Hadrutun iki kəndi yenidən Azərbaycanın nəzarətindədir

Hadrutun silahlı toqquşma baş verdiyi bildirilən ərazilərinə dair Rusiya Müdafiə Nazirliyinin xəritəsi yenidən dəyişib.

Çərşənbə axşamı dərc edilən xəritədə Rusiya sülhməramlılarının əməliyyat zonasının sərhədləri yenidən əvvəlki vəziyyətinə qaytarılıb.

Bu, Çaylaqqaya və Köhnətağlar (Xtsaberd və Hin Tağlar) kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı məlumatlarla üst-üstə düşür.

Rusiya rəsmiləri xəritədə dəyişiklərin nə ilə əlaqədar olmasına dair şərh verməyiblər.

Azərbaycan rəsmiləri xəritə barədə şərh verməsələr də, millət vəkilləri bunu tənqid etmişdilər.

Rusiya Müdafiə Nazirliyin saytında bazar günü dərc edilən xəritədə sülhməramlı qüvvələrin Cənub məsuliyyət zonasının sərhədlərinə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) cənub-qərbindəki Hin Tağlar kəndinin də əlavə edildiyi görünürdü.

Çaylaqqaya və Köhnətağlar (Xtsaberd və Hin Tağlar) kəndləri Azərbaycanın Xocavənd rayonunda yerləşir.

Bundan əvvəl həmin ərazidə Ermənistan və Azərbaycan hərbçiləri arasında silahlı toqquşmaların baş verdiyi bildirilmişdi.

Dekabrın 12-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Hadrut bölgəsinin iki kəndinə (Hin Tağlar və Xtsaberd) hücum etdiklərini və ermənilər tərəfindən altı nəfərin yaralandığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 26-da və dekabrın 8-də baş verən ermənilərin qəfil hücumu nəticəsində dörd hərçinin həlak olduğunu və ikisinin yaralandığını, eləcə də Azercell şirkətinin əməkdaşının ağır yaralandığını bildirib.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bu ərazilərdə anti-terror əməliyyatı keçirdiyini açıqlamışdı.

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, "Rusiya sülhməramlılarının gəlişindən sonra Hin Tağlar və Xtsaberd kəndi yaxınlığında döyüşlər dayanıb."

Eyni zamanda, onun sözlərinə görə, "bu yaşayış məntəqələrinin bəzi hissələri Azərbaycan xüsusi təyinatlı dəstələrinin nəzarətinə keçib", Ria Novosti yazıb.

Dekabrın 14-də Hadrutun toqquşma olmuş kəndlərinin icma başçıları 8 nəfərin yaralandığını və 10 nəfər erməninin əsir düşdüyünü iddia edib, Ermənistan mediası yazıb.

Azərbaycan rəsmiləri məsələ ilə bağlı şərh verməyiblər.

Hər iki kənddə Rusiya sülhməramlılarının Azərbaycan tərəfi ilə "danışıqlar apardığı" deyilib.

Rusiya rəsmiləri xəritə barədə şərh verməsələr də, Kremlin mətbuat katibi Dmitri Peskov Hadrutda baş verən hadisələrə münasibət bildirərkən deyib ki, "Dağlıq Qarabağda narahatedici vəziyyət yaşanıb. Lakin bu, çox operativ şəkildə aradan qaldırılıb".

Vəziyyəti şərh edən Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya tərəfinin vəziyyəti izlədiyini bildirib: "Bu, sülhməramlılarımız üçün əlavə bir yükdür".

Onun sözlərinə görə, bölgədə baş verənlərlə bağlı maraqlı tərəflərlə operativ sürətdə əlaqə qurulub. Peskov eyni zamanda mövcud vəziyyət haqqında az məlumatın olduğunu da vurğulayıb, RIA Novosti xəbər verib.

Kəndlər Azərbaycana qaytarılıb

Çərşənbə axşamı günü isə Hin Tağlar (Köhnətağlar) kəndinin başçısı deyib ki, erməni əhali hər iki kənddən köçürülüb və kənd Azərbaycana qaytarılıb, news.am saytı yazıb.

Eduard Ayvazyanın sözlərinə görə, kənddə olan Azərbaycan hərbçiləri əllərində sənədlə rus sülhməramlıları ilə danışandan sonra sülhməramlılar oranı tərk edərək Xankəndiyə gediblər.

"Müharibə vaxtı ermənilər burdan çıxıb və indiyədək mobil qüvvələrin uşaqları onu saxlayırdı. Onlar dedilər ki, ruslar gəlib burda mövqe tutmalıdırlar. Biz şənbə gününədək gözlədik, amma heç kim gəlmədi və sonra eşitdim ki, azərbaycanlılar hücuma keçib və kəndə giriblər. Rus tərəfi guya onları çıxarmağa gəldi, amma sənəd göstərdi ki, bu ərazilər də Azərbaycana qaytarılıb. İndi rus ordusu burda deyil və köhnə kənd də bizdə deyil", tert.am Ayvazyana istinad edib.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov xəritənin dəyişilməsi ilə bağlı demişdi ki, Rusiya sülhməramlıları öz missiyalarını Azərbaycan tərəfinin razılığı olmadan Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan əraziyə keçirə bilməzlər.

"Onlar bu bu xəritəyə nəsə çəkə bilərlər, amma sual ondadır ki, Azərbaycan onların çəkdiyini qəbul edəcəkmi? Düşünmürəm ki, bu qəbul olunsun," - Musabəyov deyib.

Millət vəkili hesab edir ki, Rusiya tərəfi sülhməramlı əməliyyat xəritəsinin hər hansı bir yenilənməsini Azərbaycan tərəfi ilə razılaşdırmaq məcburiyyətində qalacaq.

Rusiya tərəfi bunu arzulaya bilər, amma bu o demək deyil ki, Azərbaycan onların istədiklərinə razı olacaq. Həmin kəndlərdə mülki əhali yoxdur. Yalnız bir dəstə silahlılardır və onlar tərksilah edilməlidir," - millət vəkili deyib.

Millət vəkili Aydın Mirzəzədə BBC News Azərbaycancaya deyib ki, Azərbaycan Rusiya sülhməramlıları ilə sıx şəkildə əməkdaşlıq edir.

"Əgər Rusiya sülhməramlılarının əməliyyat xəritəsində yenilik olubsa deməli bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə birlikdə işləniləcək"

Noyabrın 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Qarabağda hərbi əməliyyatları dayandırmaq razılığına gəliblər.