Paşinyan Putinlə görüşdə: “Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır”

Şəklin mənbəyi, TASS
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsinin həll olunmamış qaldığını bildirib, Azərbaycan parlamenti "Müstəqillik Günü haqqında" qanun layihəsini müzakirə edib - ətraflı BBC NewsAzərbaycancanın icmalında.
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsinin həll olunmamış qaldığını bildirib.
"Təəssüf ki, bu gün bizim regionda vəziyyətin tam sabitliyindən danışmaq olmaz. Gördüyünüz kimi, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır və aydındır ki, bizim bölgədə münaqişənin həlli və təhlükəsizliyin təmin edilməsində Rusiya önəmli rol oynayır və ATƏT Minsk qrupunun həmsədridir. Bütün bu məsələlər vacibdir və mən bu gündəliyi sizinlə müzakirə edəcəyinə şadam", - Paşinyan görüşün jurnalistlər üçün açıq hissəsində deyib.
Paşinyan tez-tez keçirilən görüşlərin "Rusiya-Ermənistan münasibətlərinin yüksək dinamikasına və strateji müttəfiqlik əlaqələrin önəmli olmasının qarşılıqlı anlaşmasına dəlalət edir".
Rusiya Prezidenti bu kimi şəxsi görüşlərin məhsuldar və nəticə əldə etmək üçün yaxşı imkan olduğunu qeyd edib.
"Biz formal və qeyri-formal şəraitdə söhbət edərik, birlikdə nahar edər və cari işləri müzakirə edib, perspektivlərdən danışarıq. Bu yaxınlarda həmçinin MDB sammiti gözlənilir, mən də bununla bağlı saatlarımızı sizinlə tutuşdurmaq istərdim", - Putin deyib.
Vladimir Putin, həmçinin, qarşılıqlı əlaqələrin əsas məsələsi regionda bu gün və uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması olduğunu bildirib.
Azərbaycan bundan əvvəl verilən açıqlamalarda Qarabağ münaqişəsinin həll edildiyini bildirir.
Daha əvvəl Kremlin mətbuat xidməti Putinlə Paşinyanın danışıqları əsnasında Rusiya, Ermənistan və Azərbaycan ölkə başçıları arasında Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatların həyata keçirilməsinin gedişi, habelə regionda sabitlik və təsərrüfat əlaqələrinin möhkəmlənməsi üzrə gələcək addımlarin nəzərdən keçirilməsinin gözlənildiyini bildirib.
2021-ci ildə Putin və Paşinyan arasında üç görüş keçirilib, onlar 10 dəfədən çox telefonla danışıblar.
Milli Məclis "Müstəqillik Günü haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

Şəklin mənbəyi, Milli Məclis
Milli Məclis bu gün "Müstəqillik Günü haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Qanun layihəsində təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin, Milli Məclisin saytı yazır.
Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Müstəqillik Günü kimi qeyd olunur.
Qanun qəbul olunarsa Müstəqillik günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Ötən günki iclasda Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, "Müstəqillik Günü haqqında" qanun layihəsi Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.
Oktyabrın 11-də qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.







