Ərəb turistlərin Azərbaycanda quş ovlaması qəzəb yaradıb

Acınohurda qanunsuz ov

Şəklin mənbəyi, Cavid Qara

Şəklin alt yazısı, Acınohurda qanunsuz ov edən iki xarici turist 4000 manat cərimələnib, amma təşkilatçılar barədə xəbər yoxdur.
    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Azərbaycan ərazisində ərəb mənşəli turistlərin şahin uçurması və Qax rayonunun Acınohur yasaqlığı ərazisində çadır quraraq yerləşməsini əks etdirən video və fotolar onların buraya quş ovu məqsədilə gəlməsi barədə iddialara əsas verib.

Video və fotolarda turistlərin şahin uçurduğu, maşınlarla hərəkət edərkən bəzi quşları tüfənglə vurduğu, yemək bişirmələri və qaldığı çadırlar əks olunur.

Bəzi fotolarda böyük quşları əlində tutan şəxslər görünür, ancaq bu video və şəkillərin bəzilərinin nə zaman və harada çəkildiyini müəyyən etmək mümkün olmayıb. Buna baxmayaraq, bəzi ərəbdilli instagram hesablarından eyni turistlərin hazırda Azərbaycan ərazisində olduğu görünür.

Ətraf mühit fəalları ölkədə ov mövsümünün bitdiyi bir vaxtda belə bir ov əyləncəsinə biganə yanaşmaqda ittiham edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, yalnız iki nəfərin ov qaydalarının pozduğu müəyyənləşib və onlar da buna görə cərimə olunublar.

"Onlarla turist bu qədər şahinlə, silahla bura gələndə..."

Cavid Qara
Şəklin alt yazısı, Cavid Qara: "Onlarla turist bu qədər avtomobillə, şahinlərlə, silahlarla bura ancaq ov məqsədi ilə gəlib. Bunu nazirliyik müəyyən etməli və qarşısın almalı idi"

Ov mövsümünün bitdiyi bir vaxtda Acınohur yasaqlığında ov ovlanması barədə həyəcan siqnalı çalan ətraf mühit fəalı Cavid Qara BBC News Azərbaycancaya müsahibəsində martın 20-də xarici turistlərin ərazidə çadır qurub dronlarla şahinlərə təlim keçdiklərini gördüyünü deyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl bu il üçün ov mövsümünün fevralın 28-də bitdiyini elan etmişdi.

Cavid Qara Snapchat sosial şəbəkəsində turistlərin Azərbaycanda ov səhnələrini paylaşdıqları kadrları tapıb və onları ictimaiyyətə təqdim edib.

O hesab edir ki, qanunsuz ovla bağlı aidiyyətli qurumlar, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsuliyyət daşıyır və lazımi tədbirlər görmür.

"Birinci dəfə nazirliyin həmin bu turistlərin ev göyərçinləri ilə rəhmsiz rəftar barədə yaydığı məlumatdan sonra bizə aydın oldu ki, bu məsələnin arxasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və yaxud iradəsizliyi dayanır, çünki nazirlik artıq onları müdafiə etməyə başlamışdı. Onlarla turist bu qədər avtomobillə, şahinlərlə, silahlarla bura ancaq ov məqsədi ilə gəlib. Bunu nazirliyik müəyyən etməli və qarşısın almalı idi,"- Cavid Qara deyib.

O iddia edir ki, Acınohura gedərkən həm də turistlərin çadır qurduğu ərazinin giriş-çıxışında polis postları qurulduğunu və onların mühafizəsinin təşkil olunduğunu müşahidə edib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən polis postları ilə bağlı BBC News Azərbaycancaya bildirib ki, "səslənən iddialar barədə DİN-də məlumat yoxdur".

Yalnız iki ovçuya 4 min manatlıq cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iki nəfərin ov qaydalarını pozduğuna görə cərimə olunduğunu deyir.

BBC News Azərbaycancanın suallarını yazılı cavablandıran nazirlik "Yasaqlıq ərazisində turistlətin ov etməsi hallarını niyə ETSN-nin müvafiq qurumları vaxtında müəyyən edərək qarşısını almayıb. Nazilrik bu barədə aktivistlərin müsahibələrindən sonra reaksiya verirsə, onun qurumları işə səhlənkarmı yanaşıb" sualını cavabsız buraxaraq yalnız onu qeyd edib ki, onlar sosial mediada yayılan məsələyə dərhal reaksiya verib və cərimə tətbiq ediblər: "Daha sonra ov etdiyinə görə iki nəfər barəsində cərimə tətbiq edilib".

Ov yerindən çəkilən video kadrlarda onlarla turist göründüyü halda niyə məhz iki nəfər sualına nazirliyin cavabı belə olub ki, onlar yalnız iki xarici turistin ov fəaliyyətini təsdiqləyə biliblər: "Əlavə faktlar, dəlillər təqdim olunarsa, sübuta yetirilərsə, yenə də qanumamüvafiq tədbirlər görüləcək," - nazirliyin BBC News Azərbaycancaya yazılı cavabında deyilir.

ETSN bildirib ki, həmin turistlər İnzibati Xətalar Məcəlləsinin ov qaydalarının kobud şəkildə pozulması barədə 272.3 maddəsinə əsasən cərimələnib və dəymiş ziyan Nazirlər Kabinetinin 176 saylı Qərarına əsasən hesablanıb. Onlar 4 min manat civarında cərimə olunublar.

"Yasaqlıqda post qurmuşuq"

Hikmət Əlizadə

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, ETSN-nın nəzdindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə

ETSN-nın nəzdindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əmin edir ki, yasaqlıq ərazisində qanunsuz ov fəaliyyətinin aparılmaması üçün müxtəlif yerlərdə postlar qurulub.

"Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazidə heyvanlarla rəhmsiz rəftarıyla bağlı məlumat daxil oldu və buna görə cərimə edildilər. Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov aparıblar. Fakt qismən müəyyən edildi. Bəzi faktlar öz təsdiqini tapdı və iki ərəb turist 4 min manat civarında cərimələndilər. Hazırda bizim tərəfimizdən,onların yasaqlıq ərazisində hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb,"- qurumun rəisi Hikmət Əlizadə BBC News Azərbaycancayabildirib.

Nazirlik rəsmisi əlavə edib ki, qanunsuz ov Acınohur yasaqlığında 372 hektar ərazisi olan sahədə baş verib və həmin yer 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib.

Onun sözlərinə görə, icarədar xarici qonaqları istirahətə dəvət edib və turistlərin bu ərazidə istirahət etməsinə hər hansı məhdudiyyət yoxdur.

BBC News Azərbaycanca 2017-ci ildə Acınohur ərazisində 7500 hektar sahənin özəl şirkətlərə verilməsi barədə araşdırma aparmışdı və həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu torpaq sahələrinin heyvandarlıq məqsədilə fermerlərə verilməsinin məhdudlaşdırılması, istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı Qax və Samux rayon rəsmilərinə tövsiyələr vermişdi.

Qax Dövlət Təbiət Yasaqlığı 2003-cü il iyun 16-da tarixində yaradılıb. Rəsmi məlumata görə, yasaqlığın yaradılmasının başlıca məqsədi İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsi olub. Yasaqlığın ərazisi 36 836 hektar təşkil edir.