Azərbaycan İran vasitəsilə Türkmənistandan qaz alacaq

Şəklin mənbəyi, Azertag
Noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirilib.
Bu barədə hər iki ölkənin rəsmi informasiya mənbələri məlumat yayıb.
İlham Əliyev və Seyid İbrahim Rəisi arasında görüş İqtisadi Əməkdaşlıq Təşkilatının Türkmənistan paytaxtı Aşqabadda keçirilən zirvə toplantısı çərçivəsində baş tutub.
İran Prezidenti Seyid İbrahim Rəisi son zamanlarda nazirlər və nazir müavinləri səviyyəsində Bakı ilə Tehran rasında "çox yaxşı təmasların olduğunu" qeyd edib.
"Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə təmaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər", - Rəisi deyib.
Seyid İbrahim Rəisi qeyd edib ki, Azərbaycan ilə İran arasında münasibətlər "təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür."
"Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik", - İran Prezidenti söyləyib.
Seyid İbrahim Rəisinin sözlərinə görə, Qarabağ məsələsinə münasibətdə də İranın mövqeyi "şəffaf və birmənalı idi."
"İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır", - İran Prezidenti qeyd edib.

Şəklin mənbəyi, Azertag
Prezident İlham Əliyev bu görüşün "İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəyinə" əminliyini bildirib.
"Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq", - Prezident İlham Əliyev deyib.
Azərbaycanın və İranın rəsmi mediasında yer alan məlumata əsasən, görüşdə "Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub."
"Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb."
Görüşdə "Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib."
Azərbaycan İran vasitəsilə Türkmənistandan qaz alacaq

Şəklin mənbəyi, Azertag
Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" imzalanıb.
Sazişin imzalanmasından sonra İran mediasına müsahibə verən Prezident İlham Əliyev deyib ki, "bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək."
"Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir."
İlham Əliyevin sözlərinə görə, imzalanmış sənədin də "çox böyük əhəmiyyəti var."
"Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var", - Azərbaycan Prezidenti vurğulayıb.
Prezident Seyid İbrahim Rəisi İran mediasına bildirib ki, Azərbaycan Prezidenti ilə "iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edilib".
"Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil", - Rəisi deyib.
"Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir", - İran Prezidenti vurğulayıb.
İran mediasının yazdığına görə, 2021-ci il dekabrın 25-dən başlayaraq Azərbaycan İran vasitəsilə Türkmənistandan ildə 1,5-2 milyard kubmetr qaz alacaq.
Bu sövdələşmədən əldə ediləcək qazanc sayəsində İran öz qazını ölkənin beş bölgəsinə yönəldə biləcək.
Azərbaycan və Türkiyə prezidentləri görüşüblər

Şəklin mənbəyi, Azertag
Noyabrın 28-də Türkmənistan paytaxtı Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə görüşü olub.
Azərbaycan və Türkiyə prezidentləri Türkmənistan paytaxtında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının işində iştirak edirlər.
Bu görüşdən əvvəl Azərbaycan və Türkiyə prezidentləri İƏT sammitində iştirak edən İran prezidenti ilə də ayrıca görüşlər keçiriblər.
Rəsmi məlumata əsasən, Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasında "müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi" aparıblar.
Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.
İlham Əliyev: "Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir"

Şəklin mənbəyi, Azertag
Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin "reallığa çevrildiyini" bildirib.
İlham Əliyev bu sözləri 26 noyabr tarixli Rusiya və Ermənistan liderlərinin iştirakı ilə Soçi şəhərində Vladimir Putinin təşəbbüsü ilə baş tutmuş üçtərəfli görüşdən iki gün sonra, bu gün Türkmənistan paytaxtı Aşqabadda keçirilən İƏT sammitində çıxışı zamanı bəyan edib.
"İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər", - Azərbaycan Prezidenti deyib.
İki güb əvvəl Rusiya Prezidentinin təşəbbüsü ilə noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüş zamanı Prezident İlham Əliyev bildirmişdi ki, ötən il ərzində "Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib."
"Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib", - İlham Əliyev üçtərəfli Soçi görüşü gedişində deyib.
Bu gün Aşqabadda İlham Əliyev "Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası" elan etdiyini İƏT sammiti iştirakçılarının diqqətinə çatdırıb.
"Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir", Əliyev bildirib.
Azərbaycan Prezidentinin sözlərinə görə, həmin ərazilərdə başlanmış yenidənqurma işlərinin "artıq ilkin nəticələri var."
"Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır", - Əliyev qeyd edib.
Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

Şəklin mənbəyi, Azertag
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti işinə başlayıb.
İƏT təşkilatına hazırda 10 ölkə daxildir: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstan.
Prezident İlham Əliyev İƏT sammitində iştirak etmək üçün bu gün Türkmənistan paytaxtına gəlib.
Aşqabad sammitində İran, Türkiyə, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan prezidentləri də iştirak edirlər.
İran mediasının daha əvvəl yazdığına görə, İƏT sammiti çərçivəsində Azərbaycan və İran prezidentlərinin görüşü də istisna olunmur.
- İlham Əliyevdən İrana mesaj: "Araz çayının kənarında deyirəm, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq"
- İranla Azərbaycan arasında gərginlik artır – Bakı sakinləri nə düşünürlər?
- “Arazı ayırdılar”: Erdoğanın Bakıda “Laçın” bayatısını söyləməsi Cavad Zərifi niyə qəzəbləndirdi?
- "İranın bütün qorxusu bizik. İran İrandaki türklərin oyanmasından qorxur" - İrandan sǝslǝr






