Gürcüstan Baş nazirinin istefası; Mevlüt Çavuşoğlunun Bakı səfəri "ləğv olunub"

Şəklin mənbəyi, Getty Images/COLLAGE
Mevlüt Çavuşoğlunun Bakı səfəri "ləğv olunub", Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü təxirə salınıb, Gürcüstanın Baş naziri Giorgi Gakharia istefa verib - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyi BBC News Azərbaycancaya Türkiyə XİN başçısı Mevlüt Çavuşoğlunun Bakı səfərinin ləğv edildiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bir qədər əvvəl (XİN) Bakıda keçirilməli olan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli 9-cu görüşünün təxirə salındığını açıqlayıb.
Qurum görüşün təxirə salınmasını Gürcüstanın Baş nazir köməkçisi və xarici işlər naziri David Zalkalianinin fevralın 19-da Bakıya nəzərdə tutulan səfərinin təxirə düşməsindən sonra yayıb.
Türkiyə Xarici İşlər Nazirliyi fevralın 17-də Mevlüt Çavuşoğlunun səfər zamanı həm də Gürcüstan Baş nazirinin köməkçisi, xarici işlər naziri David Zalkaliani ilə də görüşəcəyini bildirmişdi.
Lakin David Zalkalianinin Azərbaycana fevralın 19-da gözlənən səfəri cümə axşamı günü bu ölkənin Baş naziri Giorgi Gakhariyanın istefasından sonra təxirə salınıb.
Türkiyə XİN-in məlumatında həmçinin "görüşlər zamanı ölkələrarası münasibətlər və regional məsələlərlə bağlı strateji ortaqlıq səviyyəsində münasibətləri inkişaf etdirmək üçün atılacaq addımların ikitərəfli və üçtərəfli formatda müzakirə ediləcəyi" bildirilirdi.
Giorgi Gakhariya Baş nazir vəzifəsindən istefa verib

Şəklin mənbəyi, Facebook/Gürcüstan Hökumətinin rəsmi səhifəsi
Gürcüstanın Baş naziri Giorgi Gakhariya cümə axşamı günü tutduğu vəzifəsindən istefa verib, Gürcüstanın Civil.ge saytı bu barədə xəbər yayıb.
Xəbərdə bildirilir ki, Baş nazir açıqlamasında istefasının səbəbini "komandası ilə bəzi məsələlərdə razılığa gələ bilməməsi" ilə əlaqələndirib.
"Gürcüstan Baş nazirinin müxalifət lideri Nika Melia məsələsində hakim Gürcü Arzusu partiyası ilə razılığa gələ bilmədiyi üçün istefa qərarına gəldiyini bildirib. Gakharia "siyasi eskalasiya" təhlükəsi olduğu zaman Meliyanın həbsinin əsassız olduğunu söyləyib," - xəbərdə deyilir.
"Keçmiş Gürcüstan Prezidenti Mikheil Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyasının sədri Nika Melianın parlamentdə deputatlıqdan alınaraq, barəsində həbs qərarının verilməsinin partiyanın tərəfdaşlarının və ölkədəki bəzi müxalifət partiyalarının etirazına səbəb olduğu bildirilir," - Anadolu Agentliyi yazıb.
Bu il yanvarın ikinci yarısında Gürcüstan mediası onun "mümkün istefası" ilə bağlı xəbər yaymışdı.









