Azərbaycanda uçuş qaydalarına yeni düzəlişlər, Rusiyada miqrantlar "vahid sənəd" almalı olacaq, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış "başa çatıb"

Şəklin mənbəyi, TASS/Getty Images
Azərbaycanda uçuş qaydalarına yeni düzəlişlər təsdiqlənib, Rusiyada bütün miqrantlar yeni "vahid sənəd" almalı olacaq, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış "başa çatıb", - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda uçuş qaydalarına yeni düzəlişlər təsdiqlənib
Azərbaycanda koronavirus pandemiyası (COVID-19) dövründə uçuşların təşkili üzrə müvəqqəti qaydalarda dəyişikliyə əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Hərçənd ki, sənəddə "əl yükü kimi daşınmasına" yol verilən şəxsi əşyalar müəyyən edilir.
Buraya o cümlədən qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir) və ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera aid edilir.
Sərnişinlər özləriylə həmçinin üst geyimi və "portpleddə kostyum" da apara bilərlər. Uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyinə icazə verilir. Göyərtəyə oxumaq üçün qəzet, jurnal və digər materiallar keçirmək olar. Həmçinin, "müvafiq qaydaları" gözləməklə ev heyvanlarının daşınmasına da icazə verilir.
Şənbə günü hökumət tərəfindən təsdiqlənən düzəlişlərə əsasən, Azərbaycana uçuşlar icra edən aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər. Onlar həmçinin reysə qeydiyyat zamanı sərnişinlərin arayışlarını yoxlamalıdırlar.
Qaydalara görə, təyyarədə sərnişinlərə "Özünütəcrid barədə bəyannamə" paylanmalı və Azərbaycanda pasport nəzarətindən keçərkən həmin sənədin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verilir.
Arayışı bu qaydalara cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantina alınacaq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq, sənəddə deyilir.

Şəklin mənbəyi, Getty images
Azərbaycanda vaksinasiya olanların sayı açıqlanıb
Azərbaycanda şənbə günü koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 988 nəfər vaksinasiya olunub.
Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5391, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 11597-dir, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Rəsmi rəqəmlərə görə, indiyədək vurulan vaksin dozalarının ümumi sayı 1 milyon 505 min 206-ya bərabərdir.
Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanılıb.

Şəklin mənbəyi, Reuters
Rusiyada bütün miqrantlar yeni sənəd almalı olacaq
Rusiya hakimiyyəti ölkə ərazisində uzun müddət qalmaq üçün bütün miqrantlara 10 il müddətinə vahid elektron sənəd almaq öhdəliyini qoyacaq. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinə istinadən TASS xəbər verir.
Agentliyə əsasən, xarici vətəndaşın Rusiya Federasiyasında uzun müddətli qalma hüququ əldə etməsi üçün elektron məlumat daşıyıcısı olan vahid sənəd alması "mütləq şərtdir".
DİN nümayəndəsinin sözlərinə görə, elektron sənəddə sahibin haqqında qrafik və mətn formatlı məlumatlar saxlanılacaq. DİN yeni sənədin nə vaxt tətbiq olunacağını dəqiqləşdirməyib. Hazırda müvafiq normativ aktlarin işlənilib hazırlandığı bildirilir.
Aprelin 16-da Rusiya MDB ölkələrindən olan 1 milyondan çox "qanunsuz miqrantın" 15 iyuna kimi Rusiyadan çıxmasını tələb edib. Bu barədə bəyanatla MDB Parlamentlərarası Assambleyasında Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi çıxış edib.
Lakin aprelin 21-də DİN miqrantların ölkədə qalma müddətinin uzadılacağını vəd edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyada Azərbaycandan olan 120 min "qanunsuz miqrant" qalır. 2020-ci ildə Rusiyadakı miqrantların ümumi sayı 6 milyona yaxın olub.
Azərbaycanda Həqiqi hərbi xidmətə çağırış "başa çatıb"

Şəklin mənbəyi, AA/Getty images
Aprel ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) bildirir.
Dövlət idarəsinin şənbə günü yaydığı açıqlamasına əsasən, çağırışın mütəşəkkil keçirilməsi vaxtı koronavirusun yayılmasının qarşısının alınması üçün qaydalara əməl olunub.
"Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər," - şənbə günü qurumun yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə yaşı 35-dək olan, müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş vətəndaşlar həqiqi hərbi xidmətə yola salınıblar.








