Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin şərtlərini açıqlayıb

İlham Əliyev

Şəklin mənbəyi, Azertac

Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür, Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Cümə axşamı videdoformatda keçirilmiş "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" müzakirələrində İlham Əliyev deyib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır: "Əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq".

İlham Əliyev hesab edir ki, Ermənistanda parlament seçkiləri ərəfəsi həssas dönəm olduğu üçün gözləmək lazımdır: "Hesab edirəm ki, əgər bu gün kimsə Ermənistanda Azərbaycanla sülh sazişi haqqında danışsa, bu, həmin şəxsə populyarlıq qazandırmaz. Lakin yenə də ölkənin rəhbərləri siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər".

İlham Əliyev ümid edir ki, seçkilərdən sonra onlarda "bu məsələ ilə bağlı daha çox aydınlıq" olacaq: "Sülh sazişi, əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır".

Amma Azərbaycan Prezidenti vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu üçün Ermənistan "Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən" vaz keçməlidir: "Əgər sülh sazişinə nail olunarsa, onda, əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür".

İlham Əliyev "Ermənistan tərəfindən müsbət cavab" gözlədiyini də vurğulayıb.

Azərbaycanla Ermənistan arasında ötən payız başlamış müharibə 44 gündən sonrsa Azərbaycanın öz ərazilərinin böyük bir hissəsini azad etməsi ilə nəticlənib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında atəşkəs sazişi imzalanıb. Bölgəyə rus sülhməramlıları yeridilib.