"Su Suqovuşanda yox, Sərsəngdədir - o da ermənidədir", Qarabağ müharibəsinin su təchizatına təsiri

    • Müəllif, Elçin Suleymanov
    • Vəzifə, BBC News Azərbaycanca

Ötən il başa çatan 44 günlük müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında keçirilən üçtərəfli görüşlərdə yolların açılması ilə yanaşı, təhlükəsizlik, gömrük, sanitariya, fitosanitar və digər sahələrə aid məsələlər müzakirə olunmaqdadır. Lakin danışıqlar fonunda səslənən bəyanatlar, Sovet İttifaqının dağılmasından sonra kəsilmiş əlaqələr nəticəsində kəskin problemlərin gündəmdə qaldığını göstərir. Onlardan biri də su resurslarına aid məsələdir. Tərəflər artıq illərdir ki, bir-birini qonşu ölkəyə axan çayların çirkləndirməsində, suvarma təyinatlı resursların qeyri-ədalətli bölünməsində ittiham edirlər.

Bəs görəsən, Dağlıq Qarabağda başa çatan müharibə bu bölgədə davam edən "suvarma" məsələsiylə bağlı mübahisənin həllinə necə təsir göstərib?

Ötən il Qarabağda Suqovuşan su anbarının Azərbaycan tərəfinin nəzarətinə keçməsi illərdir ki, susuzluqdan əziyyət çəkən Tərtər rayonu üçün suvarma problemlərinin həllinə dair ümidlər yaradıb. Lakin yerli sakinlərə əsasən, kanalla verilən su hələ ki, yalnız bir neçə kənd üçün əl çatandır, qalanları əvvəllər olduğu kimi hələ də artezian suyundan istifadə etməlidirlər.

"Hələ ki, gəlib çıxmayıb. Naoborot (əksinə - red.)keçən il yaxşı idi. Ötən il bir az suladım bu il hələ ki, sulaya bilməmişəm... Hələ ki, arteziandır, o da çətindir," - bölgədə olan BBC News Azərbaycancanın müxbirlərinə danışan yerli sakinlərdən biri deyir. Daha bir nəfər isə: "Su Suqovuşanda yox, Sərsəngdədir - o da ermənidədir", deyə əlavə edir.

Sərsəng barədə

1976-cı ildə Tərtərçayın üzərində tikilən Sərsəng və ondan daha aşağıda yerləşən daha kiçik Suqovuşan rezervuarı Qarabağı və ətrafdakı rayonları içməli və suvarma suyu ilə təmin etməli idi.

Ölkənin ən yüksək su anbarlarından sayılan Sərsəng 1990-cı illərdə erməni qüvvələrinin nəzarətinə keçib. O vaxtdan bəri ətraf rayonların su ilə təchizatı mübahisəli məsələ olaraq qalır.

«[Sovet vaxtı] Dövlət səviyyəsində gətirdilər Sərsəng tərəfdən, heç bir problem olmurdu, həyətyanı sahələri də o su ilə sulayırdıq, amma indi nəinki sahələri, həyətyanı sahəni də sulamaq problemdir," - keçmişlə indiki vəziyyəti müqayisə edən Tərtər sakini İsmayıl Axundov deyir.

Ümumi həcmi 5,86 mln kubmetr olan Suqovuşan su anbarı Tərtər rayonunun eyniadlı kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular əsas magistral kanala, daha sonra isə Sağ Sahil və Sol Sahil magistral kanallarına verilir.

Azərbaycan Ermənistanı onu sudan məhrum etməkdə təqsirləndirir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-ci ildə qəbul etdiyi müvafiq qətnaməsinə əsasən, su anbarının texniki vəziyyəti "böyük insan tələfatı ilə" müşayiət olunan fəlakətə səbəb ola bilər.

Azərbaycanın sabiq Baş nazirinin müavini qətnaməni "həm ədalətli, həm də çox sərt" sənəd kimi alqışlayıb. Ermənistan və Dağlıq Qarabağdakı ermənilər AŞPA-nı "qeyri-obyektivlikdə" təqsirləndiriblər.

Bundan əvvəl beynəlxalq vasitəçilər Sərsəng mövzusunda əməkdaşlığın qarşılıqlı faydalı olduğunu vurğulayıblar. 2015-cu ildə ATƏT Minsk Qupunun o vaxtkı həmsədri James Warlick bu barədə öz İnstagram hesabında yazıb. "Bu, tərəflərin ümumi maraqlarına cavab verdiyi halda, onlar niyə əməkdaşlıq edə bilmirlər? Bu, uduşsuz vəziyyətdir və biz kömək etməyə hazırıq".

İWPR İnsitutunun (Münaqişə bölgələri və keçid dövrü yaşayan ölkələrdə media və vətəndaş cəmiyyəti ilə işləyən QHT) 2016-cı ildə yaydığı məlumatına görə, Qarabağ erməniləri Sərsəng su anbarının su qovşaqlarından biri Azərbaycanda olduğu üçün onun birgə istismarını təklif etsələr də, Azərbaycan bu təşəbbüsü qəbul etməyib.

«Biz Sərsəng su anbarındakı suyun birgə istifadəsi baxımından əməkdaşlıq etməyə hazır olduğumuz barədə xəbər göndərirdik, amma bir şərtlə ki, bizim də suya girişimiz olsun, çünki su qovşağı və bəzi boru kəmərləri onların nəzarəti altındadır,"- İWPR saytında "DQR hökumətinin rəhbəri" Arayik Harutyunyanın sözləri iqtibas olunur.

Suqovuşan

Bakı İkinci Qarabağ müharibəsindən sonra su anbarları ilə vəziyyətin dəyişdiyini bildirir. Ötən həftə bu barədə Azərbaycan Prezidenti danışıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədrini qəbul edən İlham Əliyev Suqovuşana nəzarətin əhəmiyyətini qeyd edib.

"Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək".

Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC-nin ən son məlumatına əsasən, Suqovuşan anbarı son 28 il ərzində "bərbad" hala gəlib və bu, 100 min hektara kimi ərazinin su ilə təchizatında "ciddi çətinliklər" yaradır.

Tərtər rayonundakı Qarağacı kəndinin sakini ora səfər etmiş BBC müxbirlərinə deyir ki, artıq Suqovuşandan su gəlir. "Polnı (tam-red.) gəlir, kanalı təmir ediblər, buraxıblar gəlir. Gübrəni bu yaxınlarda verəcəklər- sabaha-birigünə, 5-10 gün keçəcək, sonra sulayacağıq," - Tofiq Məmiyev deyir.

Lakin digər Tərtər sakinləri hələ də suyun çatışmazlığından şikayətçidirlər, onlar artezian quyularından istifadə etməli olduğunu deyirlər. O isə yay aylarındakı təbii buxarlanmaya görə, uzaqda yerləşən sahələr üçün əlverişli deyil.

"Mənim, Qaraqoyunlu kəndi var ha, oradadır torpağım. 4-5 kilometrdir, oraya gedənə kimi, yay günü su qalmır, buxarlanır. Suqovuşandan hələ gəlmir, kanalları düzəldəndən sonra gəlməlidir,"- yerli kəndlilərdən biri deyir.

Tərtər sakinlərinin dedikləri Meliorasiya və Su Təsərrüfatı ASC-nin məlumatı ilə təsdiqlənir. İlin əvvəlində bölgəyə səfər edən qurumun əməkdaşları Suqovuşan su anbarına, əsas (magistral) kanala, buradan ayrılan Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.

"İşğal zamanı Sol Sahil magistral kanalının bir çox hissəsi dağıdılıb, səngərlər qazılıb. Bundan başqa 30 il müddətində baxımsız qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb. Kanal yenidən qurulduqdan sonra suyun təsərrüfatlara çatdırılması mümkün olacaq," - Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əməkdaşı Akif Sultanov deyir.

Hazırda Qarabağ ərazisində ümumilikdə 24 su anbarı var. Onlardan ikisi - Sərsəng və Suqovuşan enerji mənbəyi təyinatlıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişliyə əsasən, su anbarlarının "demək olar ki, hamısı qəzalı vəziyyətdədir".

Sərsəng su anbarının tutumu 560 mln kubmetrdir, onun bəndinin hündürlüyü 125 metrdir.

Həmçinin oxuyun: