7 gün qeyri-iş günüdür, ictimai nəqliyyat işləməyəcək, Rusiya sülhməramlıları Xocalıda qələbə paradına hazırlaşırlar

Azərbaycanda 7 gün qeyri-iş günü olacaq, ictimai nəqliyyat işləməyəcək, Rusiya sülhməramlıları Xocalıda qələbə paradına hazırlaşırlar, Çex Respublikası Rusiyanın 18, cavabında isə Rusiya bu ölkənin 20 diplomatını ölkəsindən çıxarır - daha ətraflı BBC Azərbaycancanın icmalında.

7 gün iş olmayacaq, ictimai nəqliyyat işləməyəcək

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Mayın 9-u, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü bazar gününə düşdüyü üçün müvafiq qanunvericiliyə görə, mayın 10-nu qeyri-iş günü idi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Xocalıda parad hazırlıqları

Azərbaycanın Qarabağ bölgəsində olan rus sülhməramlıları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.

Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatına görə, rus sülhməramlıları Xocalı hava limanında 9 may paradının ilk məşqlərini keçiriblər.

Qurum parad məşqlərinə təxminən 400 rus hərbçisinin cəlb olunduğunu bildirib.

Rusiya MN açıqlayıb ki, təntənəli yürüşdə hər birində 45-ə qədər hərbçinin olduğu 10-a qədər dəstə keçid edəcək.

Parada hazırlıq təlimlərinə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairəsinin 15-ci moto-atıcı alayının sülhməramlı heyəti qatılıb.

Qurum bəyan edib ki, paradda Rusiyanın İnsani Müdaxilə Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.

Bildirilib ki, sülhməramlıların parad təlimləri fəaliyyətlərinə mane olmamaqla xüsusi təyin olunmuş vaxtda keçirilir.

Rusiya sülhməramlılarının Qarabağ ərazisində qələbə paradı keçirəcəyi ilə bağlı hələ ki, Azərbaycan tərəfinin rəsmi münasibəti məlum deyil.

Ötən payız Qarabağda başlayan və 44 gün davam edən müharibə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanatı nəticəsində dayanıb, bölgəyə rus sülhməramlıları gəlib.

Çex Respublikası və Rusiya arasında "agent diplomat" qalmaqalı

Ötən gecə Rusiya Xarici İşlər Nazirliyi Çexiyanın Moskvadakı səfirliyinin 20 diplomatını "persona non grata" elan edib. Bu, 2014-cü ildə Çexiyanın silah-sursat anbarında baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakına dair şübhələrə görə 18 rusiyalı diplomatın Çex Respublikasından qovulmasına cavab addımı olub.

Şənbə günü Çexiyanın Baş naziri Andrey Babish və xarici işlər naziri Jan Hamacek diplomatların iki Rusiya xüsusi xidmət orqanı - GRU və SVR-də çalışmaqda şübhəli olduqlarını söyləyiblər.

Çexiya rəsmilərinin verdiyi məlumata görə, bu xüsusi xidmət orqanlarının agentləri 2014-cü ildə baş verən və iki nəfərin ölümü ilə nəticələnən Zlín qəsəbəsi yaxınlığındakı Vrbetice kəndindəki bir sursat anbarının partladılmasında iştirak ediblər.

Rəsmi Praqanın Ruslan Boşirov və Alexander Petrov adına verilmiş rus pasportlu iki kişini axtarışa verdikləri də məlum olub. Həmin şəxslər həm də Britaniyada 2018-ci ildə Salisberidə Sergey Skripal və qızının zəhərlənməsi məsələsində şübhəlilər kimi axtarışdadırlar.

Bazar ertəsi günü Vrbetica-daki partlayışla əlaqəli sənədlərin məxfilikdən çıxarılması üçün qərar verilə biləcəyi gözlənilir. Bundan əlavə, bu məsələ Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin bu gün keçiriləcək video konfransının müzakirə olunacaq.

Çex Respublikası Rusiya diplomatlarına ölkədən çıxmaq üçün 72 saat, cavab addımında isə Rusiya Çex Respublikası diplomatlarına bir gün vaxt verib.