Stena Impero tankerinin saxlanması: Britaniya məsələyə "diqqətini azaltmayıb"

Şəklin mənbəyi, AFP
Britaniya bayrağı altında üzən neft tankerinin cümə günü Hörmüz boğazında saxlanması Briytaniya hökümətinin "diqqətindən kənarlaşmayıb", Britaniyanın Maliyyə naziri BBC-yə deyib.
Philip Hammond qeyd edib ki, İranın hərəkətinə cavab vermək üçün Britaniya ABŞ və Avropa partnyorları ilə sıx işləyir.
Lakin Konservatorların keçmiş partiya lideri Iain Duncan Smith bildirib ki, Britaniya bayrağı altında üzən Stena Impero neft tankerinin İran tərəfindən tutulması Britaniya üçün "böyük uğursuzluqdur".
İranın Xarici İşlər naziri deyib ki, İranla Britaniya arasında gərginliyi yalnız "təmkinlik və uzaqgörənlik" azalda bilər.
Britaniya siyasətçiləri nə deyir?
BBC-nin Andrew Marr proqramına danışan Philip Hammond deyib ki, yaranmış vəziyyəti çözmək üçün Britaniya "mümkün olan hər bir diplomatik imkandan" istifadə edəcək.
O qeyd edib ki, maliyyə sanksiyası da daxil, İrana qarşı sanksiyalar artıq tətbiq olunmaqdadır, odur ki, bundan artıq daha nəyin ediləcəyi aydın deyil.
Boris Johnson Baş nazir olacağı təqdirdə istefa verəcəyini bildirən Philip Hammond əlavə edib: "Biz əlbəttə bütün imkanları nəzərdən keçiririk".
Lakin Duncan Smith BBC-yə bildirib ki, Britaniya hökümətinin atdığı addımlar suallar doğurub.
O qeyd edib ki, hadisədən iki həftə əvvəl İran neftini daşıyan tankerin tutulması İran körfəzindən keçən Britaniya gəmilərinə təhlükəsizlik tədbirlərinin görülməsi üçün xəbərdarlıq olmalı idi.
Britaniya parlamenti deputatının təbirincə, onun bildiyi qədər, ABŞ Britaniyaya onun gəmilərinin mühafizəsi üçün kömək təklif edib, lakin Britaniya bu təklifi qəbul etməyib.
"Bu, böyük uğursuzluqdur və hökümət tez bir zamanda bu suala cavab verməlidir", - Duncan Smith vurğulayıb.
Leyboristlər partiyasından kölgə kabinetin Ədliyyə naziri Richard Burgon isə hesab edir ki, Britaniya Donald Trump-ın "əlaltısı" roluna girməməlidir və siyasətçi xəbərdarlıq edib ki, ABŞ-ın İranla münaqişəsi İraq müharibəsindən daha ağır nəticələrə gətirib çıxara bilər.
Radioefirdə İran-Britaniya qarşıdurması
Britaniya bayrağı altında üzən Stena Impero tankerinin İran tərəfindən saxlanmasından əvvəl Britaniya donanmasının HMS Montrose hərbi gəmisiylə İran hərbçiləri arasında aparılmış radiodanışıqların audioyazısı dərc olunub.
Britaniya tankeri Hörmüz boğazında İran İnqilab Keşikçiləri Korpusu tərəfindən cümə günü saxlanılıb.
Britaniya gəmilərinin mühafizəsinzini təmin etmək üçün bölgəyə göndərilmiş HMS Montrose freqatı Stena Impero tankerinin saxlanması vaxtı hadisə yerinə özünü çatdıra bilməyib.
Təhlükəsiz gəmiçilik məsələləriylə məşğul olan Britaniyanın Dryad Global şirkətinin təqdim etdiyi audioyazıda iranlıların freqatdan "təhlükəsizliyi təmin etmək uçun" tankerə baxış keçirərkən onlara mane olmamağı tələb edib.
İran tərəfi tankerə hərəkət istiqamətini dəyişməyi əmr edib.
"Bizim göstərişlərimizə əməl etsəniz, sizə heç nə olmayacaq", - efirdə deyilib.
Bundan sonra HMS Montrose ilə tanker arasında radiodanışıq olub.
Britaniya hərbi gəmisindən bildirilib: "Siz beynəlxalq sularda hərəkət etdiyinizdən, beynəlxalq qanunvericiliyə əsasən, sizin yolunuzu kəsməməlidirlər, sizi saxlamamalıdırlar və sizə əngəl törədilməməlidir".
Bundan sonra HMS Montrose İran gəmisinə müraciət edərək İran tərəfinin tankeri tutmayacağını təsdiq etməyi xahiş edib, çünki əks halda bu, beynəlxalq qanunvericiliyin pozulması olardı.

Şəklin mənbəyi, Erwin Willemse
Hörmüz boğazında Britaniya bayrağı altında üzən tankerin İran tərəfindən saxlanılmasının ardınca Londonla Tehran münasibətlərində gərginlik artmaqdadır.
Britaniyanın Xarici İşlər naziri öz iranlı həmkarı ilə telefon söhbətində hadisəyə görə "son dərəcə məyus" olduğunu bildirib.
Jeremy Hunt İrana xəbərdarlığında deyib ki, gəmini saxlamaqla Tehran təhlükəli "yol seçib". İran isə tankerin "beynəlxalq dənizçilik qaydalarının" pozulmasına görə saxlanıldığını bildirir.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif britaniyalı tərəf müqabili ilə telefon söhbətində deyib ki, tankerlə bağlı məsələ hüquqi prosesdən keçməlidir, İranın İSNA agentliyi bildirir.
Britaniya bayrağı altında üzən Stena Impero tankeri cümə günü Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb. Britaniyaya məxsus, lakin Liberiya bayrağı altında üzən daha bir gəmi, MV Mesdar həmin yerdə saxlanılsa da, cümə günü azad olunub.
Böyük Britaniyanın Xarici İşlər naziri Jeremy Hunt deyib ki, İran tankeri azad etməsə, bunun "ciddi nəticələri" olacaq. Onun sözlərinə görə, Hörmüz boğazında Britaniya bayrağı altında üzən gəmini saxlamaqla İran hakimiyyəti "qanunsuz və stabilliyi pozan" əmələ yol verib.
"Biz hərbi variantları nəzərdən keçirmirik, - Jeremy Hunt deyib. - Bu vəziyyətin diplomatik həll yollarını araşdırırıq".

Stena Impero-nın sahibləri “İran tərəfdən şimala gedən“ tankerlə əlaqə saxlaya bilmədiklərini deyiblər.
Məlumata görə, 23 nəfər heyətin olduğu tankerə “naməlum kiçik qayıqlar və bir helikopter“ yaxınlaşıb.
İzləmə saytları ehtimal etməyə imkan verir ki, Mesdar öz kursuna geri qayıdıb və qısa müddətə saxlanılıb.
Cümə günü hökumətin fövqəladə komitəsi - Cobra hadisəni müzakirə etmək üçün ikinci dəfə görüşəcək.

Təhlil - Britaniya "çətin dilemma" qarşısında
Frank Gardner,
Təhlükəsizlik məsələləri üzrə BBC müxbiri
Cobra toplantısına qatılan müdafiə, kəşfiyyat və diplomatiya rəsmiləri çətin dilemma ilə üzləşirlər.
Aydındır ki, Britaniya bayrağı altında həyata keçirilən gəmiçiliyin mühafizəyə ehtiyacı var. Lakin kifayət qədər gəmisi olmayan Britaniya Hərbi dəniz qüvvələri bu vəzifənin öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil.
Belə ki, bu, ABŞ Mərkəzi Komandanlığının müzakirə etdiyi Operation Sentinel əməliyyatı çərçivəsində beynəlxalq qüvvələrin tərkibi olmalıdır.
ABŞ-ın körfəzdə çoxlu gəmiləri var. Onun qüdrətli 5-ci donanması Bəhreyndə mənzillənir.
Lakin burada bir problem mövcuddur. İranla bağlı ümumi siyasətə gəlincə, Britaniya və onun Aİ partnyorlarının mövqeyi Washington-un mövqeyindən fərqlədir.
ABŞ İranla nüvə sazişini tərk edib, Britaniya və Aİ isə onu həyatda saxlamağa çalışırlar.
Ona görə də, Atlantikanın bu tərəfində, nə ABŞ-ın İrana dair sərt siyasəti ilə yaxından bağlılığı, nə də ki, gərgin vəziyyəti daha da kəskinləşdirən kimi yozula biləcək addımlara həvəs yoxdur.

Tasnim agentliyi İranın Limanlar və Dənizçilik Təşkilatına əsasən yazır ki, "Biz Britaniyanın neft tankeri - Stena Impero-nın bəzi problemlərə səbəb olması barədə bəzi məlumatlar almışıq.
Biz hərbi qüvvələrdən xahiş etdik ki, lazımi araşdırmaların aparılması üçün bu tankeri Bəndər Abbas limanına tərəf ötürsünlər."
Jeremy Hunt onu da deyib ki, Britaniyanın Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyindən vəziyyəti həll etmək üçün əlaqədədir.
Bu hadisə ABŞ, Britaniya və İran arasında münasibətlərin gərginləşməsindən sonra baş verir.
Hörmüz boğazının əhəmiyyəti
Tankerlərlə bağlı mübahisə qlobal neft ixracının beşdə birini təmin edən Hörmüz boğazında baş verir.
ABŞ Enerji İnformasiya İdarəsinin təxminlərinə görə, 2016-cı ildə boğazdan gündə 18,5 milyon barrel neft daşınıb.
Dünya üzrə gündəlik neft istehlakı təxminən 100 milyon barreldir, bunun 20 faizi Hörmüz boğazından daşınır









