Ermənistandan Qarabağa 208 milyon dollarlıq proqram, Süveyş kanalında ilişmiş "Ever Given" nəhayət çıxarılır

Şəklin mənbəyi, gov.am
Ermənistan Qarabağda 208 milyon dollarlıq proqram həyata keçiriləcəyini bildirir, Süveyş kanalının dayaz yerində ilişib qalmış "Ever Given" konteyner gəmisi 6 gündən sonra hərəkətinə davam edib, Baş Naziri Nikol Paşinyan deyib ki, Ermənistanda yeni yollar, yeni kommunikasiyalar açılmalıdır - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistan Qarabağda 208 milyon dollarlıq proqram həyata keçiriləcəyini bildirir
Ermənistan hökuməti Dağlıq Qarabağda 110 milyard dram (təxminən 208 milyon dollar) dəyərində mənzil tikintisi və infrastrukturun yaradılması proqramının həyata keçirilməsi təklifi ilə çıxış edib, Ermənistan hökuməti mətbuat xidmətindən aldığımız məlumatda deyilir.
Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı "Qarabağ hökumət nümayəndələri ilə səmərəli görüş nəticəsində belə bir təklif irəli sürmək qərarına gəlindiyini" deyib.
Yerevanda Nikol Paşinyan və tanınmamış "DQR prezidenti" Arayik Harutyunyanın həmsədrliyi ilə "Ermənistan və Dağlıq Qarabağ təhlükəsizlik şuralarının birgə iclası keçirilib".
Paşinyan deyib ki, sözügedən proqramın "Hayastan" ümumerməni fondu vasitəsiylə icra edilməsi təklif olunur.
"Biz 18 noyabrda təqdim etdiyim Artsaxın (Dağlıq Qarabağın - red.) təbii həyat fəaliyyətinin bərpası üzrə yol xəritəsindən başqa, Artsaxın sosial-iqtisadi inkişaf proqramının icrasına dair bir neçə qərar qəbul enmişik," - Paşinyan deyib.
Baş nazir Paşinyanın sözlərinə görə, təhlükəsizlik şuralarının birgə iclasında "təhlükəsizlik və gələcəyə strateji baxışla" bağlı məsələlər müzakirə edilib.
Arayik Harutyunyan Qarabağda "artıq 4 minə yaxın ev tikmək üzrə layihələr icra edilib, müəyyən planlaşdırma işləri" görüldüyünü və "yaxın vaxtlar daha 2 min ev tikmək layihəsinin" işlənib hazırlanacağını deyib.

Şəklin mənbəyi, EPA
"Ever Given" gəmisi Süveyş kanalından nəhayət ki, çıxarılır
Süveyş kanalının dayaz yerdə ilişib qalmış "Ever Given" konteyner gəmisi 6 gündən sonra hərəkətinə davam edib.
Dünyanın ən işlək ticarət yollarından biri olan Süveyş kanalı hələlik istifadəyə bağlıdır.
Təxminən 4 futbol meydançası böyüklüyündə (təxminən 400 metr) olan Tayvan şirkətinə məxsus "Ever Given" yük gəmisi 224 min ton yükgötürmə gücünə malikdir.
Martın 24-də Çindən Niderlanda doğru hərəkət edən gəmi kanalın cənubunda batıb.
Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir.
Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Kanaldan gün ərzində 50-yə yaxın gəmi keçir.

Şəklin mənbəyi, Getty Images
"Regiona baxışımızı dəyişdirməliyik," - Nikol Paşinyan
Ermənistanın Baş Naziri Nikol Paşinyan bazar günü "bu yeni vəziyyətdə məqsəd qoymalıyıq ki, Ermənistanda yollar olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın" deyib.
Azadıq radiosunun erməni xidməti yazır ki, Paşinyan Armavir bölgəsinə səfəri zamanı hazırda Ermənistanın bütün iqtisadiyyatının Gürcüstan-Rusiya sərhədindəki Verkhniy Lars keçid məntəqəsindən keçən və günlərlə bağlı qala biləcək yoldan asılı olduğunu vurğulayıb.
Baş nazir nümunə kimi hazırda nəzarət nöqtəsində yüzlərlə avtomobilin növbədə qaldığını göstərib.
Paşinyan çıxışı zamanı dəmir yolunun əhəmiyyətindən də danışıb, bu vəziyyətdə müəyyən qərarların verilməsinin vacibliyini qeyd edib.
"Çünki bilirsiniz ki, xüsusilə İran və Rusiyaya gedən dəmir yolu xətlərimiz Azərbaycandan keçir. Burada başa düşməliyik ki, ola bilməz ki, onların ərazilərindən keçən yolumuz olsun, amma onlara bizim ərazimizdən keçən yol verilməsin. Bölgəyə baxışımızı, yanaşmamızı dəyişdirməliyik. Bəli, deyirlər və bilirik ki, bu bölgədə düşmənlərimiz var, amma sonunda bilməliyik ki, başqalarını düşmən hesab etdiyimiz qədər, biz də düşmən hesab olunuruq," - Baş nazir vurğulayıb.
Nikol Paşinyan bildirib ki, Ermənistan üçün əlverişli bir mühitin yaradılması lazım olduğunu, lakin bölgə də Ermənistana baxışını dəyişdirməlidir.
Prezident İlham Əliyev də Ermənistanla yol kommunikasiyalarının qurulması ilə bağlı Azərbaycanın hazır olduğunu bir neçə dəfə vurğulayıb.
Ermənistan-Azərbaycan arasında Qarabağla bağlı təxminən 30 il çəkən münaqişə ötən payız 44 günlük müharibə ilə sonuclanmış və Azərbaycan öz ərazilərinin böyük bir qismini işğaldan azad etmişdi. Hazırda Dağlıq Qarabağda etnik erməni əhalisi ilə azərbaycanlı hərbçilər arasında rus sülhməramlıları mövqe tutub.









