Türkiyə: qəzaya uğramış Rusiya təyyarəsində olanların şəxsiyyəti müəyyən edilib

Şəklin mənbəyi, DHA
Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğramış Rusiyanın Be-200 tipli amfibiya təyyarəsinin göyərtəsində olan səkkiz nəfərin meyiti helikopterlə hadisə yerindən götürülüb.
Qəzada həlak olanların şəxsiyyəti müəyyən edilib, Türkiyə mediası bildirib.
Rusiya prezidenti Vladimir Putin ölənlərin yaxınlarına başsağlığı verib.
Putin qeyd edib ki, "Be-200 təyyarəsinin ekipaj üzvləri olan Rusiya hərbçiləri Türkiyə mütəxəssisləri ilə birgə mühüm humanitar missiyada iştirak ediblər, insanların həyatını qoruyubular, Türkiyə Respublikasında irimiqyaslı yanğınlarla mübarizə aparıblar".
"Ən mürəkkəb şəraitdə fəaliyyət göstərərək öz insani və peşəkar borcunu sona qədər yerinə yetiriblər", - Rusiya Prezidenti vurğulayıb.
Vladimir Putin Prezident Erdoğana göndərdiyi teleqramında Be-200 göyərtəsində olan Türkiyə vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib.
"Rusiyalılar türklərlə birlikdə ölkənizin üzləşdiyi təbii fəlakətlə mübarizə aparırlar. Bu itkinin ağrısı bizi birləşdirir", - Putin teleqramında bildirib.

Şəklin mənbəyi, Getty Images
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın Tvitter səhifəsində hadisəylə bağlı Rusiyaya başsağlığı verib: "Biz təyyarənin qəzaya uğraması nəticəsində Türk və Rusiya ekipajının həlak olmasından dərin üzüntü keçiririk."
"Onlar bu çətin günlərdə qəhrəmancasına mübarizə aparıblar. Biz Rusiya xalqına başsağlığı veririk", - Kalın yazıb.
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu "üzüntülü hadisə ilə bağlı Türkiyə və Rusiya xalqlarına" başsağlığı verib.
Nazir ifadə edib ki, "meşə yanğınlarında iştirak edən bu şəxslərin fədakarlığı unudulmayacaq."
Türkiyə tərəfindən Rusiyadan icarəyə götürülən Be-200 tipli amfibiya təyyarəsi avqustun 14-də yerli vaxtla saat 14:35-də havadan su tökməklə meşə yanğınlarının söndürülməsində iştirak edərkən qəzaya uğrayıb.
Göyərtədə üçü türkiyəli mütəxəssis, beşi rusiyalı hərbçi olmaqla səkkiz nəfər olub, onların hamısı qəza nəticəsində həlak olub.







