"Saçımdan sürüdü, başıma yumruqla vurdu" - feminist fəallar "onları döyən polislərdən" şikayət edəcək

Şəklin mənbəyi, Mikroskop Media
Bir qrup qadın hüquq müdafiəçisi Bakının Xəzər rayon polis idarəsində zorakılığa məruz qalması ilə bağlı məhkəməyə müraciət edəcək.
Hüquq müdafiəçilərindən biri Gülnarə Mehdiyeva BBC News Azərbaycancaya deyib ki, onlar avqustun 3-də qətlə yetirilən Sevinc Məhərrəmovanın ölümündə Xəzər rayon polis idarəsini "günahkar tutduqları üçün" qurumun qarşısında etiraz ediblər və bundan sonra "polis əməkdaşları onlara qarşı fiziki və mənəvi zorakılıq göstərib".
Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev qadın hüquqları müdafiəçilərinin Xəzər rayon polis idarəsində zorakılıqla üzləşməsi iddialarını əsassız sayır.
Gülnarə Mehdiyevanın sözlərinə görə, bir neçə qadın hüquqları müdafiəçisi avqustun 4-də Xəzər rayon polis idarəsinin qarşısına gedərək ərinin qətlə yetirdiyi Sevinc Məhərrəmovanın ölümünə görə polisə etiraz ediblər.

Şəklin mənbəyi, Mikroskop Media
"Sevinc ərinin zorakılığı ilə bağlı 3 dəfə polisə müraciət etmişdi. Hesab edirik ki, Sevinc polis hərəkətsizliyi nəticəsində öldürüldü. Sevincin qanını simvolizə edən qırmızı boyanı polis idarəsinin divarlarına yaxdıq,"- Gülnarə Mehdiyeva aksiyadan danışır. O əlavə edib ki, bundan sonra onlar oranı tərk etsələr də, sonradan polis əməkdaşları onları idarəyə qayıtmağa "məcbur edib".
"Başıma yumruqla vurdu"
"Məni ayrıca otağa saldılar, polis sual verirdi, cavab verirdim, başıma yumruqla vururdu, çox iyrənc sözlərlə məni təhqir edirdi. Şərəf və ləyaqətimi alçaldan sözlər deyirdi. Onlara dedim ki, məni nə qədər döysəniz də, bu məni qorxutmur. Saçımdan sürüyərək qapıdan çıxardılar," - o deyib.
Həmin gün etiraz aksiyasına qatılmış feminist hərəkatı fəalı Nərmin Şahmarzada BBC News Azərbaycancaya danışıb ki, idarənin içində polis əməkdaşları onların çantalarını açıb yerə töküb, ayaqlarıyla tapdalayıblar və aksiyaçıları davamlı təhqir ediblər: "Deyəndə ki, düzğün danışın, onda da vurmağa başladılar, qolumu sıxdılar. Bir dəhşət... O situasiya çox ağır idi".
Nərmin Şahmarzadə deyir ki, ona qarşı zorakılıqlar ümumi otaqda olub, Gülnarə Mehdiyevanı isə "ayrıca otağa aparıb döyüblər".
Gülnarə Mehdiyevanın polis idarəsində üzləşdikləri ilə bağlı video-müsahibəsi sosial mediada yayılandan sonra onu Bakı şəhəri Baş Polis İdarəsinə çağırıblar: "Getdim, izahat yazdım, vəkilə də müraciət etmişik,"- deyə o, BBC News Azərbaycancaya bildirib.
Sevinc Məhərrəmova avqustun 3-də əri tərəfindən başı kəsilərək qətlə yetirilib. 24 yaşlı, iki uşaq anası olan Sevinc Məhərrəmova bu ilin mart ayında əri tərəfindən döyüldüyü üçün evindən qaçmış və qadın hüquq müdafiəçilərindən yardım istəmişdi. Həmin vaxt onun bədənində dərin qançır izlərinin əks olunduğu fotolar sosail mediada yayılmışdı.
Qadın hüquq müdafiəçilərinin sözlərinə görə, onlar Sevincin hüquqi müdafiəsini qurmuş, ona iş tapmaqda yardım etmişdilər, lakin qadın məhkəmə prosesində əri ilə barışdırılmışdı.
Qadın hüquqları fəalları hesab edirlər ki, polis Sevincin məsələsində fəaliyyətsiz olub.
Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Sevinc Məhərrəmovanın polisə şikayəti əsasında cinayət işi qaldırıdığını, istintaq aparıldığını, "polisin öz öhdəsinə düşən işi gördüyünü" deyir.
O, feminist qadınların Xətai rayon polis idarəsində hər hansı təzyiq və şiddətə, zorakılığa məruz qalmadığını, bu iddiaların əsassız olduğunu əlavə edib.










