Türkiyədə istilik elektrik stansiyasına çatan yanğın nəzarət altına alınıb, təxliyə işləri davam etdirilir

Şəklin mənbəyi, YASIN AKGUL/AFP via Getty Images
Türkiyənin Muğla bölgəsində küləyin təsiri ilə Kəmərköy istilik elektrik stansiyasına keçən meşə yanğınları nəzarət altına alınıb.
Milas bələdiyyəsindən BBC Türkçə-yə verilən açıqlamada Kəmərköy istilik elektrik stansiyasına hazırda təhlükə olmadığı, stansiyaya təhlükə yaradan yanğının nəzarət altına alındığı bildirilib.
Milas bələdiyyəsi bölgədən 10 min nəfərin təxliyə ediləcəyini, gecə ərzində 1500 nəfərin təxliyə edildiyini bildirib.
NƏ BAŞ VERİB?
Dünəndən bəri Kəmərköy istilik elektrik stansiyasına keçən meşə yanğınlarının yaxınlıqdakı Yeniköy istilik elektrik stansiyasına doğru yaxınlaşdığı bildirilirdi.
Kəmərköy stansiyası yandığı vaxtda ətraf məhəllələrdəki sakinlər təxliyə edilir.
Yanğına qurudan və helikopterlərlə müdaxilə edilib, BBC Türkçe yazır.

Şəklin mənbəyi, Ali Balli/Anadolu Agency via Getty Images
AFP xəbər verir ki, alovlar stansiyanı bürüdükcə, yanğınsöndürənlər, polis və stansiyanın işçiləri sahədən çıxır.
"Alovlar Kəmərköy istilik elektrik stansiyasına girib", Milas şəhərinin bələdiyyə sədri Muhammet Tokat deyib.
Çərşənbə günü stansiya yaxınlığındakı yanğın nəzarət altına alınsa da, axşam yenidən qüvvətlənib.
Muhammet Tokat bir neçə gündür ki, yanğının istilik elektrik stansiyasına yaxınlaşdığı barədə xəbərdarlıq edərək havadan müdaxilə tələbini səsləndirmişdi.

Şəklin mənbəyi, Chris McGrath/Getty Images
Türkiyə Prezident Administrasiyasının sözçüsü Fahrettin Altun çərşənbə günü verdiyi açıqlamada deyib ki, insan itkisinə yol verməmək üçün "bütün addımlar atılıb".
O, hadisənin bu nöqtəyə gələ biləcəyini təxmin etdikləri üçün stansiyanın nəzarət altında boşaldıldığını, işçi heyətin evakuasiya edildiyini bildirib.
630 meqavat gücündə olan stansiyada elektrik istehsalı üçün kömür və yanacaqdan istifadə olunur.
BBC Türkcəyə danışan stansiya işçiləri deyib ki, stansiyada hidrogen depoları tamamilə boşaldılıb.
Bu səbəbdən partlayış riski az olsa da, sosial mediada bəzi partlayış səslərinin eşidildiyi bildirilir.
Yanğın kömür sahəsini bürüsə, sahədəki kömür bir aydan çox müddət ərzində yana və fasiləsiz karbonmonoksid qazı buraxa bilər, BBC Türkcə yazır.

Şəklin mənbəyi, Murat Kula/Anadolu Agentliyi
Erdoğan yanğınlar barədə nə deyib?
Yanğınlar stansiyaya çatanda və evakuasiya başlayanda Prezident Recep Tayyip Erdoğan TV-yə müsahibə verirdi. O deyib ki, stansiya yanmaq riskiylə üz-üzədir. ''Güclü külək var. Olmasaydı, yanğını dayandırmaq olardı,''- o bildirib.
Türkiyə Prezidenti söyləyib ki, 8 gün ərzində 187 yanğın baş verib, hazırda onlardan 15-i davam edir.
Erdoğan yanğınların "təxribat və terror hücumu" olub-olmaması barədə suallara cavabında deyib ki, bu barədə əvvəldən "narahatlıqlar" olub və saxlanılanların bəzilərinin ailəsinin "PKK terror qruplaşması ilə əlaqəsi olduğu" müəyyən edilib, Anadolu Agentliyi yazır.
Recep Tayyip Erdoğan bildirib ki, "bu məsələləri Türkiyə polisi və kəşfiyyatı araşdırır" və bu cür iddialar əsasını tapsa, "məsələnin üzərinə gediləcək".
Erdoğan Türkiyədəki meşə yanğınları ilə bağlı 50-dən çox ölkə və təşkilatlardan dəstək gəldiyini açıqlayıb.
"Həm dövlətlər, həm də təşkilatlar bizə dəstəklərini bildirdilər. Hamısına öz adımdan və millətim adından təşəkkür edirəm. Burada ən vacibi Azərbaycandır. Azərbaycan hazırda 200-ə yaxın yanğınsöndürənini bizə göndərdi. Onlar da yanğınsöndürmə fəaliyyəti ilə məşğuldurlar. Bir yanğınsöndürmə vertolyotu və çoxlu hərbçilərlə burada mübarizə aparırlar," - Erdoğan bildirib.
O deyib ki, Prezidenti İlham Əliyev təmirdən çıxan amfibiya təyyarəsini də Türkiyəyə göndərəcəyini bildirib.

Şəklin mənbəyi, Milas Belediyesi






