vaqondan çıxarıb təhvil verirlər polis əməkdaşlarına. O qədər aqressiv, adekvat olmayan formada davranır ki. O görüntülərə fikir verin, o şəxsin hər iki qolundan tutub saxlayıblar. Adekvat formada özünə xəsarət yetirməsinin qarşısı alınıb".
Cənab Hacıyev deyir ki, həmin görüntülər araşdırılıb, orada polis əməkdaşlarının hər hansı formada həmin şəxsə qarşı xüsusi olaraq xoşagəlməz rəftarı müşahidə edilməyib. Sadəcə bu, yalnız vətəndaşın hərəkətlərinin qarşısının alınmasına yönəlmiş tədbirlər olub.
Elşad Hacıyev vurğulayır ki, polis əməkdaşları intihar edən şəxs gördükdə və ya ona hər hansı məlumat daxil olduqda, aidiyyəti üzrə dərhal ilk olaraq, FHN, xəstəxana, təcili yardımı məlumatlandırmalıdır və onu xilas etmək üçün zəruri imkanları varsa qeyd-şərtsiz müdaxilə etməlidir.
O, bütün polislərə eyni təlimlərin keçirildiyini, amma yalnız FHN-nin intihara cəhd edən şəxslərlə bağlı ixtisaslaşmış briqadasının olduğunu vurğulayır.






