Bakının mərkəzində Nizami küçəsində feminist fəallar aksiya keçirməyə cəhd göstəriblər
Polislər Fəvvarələr meydanında onlarla aksiya iştirakçısını saxlayıb.
Daxili İşlər Nazirliyi isə bəyan edib ki, aksiyaya cəhd zamanı saxlanan olmayıb.
Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, "qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb".
Aksiyanın təşkilatçılarından olan Gülnarə Mehdiyeva polis tərəfindən saxlanılarkən "qadın qətlləri siyasidir" şuarı səsləndirib.
Başqa bir aksiya iştirakçısı “qadın kimi savaş” şüarı səsləndirərkən saxlanıb.
Saxlananlar polis maşınlarına mindirilərək ərazidən uzaqlaşdırılıblar.
Artıq bir neçə ildir ki, azərbaycanlı feministlər qadın hüquqlarına diqqət çəkmək üçün 8 mart Beynəlxalq Qadınlar günündə şəhərin mərkəzində aksiya keçirirlər.
Aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti icazə verməsə də təşkilatçılar buna məhəl qoymayacqlarını bildirmişdilər.
Aksiyanın təşkilatçıları bəyan ediblər ki, onlar bu yürüşü keçirməklə İstanbul Konvensiyasının qəbul edilməsini, qadınlara qarşı baş verən cinayətlərin ədalətli araşdırılmasını, qadınlara qarşı zorakılığın qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb edirlər.
Bundan başqa onlar qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələrin aradan qaldırılmasını da tələb kimi səsləndiriblər.




