Baş Prokurorluq Kəlbəcərə “sonradan təxribatçıların sızıb mina basdırmasını” istisna edir

Kəlbəcərdə iki gün əvvəl iki jurnalist və bir yerli icra nümayəndəsinin minaya düşərək həlak olduğu ərazi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətində olub, Azərbaycan Baş Prokurorluğu bəyan edib.

Qurumdan verilən açıqlamaya görə, "işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir".

İstintaqın ilkin nəticələrinə görə, mina partlayışı zamanı 97 santimetr dərinliyində çuxur açılıb və basdırılmış mina yerin 60-97 sm dərinliyində basdırılıb.

"Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub", - Baş Prokurorluq bildirib.

Rəsmi məlumatda deyilib ki, tank əleyhinə olan mina üzərindən "Kamaz" avtomobili keçərkən partlaması ehtimal olunur.

Baş Prokurorluq bildirir ki, Ermənistan silahlı birləşmələri işğal zamanı hadisənin baş verdiyi yoldan istifadə edib və Kəlbəcər rayonunu tərk edən zaman həmin əraziləri minalayıblar.

Mina partlayışından sonra cinayət işi açılıb və istintaq aparılır.

Ermənistanın hələlik bu hadisə ilə bağlı şərhi yoxdur.

Kəlbəcərdə minaya düşərək həlak olan Azərtacın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun yas mərasimi keçirilib. Bundan sonra Məhərrəm İbrahimov Abşeron rayonu, Müşviqabad qəsəbəsinin qəbiristanlığında, Sirac Abışov isə Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

Cümə günü Kəlbəcərə ezam olunmuş jurnalistləri daşıyan avtomobil tank əleyhinə minaya düşəndən sonra Məhərrəm İbrahimov, Sirac Abışov və onları müşayiət edən yerli icma hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub.

Susuzluq kəndi ərazisində baş verən partlayışda daha 4 nəfər xəsarət alıb. Onlardan biri, AzTV-nin rejissoru Emin Məmmədov Gəncə şəhərinin hospitalında ona göstərilən tibbi yardımdan sonra evə buraxıldığını bildirib.

Bu gün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Kəlbəcərdə baş verən hadisə ilə bağlı Ermənistanı minalar xəritələrini açıqlamadığına görə tənqid edib.

"Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və minalanmış ərazilərin olduğu yerlər barədə məlumat verərək rəsmi Yerevanı beynəlxalq aləmin hüquq normaları ilə öhdəliklərini yerinə yetirmək üçün inandırmağa çağırırıq", - təşkilatın yaydığı bəyanatda deyilir.

Bundan əvvəl hadisəyə Avropa Şurasının İnsan Haqları Komissarı münasibət bildirib.

"Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması, bir neçə nəfərin yaralanması göstərdi ki, Dağlıq Qarabağ münaqişəsindən təsirlənmiş ərazilərin beynəlxalq əməkdaşlıq vasitəsilə minalardan təmizlənməsinə təcili ehtiyac var", - Dunja Mijatović Twitter hesabında bildirib.

Azərbaycanın baş Prokuroru Kamran Əliyev BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərini minalamaqla humanitar normaları və prinsipləri pozmaqda günahlandırıb.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları baxış keçirib və məhkəmə-tibb ekspertizası təyin edilib.

Rəsmi məlumata görə, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və digər maddələri ilə cinayət işi başlanıb.