"Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi" - Vazgen Manukyan Paşinyan barədə deyib

Vazgen Manukyan

Şəklin mənbəyi, facebook.com/prkutyan.sharzhum

Ermənistanda müxalifət lideri Nikol Paşinyanı Əbülfəz Elçibəylə müqayisə edib. Dağlıq Qarabağda xidmət keçən əsgərlərin valideynləri Yerevanda etiraz aksiyası edib, Amnesty İnternational Azərbaycan və Ermənistanın döyüşlər dövründə "müharibə qanunlarını pozduğunu" bildirib, KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli həbs edilib, Bakıda təcili yardıma müraciətlərin daha çox nə ilə bağlı olduğu məlum olub, bu gün Prezident Trump-a ikinci dəfə impiçment elan olundu, Azərbaycan Müdafiə Nazirliyi iki gün əvvəl Şuşa istiqamətində bir hərbçinin öldüyünü, ikisinin yaralandığını açıqlayıb. Qan Bankı vətəndaşları könüllü qan donoru olmağa çağırıb. Xocalı yol idarəsinin əməkdaşı minaya düşərək xəsarət alıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Vazgen Manukyan Paşinyan barədə: "Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi"

Ermənistanda müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan Rusiya RBK agentliyinə müsahibəsində 2-ci Qarabağ müharibəsi zamanı Baş nazir Nikol Paşinyanı 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycana rəhbərlik edən Əbülfəz Elçibəylə müqayisə edib.

Vazgen Manukyanın sözlərinə görə, "Rəngli inqilablar dalğasında hakimiyyət başına əsasən hakimiyyət idarə etməyə hazır olmayan səriştəsiz insanlar gəlir. "Paşinyan cəmiyyəti keçmişlərə və yenilərə bölərək, onu parçalayıb. Rəngli inqilablar baş vermiş Ukraynada və başqa yerlərdə də belə olub", - Vazgen Manukyan deyib.

"Birinci Qarabağ müharibəsi zamanı 1992-1994-cü illərdə biz Azərbaycana qalib gəldik, bizə ölkəyə Əbülfəz Elçibəyin rəhbərlik etməsi çox kömək etdi. O zaman hələ "məxməri inqilab" termini yox idi, lakin o, məhz belə nöqteyi-nəzərdən çıxış edən insan idi. İndi də Azərbaycan bizim öz Elçibəyimiz olmasından istifadə etdi", - Manukyan əlavə edib.

Manukyan hesab edir ki, Serj Sarkisyan hakimiyyətdə qalsaydı, sadəcə müharibə başlanmazdı. Onun sözlərinə görə, Paşinyan Dağlıq Qarabağ danışıqlarını əngəllədi, bir sıra bəyanatları ilə ona gətirdi ki, Qarabağ problemi ərazi davasıdır, millətin öz müqəddəratını müəyyən etmək məsələsi deyil və Azərbaycana "müharibə başlamaq olar" fikrinə gəlməyə imkan verdi.

Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının ikinci Prezidenti olub.

O, Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk Prezident hesab olunur. O, azərbaycanlı dövlət, siyasi və ictimai xadim, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub.

Dağlıq Qarabağda xidmət keçən əsgərlərin valideynləri Yerevanda etiraz aksiyası edib

a1plus.am Ermənistan

Şəklin mənbəyi, a1plus.am

Yerevanda müddətli hərbi xidmətini Dağlıq Qarabağ ərazisində keçən əsgərlərin valideynləri növbəti etiraz aksiyası keçiriblər. Onlar Baş nazir Paşinyanla görüşmək istəyirlər, Yerevan müxbirimiz xəbər verir.

Etirazçılar Ermənistan hökumətindən əsgər övladlarının təhlükəsizliyinə zəmanət tələb edirlər. Toplaşanlar son vaxtlar "Qarabağdan Azərbaycan tərəfinin atəşkəsi pozması, ölüm və yaralanma halları haqqında xəbərlər" alındığını bildirirlər.

"Biz müharibədə iştirak etmiş əsgərlərin təcili tərxis olumasını tələb edirik," - aksiyada iştirak edən əsgər analarından biri jurnalistlərə deyib.

Nazirlər Kabinetindən etirazçıların nümayəndələri ilə görüşməyə hazır olduqlarını bildiriblər. Bir qrup valideyn binaya daxil olub, lakin onlarla kimin görüşdüyü və görüşün nəticələri barədə hələlik məlumat yoxdur.

Azərbaycanla Ermənistan arasında Qarabağ uğrunda 44 günlük döyüşlər sentyabrın 27-də başlayıb, noyabrın 10-da hər iki ölkə lideri və Rusiya Prezidentinin birgə bəyanatı ilə başa çatıb.

Bəyanata əsasən, Azərbaycanın işğal altında olan bir sıra əraziləri geri qayıdıb və Qarabağa rus sülhməramlısı yerləşib.

Amnesty İnternational Azərbaycan və Ermənistanın "müharibə qanunlarını pozduğunu" bildirib

hücum Qarabağ mülki əhali

Şəklin mənbəyi, BULENT KILIC/Getty Images

Amnesty International beynəlxalq insan haqları təşkilatı Azərbaycan və Ermənistanın 44 günlük müharibə dövründə "qadağan olmuş silahlardan istifadə etdiyini" və yaşayış olan ərazilərə "fərq qoymadan atəş açdığını" deyib.

"Ermənistan və Azərbaycan silahlı qüvvələrinin bir neçə dəfə qeyri-dəqiq və fərq qoymadan silahlardan - mülki şəxslərin məskunlaşdığı ərazilərdə çoxsaylı sahəyə təsir edən kasetli sursatlardan və partlayıcı silahlar daxil olmaqla - istifadə etməsi beynəlxalq humanitar hüququ pozub və sonuncu münaqişədə çox sayda mülki vətəndaşın ölümünə, yüzlərlə insanın yaralanmasına, evlərin və əsas infrastrukturun dağılmasına səbəb olub", - təşkilatın çərşənbə günü yaydığı hesabatında deyilir.

Təşkilat məlumatların və hər iki tərəfdən edilən və insan tələfatı ilə nəticələnən 18 hücumun yerində araşdırıldığını bildirib.

Amnesty International 44 günlük müharibə dövründə aralarında uşaq və qocalar olmaqla azı 146 mülki şəxsin öldürüldüyünü açıqlayıb.

Hesabatda deyilir ki, Azərbaycan və Ermənistan hökumətləri mülki bölgələrə "fərq qoyulmadan zərbələrin endirilməsini və çoxlu kasetli sursatından istifadə edilməsini" rədd etsələr də, "sübutlar hər iki tərəfin istifadə etdiyini aydın göstərir".

Təşkilatın Şərqi Avrpa və Mərkəzi Asiya regionu üzrə rəhbəri Marie Struthers deyir ki, mülki ərazilərin yaxınlığında "qeyri-dəqiq və ölümcül silahlardan" istifadə etməklə hər iki ölkə "müharibə qanunlarını pozub və insan həyatına etinasızlıq göstərib".

Vüqar Səfərli

Şəklin mənbəyi, AzTv

KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli həbs edilib

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli həbs edilib, Baş Prokurorluq bildirib.

Qurum bildirib ki, KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar cinayət işi başlanıb.

Baş Prokurorluq açıqlayıb ki, aparılmış istintaqla "KİVDF-nin sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr" müəyyən edilib.

Vüqar Səfərli mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti "layihə və smeta sənədlərində iş həcmini əsassız şişirtməkdə, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməkdə, mətbuat işçiləri üçün yaşayış binalarının tikintisi üzrə ayrılmış külli miqdarda pul vəsaitini mənimsəməkdə, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil etməklə şəxsən təsdiq etməklə vəzifə saxtakarlığında" ittiham olunur.

Prokurorluğun məlumatında deyilir ki, Vüqar Səfərli "xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə", "cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma", "ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə", "vəzifə saxtakarlığı", maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vüqar Səfərlinin haqqında cinayət işi açılması ilə bağlı şərhi məlum deyil.

Səhiyyə Nazirliyi

Şəklin mənbəyi, Səhiyyə Nazirliyi

Bakıda təcili yardıma müraciətlərin daha çox nə ilə bağlı olduğu məlum olub

Bakıda təcili yardıma müraciətlərin içərisində 2020-ci ildə əsasən ürək-qan damar, tənəffüs sistemi, şəkərli diabet, miokard infarktı, insult, cərrahi xəstəliklər, doğuş və s. ilə bağlı çağırışlar üstünlük təşkil edib.

Bu barədə Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini İradə Əliyevaya istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, İradə Əliyeva "çağırışların ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunduğunu" deyib.

"Pandemiya ilə əlaqədar əhalinin yoluxmadan qorxaraq, tibbi heyətlə təmasdan çəkinməsi, xroniki xəstələrin və yaşlıların müraciətlərinin azalması, karantin rejimi tətbiq olunduğundan, bədbəxt hadisələrin, yol-nəqliyyat qəzalarının, travmaların azalması, məktəbəqədər, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən uşaq və gənclər arasında xəstələnmə halları azalıb," İradə Əliyeva vurğulayıb.

Bildirilib ki, hazırda "103" xidmətinə gündəlik daxil olan müraciətlərin sayı təxminən iki min olub.

Baş həkimin müavini həmçinin "Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikaların gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlanıldığını" bildirib.

"Bu da COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb olub", o deyib.

"Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrətəcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür. Bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji dəstəyə ehtiyacı olanlara müvafiq yardım göstərmək üçün stansiyada psixoloq da fəaliyyət göstərir," o əlavə edib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəsmisi həmçinin "2020-ci il ərzində quruma 702 min 426 ümumi müraciətin daxil olduğunu, bunlardan 77 min halda hospitalizasiya icra edildiyini" açıqlayıb.

"Uşaqlar üçün edilən çağırışların sayı 53 min 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 mindən artıq olub. Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var".

Prezident Trump-a ikinci dəfə impiçment elan olundu

ABŞ Donald Trump impiçment

Şəklin mənbəyi, Reuters

Prezident Donald Trump ABŞ tarixində haqqında iki dəfə impiçment elan edilən ilk dövlət başçısıdır.

Senat yeni Prezidentin andiçmə mərasimindən dərhal sonra ittihamlara baxacağına və qərarı təsdiqləyəcəyini bildirib.

Çərşənbə axşamı günü Konqresdə bu qərarı təsdiqləyəcək Demokratlar Trump-a ən qısa müddətdə impiçment ediləcəyi vədinə əməl edib.

Cəmi bir neçə saat ərzində Nümayəndələr Palatası Prezident Trump-ın qiyam qaldırmaqda günahkar elan edildiyi yeganə ittiham maddəsini nəzərdən keçirərək təsdiqləyib.

İmpiçment sənədi Nümayəndələr Palatasının sədri Nensi Pelosi tərəfindən imzalandıqdan sonra qüvvəyə minib.

Lakin son qərar Senat tərəfindən verilməlidir. Senatorlar onun yenidən dövlət işində olmasını qadağan etmək üçün səs verə bilərlər.

Bir gün əvvəl ABŞ Milli Qvardiyasının 15 min silahlı əsgəri Konqres binasını əhatəyə alıb. Bəzi millət vəkillərinin də qeyd etdiyi kimi, bu, ABŞ-ın İraq və Əfqanıstandakı hərbi kontingentindən daha çoxdur.

Konqresin koridorlarında onlarla əsgər yerə oturub, beləliklə qanunverici şəxslərdən birinin jurnalistlərə dediyi kimi, bina daha çox ordu kazarmasına bənzəməyə başlayıb.

Müdafiə Nazirliyi iki gün əvvəl bir hərbçinin öldüyünü, ikisinin yaralandığını açıqlayıb

Şuşa

Şəklin mənbəyi, Stanislav Krasilnikov\TASS via Getty Images

Yanvarın 12-də Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb, Müdafiə Nazirliyi cümə axşamı günü bildirib.

Nazirlik açıqlayıb ki, qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Həsən Yaqubov həlak olub, iki hərbçi isə xəsarət alıb.

Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdi.

Mərkəzi Qan Bankı

Şəklin mənbəyi, Kirill Kukhmar\TASS via Getty Images

Qan Bankı donorluq çağırışı edib

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

Qurum bildirib ki, hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları "tamamilə azalıb".

Qan Bankı vətəndaşları könüllü qan donoru olmağa çağırıb.

mina təhlükəlidir

Şəklin mənbəyi, Getty Images

Yol idarəsinin əməkdaşı minaya düşüb

Xocalı yol idarəsinin əməkdaşı minaya düşərək xəsarət alıb, Tərtər Rayon Prokurorluğu açıqlayıb.

Prokurorluq bildirib ki, Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Əliyar Ocaqverdiyev yanvarın 13-də işğaldan azad edilmiş ərazilərdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alıb.

Onun Xocalı yol idarəsinin əməkdaşı olduğu, Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi buldozer ilə minaya düşdüyü qeyd olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyi

Şəklin mənbəyi, Rusiya Fövqəladə Hallar Nazirliyi

Rusiya Qarabağda binaları təmir edir

Qarabağda 300-dən çox okyekt bərpa olunub, Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlayıb.

Qurum bildirib ki, Rusiya FHN nümayəndələri Qarabağın "Şəhərsalma Nazirliyi" ilə birgə evlərə və sosial infrastruktura baxış keçiriblər.

Məlumatda deyilir ki, Rusiyadan humanitar yardım kimi gətirilən tikinti materialları ilə 300-dən çox obyekt təmir olunub, 450-dən çoxu isə təmir edilməkdədir.

Qərvənd kəndinin görüntüləri yayılıb

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Azərbaycan Müdafiə Nazirliyi Füzuli rayonunun Qərvənd kəndinin görüntülərini paylaşıb.