Pozner kütləvi etirazlarla Gürcüstandan qovulub

Pozner
Şəklin alt yazısı, Vladimir Pozner

Məşhur rusiyalı jurnalist etirazlara görə Gürcüstanı təcili tərk etməyə məcbur olub.

Gürcüstana ad gününü qeyd etmək üçün çərşənbə günü gələn məşhur Rusiya jurnalisti Vladimir Pozner paytaxt Tbilisidə onun səfəri ilə bağlı başlamış kütləvi etirazlara görə artıq ölkəni tərk edib.

Bu barədə rusiaylı jurnalistin özü sosial mediada bildirib.

Ötən gün Poznerin Tbilisidə qaldığı otelin qarşısında onun ölkəni tərk etməsi tələbilə kütləvi etirazlar başlamışdı.

Etirazçılar Poznerin "Abxaziya heç zaman Gürcüstana qayıtmayacaq" sözlərinə görə və Gürcüstanın ərazi bütövlüyünü tanımadığı səbəbilə onun ölkədə qalmasını yolverilməz hesab ediblər.

Bundan əlavə, etirazçılar Pozneri və onu müşayiət edərək Rusiyadan gəlmiş çoxsaylı çevrəsini və eləcə də, Tbilisidə onu qəbul edən oteli koronavirusla bağlı karantin qaydalarını pozmaqda ittiham ediblər.

Gürcüstan mediasının yazdığına görə, ölkə rəsmiləri Poznerin, onu müşayiət edənlərin və onu qəbul etmiş otelin karantin qaydalarının pozulmasına görə cərimələndirildiklərini bildiriblər.

Lakin Vladimir Pozner Rusiyaya qayıtdıqdan sonra Gürcüstanı cəriməsiz tərk etdiyini deyib.