Baş nazirin müavini Şahin Mustafayev Tehranda İranın neft naziri ilə görüşüb

Azərbaycan nümayəndə heyəti

Şəklin mənbəyi, Azertag

Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev bu gün Tehranda İranın neft naziri Cavad Övci ilə görüşüb.

Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan hökümət nümayəndə heyətinin İrana səfəri noyabrın 21-də başlayıb.

Görüşdə Azərbaycan ilə İran arasında neft və qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Qaz mübadiləsi sahəsində mövcud razılaşmaların icra vəziyyəti müzakirə edilib və bu çərçivədə aparılan işlərin davam etdirilməsi məqsədəmüvafiq hesab olunub", görüşlə bağlı rəsmi Bakının yaydığı məlumatda qeyd olunub

"Əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd edilib, habelə neft və qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında faydalı müzakirələr aparılıb", məlumatda deyilib.

İran mediasının bildirdiyinə görə, görüşdə eləcə də Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsi haqqında razılıq əldə olunub.

Səfər ərəfəsi rəsmi Bakının yaydığı məlumatda deyilirdi ki, "səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq."

Xudafərin körpüsü

İran mediası İran və Azərbaycan prezidentlərinin noyabrın 28-də görüşə biləcəyini yazıb

İranın rəsmi xəbər agentliyi IRNA Türkmənistanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti çərçivəsində İran və Azərbaycan prezidentlərinin görüşünün baş tuta biləcəyini yazıb.

İƏT sammitinin noyabrın 28-də Türkmənistan paytaxtı Aşqabad şəhərində keçirilməsi nəzərdə tutulub.

İƏT təşkilatına hazırda 10 ölkə daxildir: İran, Pakistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstan.

"Məlumata görə, İran və Azərbaycan prezidentlərinin Türkmənistanda İƏT sammiti çərçivəsində görüşünün əsası qoyulur", İRNA-nın Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana bu gün başlayan səfəri ilə bağlı yaydığı məlumatda deyilib.

"Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana qarşıdakı səfəri iki ölkə arasındakı hazırkı vəziyyəti yaxşılaşdırmaq və Tehran-Bakı əlaqələrini pozmaq istəyənlərə xəbərdarlıq etmək üçün yaxşı xəbər ola bilər, - İRNA bildirib. - Bu, iki ölkə arasında bu yaxınlarda baş vermiş anlaşılmazlıqdan sonra yüksəkrütbəli Azərbaycan rəsmisinin ilk səfəri olacaq."

"Mustafayevin səfəri iki ölkənin münasibətləri inkişaf etdirməyə çalışdığını göstərir", - İran rəsmi xəbər agentliyi qeyd edib.