Ermənistan müdafiə imkanlarına xüsusi diqqət yetirəcək – Paşinyan

Paşinyan

Şəklin mənbəyi, GOV.AM

Ermənistan öz müdafiə imkanlarına "xüsusi diqqət yetirəcək", Bakıda həyat yoldaşını güllələyən polis barədə prokurorluğun məlumatı, BP Xəzərdəki layihənin 25 faizlik payını Lukoil-a satmağı razılaşdırıb, BBC News Azərbaycancanın icmalında oxuyun.

Cümə axşamı günü hökumət iclasında 2022-ci il üçün dövlət büdcəsinin layihəsini təqdim edən Nikol Paşinyan, o cümlədən səmərəli idarəçilik və təhlükəsizliyin təminatının vacibliyi barədə danışıb.

Ermənistan müdafiə qabiliyyətinin inkişafına xüsusi diqqət yetirəcək, Baş nazir bəyan edib. O, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində ordunun müasirləşdirilməsi və yenidən təchiz edilməsindən başqa, Ermənistan Respublikası ətrafında xoş xarici mühitin yaranmasının əhəmiyyətini qeyd edib.

Bunun üçün, onun sözlərinə görə, Yerevan "Ermənistan və Artsax (ermənilər Dağlıq Qarabağı belə adlandırır) üçün sülh şəraitində inkişaf erası gündəmini ardıcıl surətdə həyata keçirməyə çalışmalıdır".

Bu kontekstdə Paşinyan regional iqtisadi və nəqliyyat infrastrukturun açılmasını Ermənistan iqtisadiyyatının məzmunu və strukturunun keyfiyyətcə dəyişməsi, iqtisadiyyatın inkişafına təkan verən və xarici investisiyalar üçün cazibəli edən bir stimul kimi nəzərdən keçirir.

Büdcə layihəsi Milli Məclisdə müzakirəyə qoyulub təsdiqləndikdən sonra qüvvəyə minir.

Baş Prokurorluq

Şəklin mənbəyi, APA

Polis idarəsində həyat yoldaşını öldürməkdə şübhəli bilinən polis saxlanılıb

Baş Prokurorluq polis şöbəsində öz arvadını öldürməkdə şübhəli bilinən polis nəfəri barədə açıqlama yayıb.

Rəsmi məlumata əsasən, hadisə şəxsi zəmində yaranmış münaqişədən sonra baş verib.

"Aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilmişdir".

Faktla bağlı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi başlanıb.

İsmayıl Məmmədovun şübhəli şəxs qismində istintaqa cəlb olunub.

İşlə bağlı istintaq tədbirləri davam etdirilir, Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Oil worker

Şəklin mənbəyi, Reuters

Lukoil Xəzərdəki layihədə BP-dən 25 faiz pay alır

British Petroleum (BP) şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) kəşfiyyat layihəsindəki payının 25 faizini Lukoil şirkətinə satmağı razılaşdırıb. Bu sövdələşmənin 2021-ci ilin sonuna qədər yekunlaşacağı gözlənilir, Lukoil şirkətinə istinadən Rusiya mediası bildirir.

AYDH kəşfiyyat layihəsindəki üçüncü iştirakçı 50 faiz paya sahib olan Azərbaycanın dövlət neft şirkətidir (SOCAR).

Lukoil Xəzər dənizinin müxtəlif hissələrində bir neçə layihə üzərində işləyir. Caspian Barrel saytındakı təhlillə əsasən, şirkətin rəhbəri Vahid Ələkbərov Azərbaycandakı layihələrini genişləndirmək fikrini səsləndirsə də, çoxları bunu Azərbaycan və Türkmənistanın birgə layihəsi olan "Dostluq"da pay almaq niyyəti kimi qəbul edirdi.

Hazırda Rusiya şirkəti son razılaşmanın bütün tərəflər üçün əlverişli olduğunu deyir.

"BP və SOCAR ilə birgə layihəyə qoşulmaq, enerji sektorunda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində Rusiya və Azərbaycanın milli maraqlarına cavab verir", - Vahid Ələkbərovun sözləri Lukoil şirkətinin açıqlamasında iqtibas olunur.

Neft üzrə təhlilçi İlham Şaban 1994-cü ildən Azərbaycanla əməkdaşlıq edən Lukoil şirkətinə payın satılmasında qeyri-adi bir şey görmədiyini deyir.

"İstər Azəri-Çıraq-Günəşli, istər Şahdəniz, istər sə digər layihələr olsun - biz görmüşük ki, 90-cə illərdən bu tərəfə paylar alınıb-satılır, bir şey gedir onun yerinə başqası gəlir".

Təhlilçinin sözlərinə görə, bəzi iri şirkətlər daha miqyaslı layihələrə maraq göstərirlər. Hərçənd ki, payının bir hissəsini satan BP Azərbaycandan getmək fikrində olmadığını bildirib.

Şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Azərbaycanda biznesi satmaq niyyətləri barədə suala mənfi cavab verib.

"Qətiyyən yox! Biz Azərbaycanda ölkənin ən iri karbohidrogen hasılatı layihələrinin əməliyyatçısıyıq və burada dünyanın ən uğurlu tərəfdaşlıqlarından birini qurmuşuq. Bu regionda otuz ilə yaxındır ki, davam edən təhlükəsiz və etibarlı biznes fəaliyyətimizdən qürur duyuruq", - Bəxtiyar Aslanbəyli Caspian Barrel saytına deyib.

İlham Şabana əsasən, kəşfiyyat layihələrində operatorun öz payını digər şirkətə satması professional dildə "risklərin bölünməsi" adlandırılır.

"Adətən neft sektorunda belədir ki, 6 kəşfiyyat quyusundan biri məhsuldar olarsa, o, yaxşı hal hesab edilir".

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gary Jones "uğurlu olduğu təqdirdə" həm Azərbaycana, həm də əməkdaşlığa fayda verəcək kəşfiyyat proqramı üzrə LUKOIL və SOCAR ilə "sıx əməkdaşlığa" ümid etdiyini bildirib.

AYDH Abşeron yarımadasının cənubundakı dayaz sularda, Xəzərin Azərbaycan sektorunda yerləşir. Bu layihə üzrə əməkdaşlıq 2014-cü ildə BP ilə SOCAR arasında əldə olunmuş müqavilə əsasında aparılır.

Həmçinin oxuyun: